Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Həkim məsuliyyətsizliyinin qurbanı Foto

8 yaşlı uşaq nadir xəstəliyə tutulub

Həkimlərin məsuliyyətsizliyi üzündən Nemman-Pik xəstəliyinə tutulan 8 yaşlı Şəhriyar Əliyevin valideynləri dünən mətbuat konfransı keçirərək başlarına gətirilən oyunlardan söz açdılar. Vəkil Elçin Namazov bildirdi ki, həkimin səhv müalicəsi nəticəsində azyaşlı uşağın gələcəyi məhv olub: “8 avqust 2011-ci ildə valideynləri Şəhriyar Əliyevi Nəsimi rayonu 3 saylı uşaq poliklinikasına aparıblar. Poliklinikanın həkimi Fəryal Əliyeva Şəhriyarı müayinə edib. Müayinədən sonra həkim deyib ki, uşağın soyuqlaması var. 4 gün içində uşağa 8 ampula antibiotikin vurulmalı olduğunu söyləyib. Bunun isə 12 yaşından kiçik olan uşaqlar üçün istifadəsi qadağandır. Valideynlər də həmin dərmanları alıblar. Dərmanlar uşağa vurulduqdan sonra bu onda şok effekti yaradıb. Valideynlər öncə nələrin baş verdiyini anlamayıblar. Bakının, demək olar, bütün xəstəxanalarına müraciət ediblər. Heç bir yerdə çarə tapılmayıb. Sonradan uşağı Iran Islam Respublikasına aparıblar. Orada bir çox müayinədən sonra xəstəliyin səbəbi aydın olur. Həkimlər deyirlər ki, Fəryal Əliyevanın səhv verdiyi dərman ucbatından Şəhriyarın dalağında zədə əmələ gəlib. Nəticədə sağalması çətin olan bir xəstəlik yaranıb”.

Vəkil onu da qeyd etdi ki, uşağın müalicəsi yalnız Danimarkada mümkündür: “Şəhriyarın müalicəsi Azərbaycanda mümkün deyil, buna görə də valideynləri bu xəbəri öyrəndikdən sonra, bir çox ölkələrdə olan xəstəxanalara müraciət ediblər. Aydın olub ki, Şəhriyarın müalicəsi yalnız Danimarkada mümkündür. Bunun da qiyməti 250 min avrodur. Onsuz da bu müddət ərzində çəkilən xərclərə görə evlərini satan valideynlərin bu pulu vermələri mümkün deyil. Uşağın hər dəqiqəsi onun ömründən aylar, bəlkə də illər aparır”.

Elçin Namazov çıxışında Səhiyyə Nazirliyinin bu işə laqeyd yanaşmasından da danışdı: “Səhiyyə Nazirliyi məsələyə çox laqeyd yanaşır. Şəhriyarın bu hala düşməsinin səbəbkarı onlardır. Həkimin savadsızlığı və ya səhlənkarlığı ucbatından azyaşlı uşaq dünyasını dəyişə bilər. Onlar bu işlə ciddi maraqlanmaq əvəzinə müraciətlərimizə cavab vermirdilər. Mətbuatda yazılar çıxdıqdan sonra bizimlə görüşdülər. Çox çətinliklə də olsa biz Səhiyyə Nazirliyindən rəsmi sənəd ala bildik. Sonradan təsdiqləndi ki, körpənin bu hala düşməsinin səbəbkarı həkimdir. Bundan sonra müalicəni səhv aparan həkimə şiddətli töhmət verilib, xəstəxananın baş həkiminə isə xəbərdarlıq edilib. Bunun bizə nə xeyri var? Maddi cəhətdən yardım etsinlər. Burada söhbət bir insanın taleyindən gedir. Pul yoxdur? Bir asfalt yol çəkib, sonra onu dağıdırlar və yenidən çəkib milyonlar yeyirlər. Ancaq bir körpənin həyatını xilas edə bilmirlər? Səhiyyə Nazirliyini məhkəməyə vermişik”.

Şəhriyarın anası Şəhla Əliyeva deyir ki, Səhiyyə Nazirliyinin nümayəndəsi evə gəlib: “Bütün əziyyətlərimizdən sonra Səhiyyə Nazirliyindən nümayəndə gəlmişdi. Ancaq bunun da heç bir şeyə xeyri olmadı. Çünki onlar açıq-aşkar bizə dedilər ki, bu məsələyə baxılmayacaq, uşağın sənədləri üçün gəldiklərini dedilər. Bunun bir xeyri olub-olmadığını soruşduq, dedilər ki, özünüzü çox da yormayın. Əgər elədirsə nə üçün bura qədər özlərini yorurlar?”.

Şəhla Əliyeva onu da qeyd etdi ki, uşaq 9 yaşına kimi müalicə olunsa, təmiz sağalacaq: “Hemotologiya və Transfiziologiya Institutunun kliniki dioqnostika laborotoriyasında uşağın sümüklərindən götürülən nümunələr və qan biokimyəvi analiz edildi. Məlum oldu ki, uşağın sümüyündə ”Nemman-pik" hüceyrələri aşkar edilib. Ondan sonra bildirdilər ki, bu xəstəlik dünyada nadir hallarda yayılan xəstəlikdir. Bu xəstəliyə milyon adamdan biri tutulur. Həkimlər deyir ki, uşağın dalağı həddindən artıq böyüdüyündən onun müalicəsi yalnız Danimarkada mümkündür. Bizim buna maddi imkanımız çatmır. Artıq 3-cü ildir uşaq bu dəhşətli xəstəlikdən əziyyət çəkir. Prezidentdən xahiş edirəm ki, səsimizi eşitsin. Ümidimi bir tək Allaha, bir də ölkə başçısı Ilham Əliyevə bağlamışam. Bir ananın övlad acısı çəkməsinə imkan verməsin. Bu vəsaitin toplanması, övladımın müalicəsi üçün bizə kömək etsin"./azadlıq/

1492 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23
Pa