Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Suriyada ölən güləşçinin atası: “Onun ardınca getdim, qayıtmadı”

Suriyada öldürülən Sumqayıt şəhər sakini Ceyhun Bayramovun atası Süleyman Bayramov BBC Azərbaycancaya müsahibəsində deyib ki, oğlu 2012-ci ilin avqust ayında ölkəni tərk edib: “Ceyhun deyirdi ki, müsəlmanlar bir-birlərinə dayaq olmalıdılar və ora cihad məqsədi ilə getmişdi. Avqustun 19-dan evdən “bayram namazına gedirəm” deyə çıxdı və iki gün sonra zəng elədi ki, Türkiyədəyəm işləyirəm. İki ay sonra Suriya nömrəsi ilə bizimlə əlaqə saxladı və bildim ki, ordadır”.

Cənab Bayramov deyir ki, əsgər xidmətini çəkmək üçün Ceyhuna göndəriş gələn zaman onun ölkədə olmadığını bilən hüquq-mühafizə orqanları beynəlxalq axtarışa veriblər: “Ölüm xəbərini martın 22-də aldıq. Gecə bacısı bizlə skaypla əlaqə yaratdı və dedi ki, kürəkənim də, Ceyhun da şəhid olub. Mənim aldığım məlumata görə, kürdlərlə döyüşdə öldürülüblər və meyitlərini döyüş zamanı çıxarda bilməyiblər”.


Atası deyir ki, oğlunun məscidə tez-tez getməsinin (vəhabilərin toplantısına) qarşısını almaq istəyib: “5-6 ay qabaq narahat olmağa başlamışdım. Mən çox çalışdım, amma onu bu yoldan döndərməyi bacarmadım”.

Qeyd edək ki, İdman Akademiyasının 3-cü kurs tələbəsi olan Ceyhun Bayramov 2009-cu ildə Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu olub

Atasının bildirdiyinə görə, son vaxtlar çempionatlarda iştirak edəndə əvvəlki kimi fəallıq eləməyib: “Yəqin ki, oranın rejimi ilə qəbul edə bilmirdi. Uşaqlıqdan möhürlə namaz qılırdı, amma son vaxtlar möhürsüz namaza başladı”.

Ata Bayramov danışır ki, Ceyhunun ardınca iki ay sonra kürəkəni də Suriyaya yola düşüb: “Mən belə başa düşürəm ki, bunlar danışmışdılar. Yəqin Aydına deyib ki, siz ailəlisiz, mən subayam. Məşqə gedəndə müəllimi onun dostlarını idman zalına buraxmırdı, deyirdi birdən digər uşaqlar da təsir altına düşər”.

Ötən ilin may ayında oğlunu görmək üçün Suriyaya gedən ata deyir ki, övladını Azərbaycana qayıtmağa razı sala bilməyib: “Onunla görüşmək üçün Suriyaya getdim. Ceyhun orda şəriət qanunlarının riayət olunmasına nəzarət edirdi, silahını da gördüm. Yəni döyüşlərdə iştirak etdiyi barədə heç nə görmədim. Nə qədər yalvarsam da, mənə dedi ki, axirətimi qazanmaq üçün bura gəlmişəm, ata”...
1273 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15