Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Əlillik bahalı həyat tərzidir

Bu hadisəni bir dəfə yazmışam. Mövzumuza keçmək üçün təkrar etməkdə zərər görmürəm. Ilk dəfə xaricə səfərim Fransaya olub. Gözəl Strasburq şəhərinə düşəndə az qala, hər yerdə əlil arabası ilə gəzən insanlarla rastlaşıb çox çaşmışdım. Bu şəhər müharibədən çıxıb-nədir, bu qədər hərəkət məhdudiyyəti olan adam, başqa nədən yarana bilər?

Az sonra hər şey bəlli oldu. Strasburqdakı bu təəccübün kökü Bakıya, Azərbaycana bağlanır. Sən demə, orada fiziki məhdudiyyəti olanların sayı bizdəkindən çox deyilmiş, bəlkə də lap azdır. Fərq ondadır ki, bizdən fərqli olaraq, Fransada məhdudiyyəti olan insanlar rahat hərəkət edə bilir, küçədə-bayırda dolaşıb həyatlarını aktiv keçirirlər.

Bizdə vəziyyət necədir, aydındı, heç əli-qolu salamat adam Azərbaycanda özünə rahat həyat tapa bilmir, onda qala əngəlli...

Bu rəqəm sizə nəsə deyirmi: 65 manat?

Bu, dövlətin birinci qrup əlil üçün ayırdığı təqaüddür. Bugünlərdə Ilham Əliyev sərəncamla, ancaq I qrupdan olan əlillərə aylıq 60 manat olmaqla, prezident təqaüdü ayırıb. Bu da edir 125 manat!

125 manatla heç bir hərəkət imkanı olmayan, bir yığın xəstəliyin yükünü daşıyan bir adam nə edə bilər? Tək bir detal: bizdə ictimai nəqliyyatın kəraməti elədir ki, ona əlil arabası ilə minib, bir məntəqədən başqasına getmək Aya uçmaqdan çətindi.

Məsələn Əhmədlidə yaşayan, bir əlil arabasına möhtac vətəndaş şəhərin mərkəzinə gəzməyə, dostları ilə söhbətləşməyə, yaxud hansısa probleminin ardınca necə gəlməlidir? Bildiyim qədər, başqa nəqliyyat vasitəsinə o arabaların yerləşməsi mümkünsüz olduğundan, bu işə yarayan yeganə nəqliyyat vasitəsi “London taksisi”dir. Onunla da gəl-get 20 manatdan ucuz tutmur. Yəni, sənin, mənim 40 qəpiyə getdiyimiz yolu hərəkət problemi olan yoldaşlarımız 40-50 dəfə baha gedib-gəlir.

Əlillik bahalı işdir, qardaşlar!

Bu səbəbdən bizim hərəkət məhdudiyyəti olan insanlarımız sosial həyatdan izolyasiya olmağa məhkumdular. Buna “ev dustaqlığı” adı da verə bilərsiniz. Vəziyyətimiz o qədər bərbad həddə çatıb ki, bəlkə də ora-bura qaçmaqdan giriftar olan azərbaycanlı bütün günü evdə oturmaqla absurd cəlbedici fikrə də düşə bilər.

Sürəkli oturmaq və uzanmaq “yataq yarası” kimi bir dəhşəti də vəd edir. Nəzərə alanda ki, bu axmaq xəstəlik uzunömürlüdür və Azərbaycanda onu sağaldan peşəkarlar barmaqla sayılacaq qədər azdır, bax, onda Kərəmi ağlamaq tutur...

Mən Azərbaycanın Avropa olmadığını tam dərk edirəm. Avropaya çatmağa xeyli obyektiv əsasların olduğunu da başa düşürəm. Fəqət, çox elementar problemlər var ki, onu bir gündə həll edib vətəndaşların həyatında rahatlıq yaratmaq olar. Bu, əlillərimizlə bağlı sahəyə də aiddir. Xüsusi diqqətə möhtac olan bu insanlar dövlətin xüsusi saymazyanalığı ilə üzbəüzdür.

Bu barədə heç düşünmüsünüzmü? Çox dərin təhlilə gərək də yoxdur, yuxarıda işarə etdim. Təsəvvür edin, bu ölkədə bütün əzaları salamat olan insanın yaşaması necə müşküldürsə, onun 50-60 qatını fiziki məhdudiyyəti olan vətəndaşlarımız çəkir.

Deyirlər ki, bir dəfə fəhlələr aksiya keçirərək, neft milyonçusu Musa Nağıyevdən tələb ediblər ki, köməkçiləri onlara sabun paylasın, əmək haqlarını artırsın və insani münasibət göstərsin. Bütün bunların əvəzində kişi köməkçilərinə belə bir göstəriş verib: “Onlara insani münasibət göstərin”.

Sözüm ondadır ki, bizim məmurlar Nağıyevdən fərqli olaraq, fiziki məhdudiyyəti olan “insani münasibəti” də çox görürlər. Havadan demirəm. Bu yaxınlarda əlil arabası paylayan dövlət qurumunun rəhbərinə şikayət ediblər ki, ay müəllim, axı bu arabalar çox narahatdır. Bir dəfə heç olmasa, özünüz oturub baxın, görün necə hiss edirsiniz özünüzü. Məmur adam (adam sözü nə dərəcədə uyğundur tərəddüddəyəm) bozarıb və qarşısındakılara çımxırıb: “Nə?! Siz mənə qarğış edirsiz? Niyə orada oturmalıyam?!”

Bu cür kəmağıl məmurlara bizim ölkədə həssas, qayğıya möhtac olan insanlar tapşırılıb. Quzunu qurda əmanət etmək, vallah, bundan insaflı işdir. Bari biz, fiziki məhdudiyyəti olanlara insanlıq borcumuzu unutmayaq.

Natiq Güləhmədoğlu/azadlıq
1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07