Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Un yenidən bahalaşır

Ekspertlər bu il məhsul qıtlığı proqnozlaşdırır

Azərbaycanda unun qiyməti 25 faiz artıb. Ölkənin kiçik ticarət müəssisələrində 1 kq. unun qiyməti martın 30-da 40 qəpikdən 50 qəpiyə qalxıb. Unun bir tonu artıq 500 manatdır. Ekspertlərin fikrincə, bunun səbəbi ciddi nəzarətin olmaması və satıcı özbaşınalığıdır. “Turan”ın məlumatına görə, Krım davası, Rusiyadakı transmilli şirkətlərin (Glencore, Cargill, Louis Dreyfus, Rusiyanın taxıl bazarının 60 faizinə nəzarət edir) mövqeyi bahalaşma üçün bəhanə olub. Rusiya isə ölkəmizə əsas taxıl tədarükçülərindədir. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2HRW sinfindən olan buğdanın ixrac qiyməti 12 min 275 rubla çatıb. Başqa taxıl növləri də bu nisbətdə bahalanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə, yerli istehsalçılar ötən il 3 milyon ehtiyaca qarşı 2 milyon 938 min ton taxıl yığıb. Bunun 1,7 milyon tonu buğdadır. Inhisarçıların nəzarətində olan topdansatış bazalarında unun qiyməti eynidir. Orada 50 kiloqramlıq bir kisə un 19 manat, supermarketlərdə 20 manatdır. Kiçik mağazalarda un kq. ilə satılır və 1 tonun qiyməti 500 manata çatır.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov bu il məhsul qıtlığının gözləndiyini söyləyərək, dünya bazarında son günlər Ukraynanın bir oyunçuya çevrildiyini yada salır. Ekspert qeyd edir ki, Ukraynanın payı əslində, Rusiyanın dünya bazarına çıxardığı taxıldan da çoxdur. Ukrayna dünya bazarına təxminən 10-12 faiz taxıl çıxarıb: “Lakin Ukrayna bu taxılı Qara dəniz vasitəsilə reallaşdırmaq imkanından məhrum olub. Bu da dünya bazarında qiymətlərə təsir edib. Artıq dünya birjasında taxılın qiyməti təxminən 5 faizə qədər qalxıb. Hadisələr Azərbaycandan da kənar keçməyib. Çünki Azərbaycan idxal ölkəsi kimi, Qazaxıstan və Rusiyadan ərzaq buğdası və unu idxal edir. Artıq Azərbaycanda məlumat alıblar ki, taxılın qiyməti qalxacaq. Ona görə də bəri başdan hadisələri qabaqlayıblar”./azadlıq/
1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber