Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2014

Gülər Əhmədova işində iki variant var...

Ya 3 illik həbs qərarı qüvvədə qalacaq, ya da ona bəraət veriləcək
Aprelin 1-də Ali Məhkəmədə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə kasasiya şikayətinə baxıldı. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə əvvəldən də gözlənildiyi kimi, G.Əhmədova iştirak etmədi. Məhkəmə G.Əhmədovanın kasasiya şikayətini qismən təmin etdi.

Qərarda göstərildi ki, Apelyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək.

Sözügedən qərarı hüquq çevrələrində G.Əhmədovaya güzəşt kimi qiymətləndirənlər oldu. Buna səbəb Azərbaycanın məhkəmə təcrübəsində bu kimi hallara göstərilən fərqli münasibətdir.

Hüquqşünas Müzəffər Baxış “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində Azərbaycanda Apelyasiya Məhkəməsi Cinayət Prosessual Məcəllənin tələblərinə görə tam səlahiyyətli məhkəmədir və işə mahiyyəti üzrə baxmalı, onu araşdırmalıdır: “Amma çox əfsus ki, əksər apelyasiya şikayətlərində Apelyasiya Məhkəməsi ilkin baxış qərarı elan edir ki, işə istintaq aparılmadan baxılsın. Yəni yalnız maddi və prosessual nüansların tətbiqi məsələsi araşdırılır. Bu, Azərbaycanda bir tendensiyadır. Dəfələrlə biz də bundan kasasiya şikayəti vermişik. Əksər hallarda bu şikayətlər təmin olunmayıb. Azərbaycan reallığında hər şey ola bilər. Ola bilər, kimsə tapşırıb və kasasiya instansiya məhkəməsi belə qərar qəbul edib. Çünki mən inanmıram ki, bizim Azərbaycan hakimləri əsaslandırmanı rəhbər tutsunlar və belə bir qərar qəbul etsinlər”.

M.Baxışın sözlərinə görə, apelyasiya instansiyası tam səlahiyyətli məhkəmə kimi ilkin instansiya məhkəməsinin səhvlərini üzə çıxarmaq üçün tam, hərtərəfli, obyektiv araşdırma məqsədilə işə istintaq aparmaqla baxmalıdır. Müsahibimiz dedi ki, prosessual məcəllə ona belə bir səlahiyyət veribsə, bu səlahiyyətdən istifadə etməlidir: “Çox təsadüfi hallarda belə qərar qəbul olunur. Mənim müdafiə etdiyim Orxan Kərimov və digər təqsirləndirilən şəxslərin işi ilə bağlı bizim də bənzər şikayətimiz olmuşdu. Apelyasiya Məhkəməsinin istintaqla keçirilməsini tələb etsək də, bizim şikayətimiz təmin edilməmişdi. Kifayət qədər əsaslandırılmış şikayətlər vermişdim. Ona görə də Gülər Əhmədovanın işində fərqli mövqe nümayiş etdirilməsini tapşırığın nəticəsi kimi qiymətləndirmək olar”.
Adının çəkilməsini istəməyən bir başqa ekspert isə bundan sonra G.Əhmədovanı gözləyən perspektiv barədə danışdı. Ekspertin sözlərinə görə, əslində sabiq deputatın müdafiə taktikasında çox ciddi fərqlər var. Belə ki, onun israrla məhkəmənin istintaqla - əlavə şahidlərin dindirilməsi, sübutların araşdırılması ilə keçirilməsini tələb etməsi sırf vaxt qazanmaq məqsədi daşıyır. Mənbənin dediyinə görə, G.Əhmədova Bakı İstintaq Təcridxanasından köçürüləcəyi vaxtı uzatmaq istəyir. Çünki Apelyasiya Məhkəməsinin qərarı qüvvəyə minəndən sonra sabiq deputatı zona köçürəcəklər. Hətta o, bunun qarşısını almaq üçün qısa müddət bundan öncə qadın koloniyasından “bura gəlsən, səni öldürəcəyik” tipli təhdid mesajları aldığını demişdi. Bu isə onun cəzasını “zon”la müqayisədə daha yaxşı şəraiti, üstünlüyü olan Bakı İstintaq Təcridxanasında keçirmək istədiyini göstərirdi.

Hazırkı vəziyyətdə isə qərar G.Əhmədovanın xeyrinə verildi. Yəni proses istintaq aparılaraq keçiriləcəksə, ənənəvi müddətdən daha uzun müddəti əhatə edəcək. İstintaqsız, əlavə şahidlərsiz keçiriləcək apelyasiya məhkəməsi adətən 4, maksimum 5 prosesdən sonra yekunlaşmalıydı. Bu isə ən çoxu 1 ayı əhatə edəcəkdi. İndiki halda isə prosesin 2 aydan tez bitməyəcəyi görünəndir.

Qərarla bağlı təxminlərə gəlincə, ekspertimiz burda iki variant ola biləcəyini dedi: ya bəraət, ya da qərarın (3 illik həbs) qüvvədə saxlanması. Cəza müddətinin azaldılacağı ehtimallar sırasında deyil. Çünki G.Əhmədovaya elan olunan ittiham üzrə minimal cəza 7 illik həbsdən başlanır. Amma ekspert G.Əhmədovaya bəraət hökmü veriləcəyini istisna etmir. Belə ki, bu halda ortada zərərçəkənin olmaması, amma de fakto zərərçəkən ABU-nun sabiq rektoru Elşad Abdullayevin ölkəyə gətirilməməsi əsas ola bilər.
Bu arada G.Əhmədovanın cəzasının 1/3 hissəsini çəkəndən sonra azadlığa buraxılacağı ilə bağlı versiyalar da var. Amma ekspertlər bildirir ki, sabiq deputatın ittiham olunduğu maddələr üzrə 1/3-lə azadlığa çıxma şansı var. Bu isə cəzanın böyük hissəsi anlamına gəlir. Amma G.Əhmədovanın məntəqəyə daha tez çıxmaq şansı olduğu da bildirilir./musavat/
1550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber