Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

Sabunçuda sökhasök başlayır

Qəsəbə sakinlərinə növbə ilə məhkəmə bildirişləri paylanır; ARDNŞ qətnamələrin yekunlaşmasından sonra qanunsuz evləri yıxmağa hazırlaşır

Dövlət Neft Şirkəti Sabunçu qəsəbəsindəki evləri sökməkdə israrlıdır. Bunun üçün şirkət məhkəməyə müraciət edib. Qəsəbənin 4-cü Mədən ərazisində yaşayan sakinlərə iki gün əvvəl məhkəmədən bildiriş göndərilib. Bildirişdə məhkəmə qətnamələri haqda məlumat verilir, evlərin qanunsuz tikili olduğu qeyd edilir və söküləcəyi barədə xəbərdarlıq olunur.
Bu haqda qəsəbədən “Yeni Müsavat”a verilən məlumata görə, sözügedən ərazidə inşa edilmiş yüzlərlə evə məhkəmə bildirişi çatıb. Hələ 2 il qabaqdan bildirişlərin paylanmasına başlanıb və növbə ilə davam edir.

Bildirişdə evlərin neft torpaqları ərazisində inşa edildiyi vurğulanıb. Buna görə də evlərinin uçurulacağı halda dövlət tərəfindən yardım olunması nəzərdə tutulmayıb. Bu massivdə əsasən məcburi köçkünlər məskunlaşıb.

Onlara dövlət tərəfindən qaçqınlar üçün tikilən mənzillərdən veriləcəyi söylənilir. Qalanlarının aqibəti isə bilinmir. Sabunçunun dəmir yolu vağzalının yaxınlığında yerləşən xeyli sayda qanunsuz tikililərin sökülməsi də nəzərdə tutulub. Redaksiyamıza verilən xəbərdə deyilir ki, ARDNŞ qətnamələrin yekunlaşmasından sonra hərəkətə keçəcək.
Qeyri-rəsmi xəbərə görə, əlində “kupçası” olanlara Ramanada ev veriləcək. ARDNŞ isə heç kəsin mülkiyyətini sökmədiyini, sadəcə, onun ərazisində tikinti aparan vətəndaşları məhkəməyə verdiyini bəyan edir. Məhkəmələr isə bir-bir qətnamə çıxarır.

Sakinlərin sözlərinə görə, bildiriş gəlsə də, onların iştirakı olmadan məhkəmə prosesi keçirilir. ARDNŞ-dən bildirilib ki, vətəndaş tikinti üçün icazəni hardan alıbsa, kompensasiyanı da oradan tələb edə bilər. Mülk sahibləri bələdiyyədən icazə sənədi aldıqlarını deyirlər.

Onların dediyinə görə, qəsəbədə inşa edilən hər kiçik tikintidən icra nümayəndəsindən tutmuş bələdiyyə sədri, sahə müvəkkili, “Balaxanıneft”in öz işçilərinədək hamının xəbəri olub. Heç kəs özbaşına burada ev tikib yaşamır.

Xatırladaq ki, ARDNŞ Sabunçu rayonu ərazisində kəşfiyyat işlərinə başlayıb. Hazırda ARDNŞ Sabunçu Dəmir Yolu Vağzalının ətrafında, Zabrat və Ramana ərazisində qazıntı işləri aparır. Torpaq qatlarından nümunələr götürülüb analizə göndərilir.

ARDNŞ-in mütəxəssisləri ehtimal edirlər ki, bu ərazilərdə xeyli neft ehtiyatları var. Kəşfiyyat işləri aparılan ərazilər uzun illərdir yaşayış məntəqələridir, burada minlərlə ev var. Əhali həmin torpaqları bələdiyyələrdən, icra hakimiyyətlərindən alıb. ARDNŞ qısa müddət ərzində həmin ərazilərdən insanları çıxarmağı, evləri sökməyi planlaşdırır.
ARDNŞ Hüquq İdarəsinin rəis müavini Şahin İsmayılbəyli “Yeni Müsavat”a demişdi ki, Binəqədi, Balaxanı, Z.Tağıyev qəsəbəsi, Maştağa-Buzovna və başqa ərazilərdə minlərlə qanunsuz tikili həyata keçirən vətəndaş məhkəməyə verilib.

Hazırda Sulutəpə də daxil olmaqla, 5 mindən çox iddia ərizəsi Binəqədi məhkəməsində var. Səbayel məhkəməsi 2 min evlə bağlı qətnamə çıxarıb. Xətai məhkəməsinin 450 qətnaməsi var. Bundan əlavə, Nizami Rayon Məhkəməsinin 170 qətnaməsi var. Əsas Binəqədi və Sabunçu rayon məhkəmələrində iş gedir./musavat/
1545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber