Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

“8-ci kilometr bazarı” zibillik içində batır

Zibil qalıqlarının düz qarşısında isə ət və balıq satılır...

Bakı bazarlarında hökm sürən natəmizlik çoxlarına məlumdur. Bakının ən böyük bazarlarından biri sayılan “8-ci kilometr bazarı” da zibillik içində batır. Bazara addım atar-atmaz üfunət iyi adamı geri itələyir. 


Bazarın içərilərinə doğru getdikcə yerdə topa-topa zibillərə rast gəlinir. Ayaqqabı tayından tutmuş, kəsilmiş və iylənmiş toyuq başına kimi insanın ayağının altında qalır. Buradakı natəmizlik, satılan məhsulların keyfiyyətsizliyi barədə dəfələrlə yazılar dərc edilsə də, vəziyyət düzəlmək əvəzinə gündən-günə pisləşir. Yayda toz-torpaq, qışda da palçıq əlindən burada alış-veriş etmək olmur. 

Zibil qalıqlarının düz qarşısında isə ət və balıq satılır. Külək bu zibilləri qaldıraraq ətin və balığın üstünə hopdururdu. Hələ bu zibilliklərin düz yanında ayaq altına sərilərək satılan məhsulları demirik...

Satıcılar özləri də bu durumdan narazıdır. Elə zibilliyin düz yanında vedrədə pendir satan Ruqiyyə xala da zibil iyindən otura bilmədiyini dedi: “Buranı zibilləyən də elə özümüzük. Bəzi satıcılar var ki, ət qırıntılarını, tayı itmiş ayaqqabını və başqa zibilləri elə hara gəldi atırlar. Sonra da bu cür vəziyyət yaranır”.

Elə biz orada olduğumuz zaman satıcılardan biri dolmuş zibil qutusunun yanına bir torba dolub daşan zibil atdı. Adının Elşən olduğunu deyən satıcıdan nəyə görə zibili yerə atdığını soruşanda o, “bəs hara atım? evimə aparım?” deyərək sözlərinə bunları da əlavə etdi: “Bizim hər birimizdən hər ay 2 manat zibil pulu alırlar. Sonra da həmin pulu yeyirlər. Əksi olsaydı zibil qutuları vaxtı-vaxtında boşalardı, buralar təmizlənərdi. Elə bilirsiniz bu xəstəlik saçan  yerdə səhərdən axşama qədər dayanmaq bizim xoşumuza gəlir?! Biz də insanıq, təmiz yerdə çalışmaq istəyirik və bunu tələb edirik”. 

Qeyd edək ki, “8-ci kilometr bazarı” Bakıda kənd təsərrüfatı məhsullarının ən ucuz qiymətə satıldığı yerdir. Ucuzluq olsa da, insanların çoxu məhz bu zibillik və kəskin qoxuya görə bazara üz tutmağa ürək eləmir. 

Meyvə satılan ərazidən bazarın ət satılan hissəsinə üz tutduq. Gördüyümüz mənzərə buradan ət almağın səhhətimiz üçün təhlükəli olduğunu deməyə əsas verirdi.
Qarşısına saralmış ət qoyub satan qəssaba yaxınlaşıb ətin qiyməti ilə maraqlandıq. Bir kilosu 8 manata satılan ət burada 5 manata idi. Ətin niyə 5 manata satıldığı onun üzünə baxanda bilinirdi. Jurnalist olduğumuzu bilən satıcı təşvişə düşərək ətini tərifləməyə başladı: “Dünəndən qalma ət olduğu üçün ucuz verirəm. Qoy imkanı olmayanların da heç olmasa dilinə bir dəfə ət dəysin. Əsl dana ətidir”.

Ətin üzərinə baxanda onun nə əti olduğunu təyin etmək çətin idi. Hələ üzərinə qonmuş toz-torpağı demirik. Bazarda yerləşən ət kəsimi məntəqələrinin əksəriyyətində natəmizlik hökm sürür. Aidiyyəti qurumların bu vəziyyətdən bixəbər olmasına isə inanmaq olmur...  








/musavat/
1408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber