Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

Məmur quduranda övladı da qudurur...

Harınlığın dərəcəsinə baxın: xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşının və nəvəsinin ölümü ilə nəticələnən avtomobil qəzasının üstündən 16 gün keçməsinə baxmayaraq, həmin vaxt sükan arxasında olmuş Xalid adlı gəncin valideynləri indiyə kimi zərərçəkənlərə başsağlığı verməyiblər.

İki həftə əvvələ kimi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəis müavini vəzifənsində çalışan Mübariz Mədətov elə bilir ki, oğlu istədiyi adamı maşınının təkərləri altında xıncım-xıncım edə bilər. Görünür, oğluna 250 min dollar qiyməti olan bahalı avtomobil almaqda əsas məqsədi də elə bu olub. Xalid hələlik dəmir barmaqlıqlar arxasındadır. Əgər ictimai təpki olmasa, bu ərköyün gənc bir müddət sonra yenidən bahalı maşınının sükanı arxasına keçəcək. Azərbaycanda pullu adamların yetim-yesiri qarışqa kimi əzməsi birinci dəfə deyil...

Qudurğan məmur övladları ilə bağlı problem son vaxtlar daha kəskin xarakter almağa başlayıb. Biz hər gün sosial şəbəkələrdə onların şəkillərini görür, bəzəkli avtomobillərinə tamaşa edir, dünyanın ən prestijli istirahət mərkəzlərində necə dincəlmələri barədə yeni-yeni məlumatlar alırıq. Hətta deyərdim ki, bu cür informasiyalar artıq heç kimi təəccübləndirmir. Məsələn, Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyevin oğlu Qədir Əliyevin qolundakı saatın 26 min avro qiyməti var. Amma heç kim soruşmur ki, Vaqif müəllim cüzi məmur maaşı ilə oğluna adamın gözünü qamaşdıran bu saatı necə alıb? Mən hələ Qədirin mindiyi bahalı avtomobillərdən danışmıram. Axı, onun atası iş adamı deyil. Üstəlik, pulun leysan yağışı kimi adamın başına yağdığı gömrük orqanlarında da çalışmır. Bizim kimi onun da işi kağız-kuğuz arasında gün keçirməkdir. Təzada baxın: Azərbaycan mədəniyyətinin yükünü çiynində daşıyan adamlar acından ölürlər, amma bu sahəyə rəhbərlik edən məmurlar ərəb şeyxlərindən də yaxşı yaşayırlar. Əgər Qədir indiyə kimi bizi özünün bahalı avtomobilinin təkərləri altında əzib xurd-xəşil etməyibsə, buna görə Allahımıza minnətdar olmalıyıq. Bizim heç birimiz qudurğan məmur övladlarının o dünyaya göndərdiyi adamlardan artıq deyilik.

Ötən ilin yayında İsmayıllı rayonunun Lahıc qəsəbəsində olarkən xoş təsadüf nəticəsində icra başçısı Mirdamət Sadıqovla qarşılaşdıq. Mirdamət müəllim məni və qələm dostlarımı öz evinə dəvət etdi. Biz çay süfrəsi arxasında xeyli söhbət etdik. Qonaqlara Mirdamət müəllimin oğlu qulluq edirdi. İlk dəfə gördüyüm bu cavan oğlan ədəb-ərkanı və davranışı ilə qısa müddət ərzində məndə və jurnalist həmkarlarımda özü ilə bağlı xoş təəssürat yarada bildi. Sağollaşmaq istəyəndə Mirdamət müəllim bizi uşaqlıq illərinin keçdiyi ata yurduna dəvət etdi. Mirdamət Sadıqovun böyüdüyü evdə diqqətimizi ən çox cəlb edən divardan asılmış bir cüt çarıq oldu. İcra başçısı dedi ki, uşaq vaxtı geyindiyi bu çarıqları divardan ona görə asıb ki, övladları atalarının əzab-əziyyətlə, məhrumiyyətlə dolu olan keçmişini tez-tez xatırlayıb, heç vaxt cızıqlarından çıxmasınlar.

İndi yetim-yesiri "Ceep”lərinin iri təkərləri altında əzən məmur övladlarının çoxu atalarının vaxtilə necə məşəqqətlərə məruz qalmağından xəbərsizdirlər. Bəlkə də uşaq olanda onların ataları məktəbə geyinməyə adi çarıq da tapmayıblar. Uşaq vaxtı yamaqlı şalvarda gəzən bəzi məmurlar qudurmasaydı, bu gün də övladları onlara baxıb, min hoqqadan çıxmazdılar...

Seymur Verdizadə
1644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24