Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

Tibbi sığorta qanununu 15 ildir işləməyə kimlər qoymur?

Xəstəxanalara hər il 100 milyon manatdan çox dərman verilir, amma əhali onlardan pulsuz istifadə edə bilmir

Parlamentdə “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər müzakirə olunarkən deputat Qənirə Paşayeva deyib ki, bu qanun 15 ildən çoxdur qəbul olunsa da, işləmir. Deputatın sözlərinə görə, bu sistemin işləməməsi insanlara ciddi problemlər yaradır. On beş ildir qəbul olunsa da, kağız üzərində qalan bu qanunun tətbiqinə bəzi qüvvələrin mane olduğu bildirilir. Bu qanun işlək olarsa, özəl klinikalara zərbə dəyəcəyi səbəblərdən biri kimi göstərilir. Bundan başqa, Səhiyyə Nazirliyinin də icbari tibbi sığortanın işləkliyində maraqlı olmadığı qeyd olunur.

Iqtisadçı-ekspert Azər Mehtiyev deyir ki, “Tibbi sığorta haqqında” qanunun işləməsi üçün bütövlükdə səhiyyə sektorunda ciddi dəyişikliklər edilməlidir. Bunun üçün isə hazırda ölkədə real institutlar mövcud deyil. Çünki icbari tibbi sığortanın tətbiqi ölkənin səhiyyə sistemində ciddi tədbirlərin həyata keçirilməsini zəruri edir. Ekspert izah edir ki, icbari tibbi sığorta şəraitində insanlar gəlirlərini icbari sığorta fondu və ya digər şirkətlərə ödəyərək, müxtəlif xidmətlər paketini pulsuz əldə edəcəklər:

“Burada təkcə vəsaitlərin toplanması və istifadə edilməsindən deyil, bütövlükdə səhiyyə sisteminin təşkilindən söhbət gedir. Çünki bu halda, həkimlərlə pasientlər arasında birbaşa vəsaitlə bağlı razılaşma məsələsi aradan qalxır. Həkimlər xəstəni müayinə və müalicə edir, vəsaitin ödənişini isə sığorta şirkəti həyata keçirir. Vəsaiti ödəməmişdən öncə müayinə və müalicənin nə qədər olduğunu, onun nə qədər real aparıldığını yoxlayırlar. Bu da tibbi xidmətlərin keyfiyyəti üzərində nəzarəti həyata keçirir”.

Deyilənlərdən belə nəticə çıxarmaq olar; icbari tibbi sığorta elə bir sistemdir ki, burada həkimlərin tibbi xidmət göstərməsi, tibb müəssisələrinin fəaliyyəti arasında sıx bağlılıq olur. Bunun üçün də həkimlərin ixtisas və xidmət səviyyəsinin yüksək olması tələb olunur. Bu həmçinin tibb müəssisələrinin tamamilə yeni idarəetmə sisteminə, dövlət siyasətinin yeni əsaslara keçməsi və ölkədə inhisarçılığın aradan qalxmasını zəruri edən məsələdir. Icbari tibbi sığorta şəraitində həkimlər pasientlərə istənilən dərmanı yazmaq imkanından məhrum olacaq. Çünki onlar üçün müəyyən nəzarət prosedurları və xəstəliklərin müalicə protokolları olur.

Ekspert vurğulayır ki, bu sistem ölkədə tibbi, səhiyyə sisteminin yenidən qurulmasını tələb edir. Lakin bu heç də asan məsələ deyil və indiki səhiyyə sisteminə böyük vəsaitlər tələb olunur. Səhiyyəyə ayrılan vəsaitlərin istifadə olunması hazırda insanların nəzarətindən kənardadır. Xəstəxanalara 100 milyon manatdan çox dərman verilsə də, əhalinin onlardan pulsuz istifadə imkanları yox dərəcəsindədir: “Bu sistemdə böyük korrupsiya imkanları var. Ona görə də islahatların getməməsi və qanunun işləməməsi indiki halda sistemi saxlayanların marağındadır. Səhiyyə sistemində islahata gedilməməsi müəyyən maraqlarla bağlıdır”./azadlıq/
1215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı