Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

Nurçulara bağlı olan şirkətin fəaliyyəti dayandırıldı

«Azərsu»nun iri layihələrini həyata keçirən «Hidro-Lotos» Ərdoğanın səfərindən bir gün əvvəl qapadılıb

“Azərsu”nun iri layihələrini həyata keçirən “Hidro-Lotos” şirkətinin fəaliyyəti dayandırılıb. Bu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakı səfərindən bir gün öncəyə təsadüf edib. Adıçəkilən şirkətin fəaliyyətinə məhz Ərdoğanın səfərindən bir gün əvvəl son qoyulması səbəbsiz deyil.

“Yeni Müsavat” yazır ki, “Hidro-Lotos” “nurçu camaat”a bağlıdır. 2012-ci ildə qurulan şirkətin himayədarının “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov olduğu bildirilir. Şirkətin qeyri-rəsmi icra müdiri isə Qorxmaz Hüseynovun doğma qardaşı Məhəmməd Hüseynovdur. Ancaq şirkətin Azərbaycan hökuməti içərisində əsas himayəçisi kimi SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adı çəkilir.

Qorxmaz Hüseynov Rövnəq Abdullayevin yaxın silahdaşlarındandır. O, “Azərsu”ya rəhbərlikdən öncə ARDNŞ-ın Sosial-Inkişaf Idarəsinə rəhbərlik edib. Yarandığı gündən indiyə qədər “Azərsu” ASC-nin həm Azərbaycan hökuməti, həm də Beynəlxalq Valyuta Fondu ilə birgə həyata keçirdiyi əksər layihələrin podratçısı “Hidro Lotos”dur. Şirkətin işi ilə bağlı daha bir maraqlı detal var.

Şirkətdə bir ay öncədən böyük maddi sıxıntılar başlayıb. Əli pulla oynayan şirkət rəhbərliyi işçilərə heç bir xəbərdarlıq etmədən onların maaşlarını dayandırıb. “Hidro Lotos”un rəhbərliyindəki şəxslər, eləcə də layihələr üzrə iş icraçıları, onların müavinləri, mühasibatlığı idarə edən şəxslər Azərbaycan reallıqları üçün fantastik məbləğdə - 20-30 min manat arası əməkhaqqı alırmışlar. Bu şəxslərin çoxu Türkiyə vətəndaşlarıdır.

Varlı şirkətin bu cür sıxıntıya düşməsi işçilər arasında da təşviş yaradıb. Rəhbərlikdəki şəxslər bu durumu müvəqqəti çətinlik kimi təqdim etməyə çalışsa da getdikcə durumun ağırlaşması qərarın siyasət gündəmi ilə bağlı olması gerçəyini ortaya çıxarıb. Artıq şirkətdə çalışan hər kəs nurçu cameəyə bağlı olduqları üçün öncə maliyyə qaynaqlarının kəsilməsi, daha sonra isə fəaliyyətlərinin birdəfəlik dayandırılması qərarı verildiyinin fərqindədir.
1107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber