Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

Şimal zonasının viranə qoyulmuş şəhəri - Xudat

Şəriət məhkəməsi quran sələfilər, bələdiyyə sədrinin öz villasından “görmədiyi” zibilliklər və qapısı deputatlıq arzusunda olan biznesmen tərəfindən kilidlənən bağçanın olduğu problemlər məkanından reportaj...

Xudat şimal bölgəsinin ən həssas və problemlər bataqlığında çırpınan nöqtəsidir. İşsizlik və yoxsulluq burada yaşayanları sələfi təriqətinə qoşulmağa təhrik edir. Yol boyunca qarşımıza tez-tez çıxan sələfilər belə düşünməyə əsas verir. 


Bu yerdən Suriyaya döyüşməyə gedənlər də az deyil. Hətta vəhhabilərin rayonda şəriət məhkəməsi qurması ehtimalları bu qənaəti daha da gücləndirir. “Xudatda heç vaxt şiə-sünni kimi məzhəb ədavəti olmayıb. Amma belə getsə yaxşı olmayacaq. Vəhhabilik biz tərəflərə yaman ayaq açıb. Suriyaya döyüşməyə gedənlər çoxalıb. 

Hamısı da cavan-cavan oğlanlardır. Xudatdakı “Yuxarı məscid” sələfilərin ən çox toplaşdığı ibadət evidir. Xaçmazda məscidin bağlanmasından sonra sələfilər Xudata axın etməyə başladılar," - deyə xudatlı ağsaqqal danışır. 

Adının çəkilməməsi şərti ilə şəriət məhkəməsi haqda məlumat verir. Dediyinə görə, sələfilər arasında bu cür tədbirlər təşkil edilə bilər: “Ancaq bunu açıq elan etməzlər. Həm qıcıq oyadar, həm də heç kəs qəbul etməz. Sadəcə, öz aralarında müzakirə aparırlar. Onların Suriyaya getməsinə nəzarət olunmur. Rusiyaya işləmək adı ilə sərhədi keçirlər. Bir neçəsinin də meyiti qayıdıb. Bugünlərdə də iki bacı Xaçmazdan Suriyaya gediblər. Efirdə də göstərmişdilər”.

Əslində xudatlılar bu bölgəni Xaçmazdan ayırmırlar. Çünki Xudat rayonun tərkibində şəhər statusu almış yerdir. Ona görə də Xudat deyəndə Xaçmaz, Xaçmaz deyəndə Xudat bütövlükdə nəzərdə tutulur. Həmsöhbətimiz söyləyir ki, sələfilərin burda icması var və onlar toplaşıb müzakirə aparırlar: “Qusardan da bura məscidə gələnlər var. Sonra Dağıstandan və Çeçenistandan adamlar gəlir. Burdakı işsiz-gücsüz adamları işləməyə aparırlar, ticarətlə məşğul olurlar. İki-üç ay sonra həmin adam qayıdanda görürsən saqqalı uzanıb, balağı qısalıb”.

Deyilənlərdən belə nəticə hasil olur ki, yaranmış vəziyyətə cümlə-bais Xudat rəhbərliyidir. Şəhər meri  əhalinin bəlalarını eşitmək istəmir, yaralarını sarımır. Elə iş də ondandır ki, Xudat başdan-başa sosial çətinliklər içərisində can verir, işsizlik belə nəticələrə gətirir. 
Bu yerin camaatı Rusiya bazarları olmasa, fəlakət və səfalət içində məhv olub gedər. Kimi dindirirsən işsizlikdən dad edir, kimin dolanışıq yerini soraqlayırsan sərhəddən o tərəfi göstərir. Yaşamağın nicatını Rusiya bazarlarında tapan xudatlılar deyir ki, onlara rayonda iş yeri yoxdur. 

Təkcə işsizlik və sələfilərin çoxalması Xudat camaatını narahat etmir. Kommunal şəraitsizlik, yolların darmadağın olması, keçən il salınmış asfaltın çökməsi, zir-zibil içində olan küçələrin səliqəsizliyi, ara yolların çala-çuxur vəziyyətdə qalması sakinlərin söz açdıqları dərdlərin yalnız bir hissəsidir. Onların dediyinə görə, bələdiyyə sədri Elman Allahyarovun villasının ətrafında zibil dağları, sahibsiz itlər göz deşir. Gəl ki, bu vəziyyət bələdiyyə sədrinin qətiyyən vecinə deyil. Söhbət onun da yaşadığı yer olan Xudatın Konserv Zavod Qəsəbəsindən gedir. 

Məlumatlara görə, Xudat Şəhər Bələdiyyəsi tərəfindən ayrı-ayrı şəxslərə ev tikintisinə qanunsuz icazə verilməsi, torpaq verilməsi adi hal alıb. Ancaq sahibsiz itlərin məskəninə çevrilən bu massiv zibillikdən təmizlənmir. Bu zibil dağlarının ətrafında yaşayış evləri və məktəb var. Hər gün dərsdən çıxan şagirdlərə bu məktəbin qarşısındakı zibillikdə eşələnən sahibsiz küçə itləri hücum edə bilərlər. 

Camaat deyir ki, heç olmasa öz villasının yaxınlığıdır deyə, bələdiyyə sədri bir əncam çəksin: “Elman Allahyarovun rayonda geniş biznes şəbəkəsi mövcuddur. Onun həm Xaçmazın müxtəlif yerlərində, eləcə də Xudatda kafe, restoranları, istirahət mərkəzləri var. Bələdiyyə sədri uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Bu müddətdə böyük maliyyə imkanlarına sahiblənib”. 

Oynamağa yer, məktəbə hazırlaşmağa masa tapmayanlar isə Konserv Zavodu yaşayış massivinin balacalarıdır. 

Sakinlər 3 ildir ki, yaxınlıqdakı uşaq bağçasının qapısından asılmış qıfılın açılmasını, uşaqlarının bağçaya qəbulunu istəyirlər. Qəsəbə sakini Gülcənnət Şükürovanın sözlərinə görə, yaxınlıqdakı uşaq bağçasını zəbt ediblər: “Bağça zavodun nəzdində idi. Əvvəllər uşaqlarımız ora gedərdi, sonra nəvələrimiz gedirdi. Bağçanı bağlayıb, özəlləşdiriblər, ərazisini açmırlar. Uzaqda bir bağça var, ora da getmək olmur. Uşaqlar üçün nə park, nə əyləncə yeri var. Nəvələrimizi həbsdə saxlayırıq. Bakıya da yazmışıq, xeyri yoxdur. Gəlib bağçanı açmırlar”.

Şikayətçilərə isə bildirilib ki, bağça təmir adıyla bağlanıb. Sonradan onlara məlum olub ki, bağça qapısının üstündəki qıfılın açarı iş adamı Əbülfət Məmmədovun cibindədir. Ərazidə 100-dən çox ailə yaşayır. Hər ailədə də məktəbəqədər hazırlığa ehtiyacı olan azı 1-2 uşaq var. Bir sözlə, bu tərəflərdə gözünü bağçanın qapısındakı qıfıla dikənlər çoxdur. Çünki uşaqları başqa bağçaya aparmaq xeyli əziyyət tələb edir. Sakinlərin deməsinə görə, 3 il əvvəl bağçanı deputatlığa keçmiş namizəd Əbülfət Məmmədov özəlləşdirib. O gün-bu gün, bağçanın qapısı kilidlənib. Məmmədov xaçmazlı iş adamıdır. 2005-ci il parlament seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizədliyini irəli sürsə də mandat qazana bilməyib...

Beləcə, ağır hisslərlə daha bir problemli yaşayış məntəqəmizi tərk edirik...








/musavat/
1294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı