Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

Hakimiyyət Qarabağı neftə dəyişib

Belə olmasaydı, NATO ilə neft yox, işğal olunmuş ərazilər məsələsində əməkdaşlıq seçilərdi

NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ceyms Appaturayın post-sovet ölkələrinin, xüsusilə Ermənistan, Azərbaycan və Moldovanın bu təşkilatla əməkdaşlıq meyllərinə dair açıqlama verib. O bildirib ki, Ermənistan Gömrük Ittifaqına qoşulmasına baxmayaraq, NATO ilə əməkdaşlıqdan imtina etməyib. Moldova isə bu birlikdən konkret dəstək istədiyi üçün onunla münasibətlər xüsusi mərhələdədir. Azərbaycanla bağlı açıqlamada isə bildirib ki, rəsmi Bakı NATO-ya üzv olmaq üçün müraciət etməsə də, enerji resurslarının təhlükəsizliyi məsələsində əməkdaşlıqda maraqlıdır. Bu açıqlama diqqəti iki istiqamətə çəkir.

Niyə Qarabağ məsələsində yox?

Göründüyü kimi, Ilham Əliyev Qarabağı ölkənin bir nömrəli məsələsi saymır. Bu, onun nəyi qorumaq istədiyindən irəli gəlir. Əgər Azərbaycan hakimiyyəti üçün Qarabağ problemi prioritet olsaydı, NATO ilə bu məsələdə əməkdaşlıq edilərdi. Aydın görünür ki, iqtidar neft biznesini ölkənin (özlərinin) bir nömrəli prioriteti sayır və onu qorumaqda maraqlıdır.

NATO-ya üzv olmaq məsələsində niyyətli olmamaq o deməkdir ki, Qərbə inteqrasiya heç vaxt arzu edilmir. Üstəlik, təhlükəsizlik məsələsində Qarabağı deyil, nefti önə çəkmək də işğal olunmuş torpaqların geri qaytarılmasını, hətta cari işlər siyahısından çıxarmaq deməkdir.

“Rusiya təhlükəsi” blefi ifşa olunur

Bu aydınlaşmada başqa bir yarımqaranlıq prosesə də işıq salındı. Məlum oldu ki, hakimiyyət uzun müddətdir yalandan belə ictimai rəy yaradır ki, NATO ilə yaxınlaşsaq, bu, Kremlin acığına səbəb ola bilər. Yəni, özünə sərf edən məqamlarda iqtidar NATO ilə yaxınlaşa və əməkdaşlıq edə bilir.

NATO-ya üzv olmaq ona görə “qorxulu yuxu” kimi təqdim olunur ki, bu proses hakimiyyətin dəyişməsini şərtləndirən islahatlarla müşayiət olunacaq. Söhbət, siyasi və iqtisadi şəffaflıqdan, həmçinin birmənalı geosiyasi seçim etməkdən gedir. Buna görə də rəsmi Bakı Qərblə münasibətlərdə “Rusiya təhlükəsi”ndən sui-istifadə edir.
1269 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber