Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

Azərbaycanda “ölüb”, İranda dirilənlər

Soydaşlarımızın öz dərdlərinə qonşu ölkədə çarə aramalarının tükürpədici səbəbləri

Belə insanları çox axtarmaq lazım gəlmədi. Birindən soruşursan, 10 adamın adını çəkir. Çoxdandır azərbaycanlıların İrandakı klinikalara axın etdiyini eşidirdim. Amma problemin bu qədər kütləvi hal aldığının yalnız araşdırmaya başladıqdan sonra şahidi oldum. Bu, artıq sanki, bir biznes şəbəkəyə çevrilib. Bir ailədən bu ölkəyə şəfa axtarmağa gedənlərin ardınca ailənin digər üzvləri, əqrabalar, qonşular da qoşulur. Dairə get-gedə böyüyür.
Allahverdiyevlər ailəsi də iranlı həkimlərin daimi pasiyentlərindəndir. Onları İrana aparan nəvə Pünhan olub. Körpə dünyaya gələrkən 4100 qram olub. Nənə Səfa Allahverdiyeva deyir, uşaq top kimi imiş. Sonradan körpədə inkişaf dayanıb, sürətlə arıqlamağa başlayıb. Gün-gündən çəkisini itirən uşağı xəstəxana, həkim qalmayıb ki, göstərməsinlər. Lakin, dərdinə əlac tapılmayıb. 2 yaşında hələ də təzə doğulan körpə kimi bələkdə imiş. Yemir, danışmır, bütün günü ağlayırmış. Bəzi həkimlər oğlanın öləcəyini, başqaları isə yaşaya biləcəyini deyirmişlər.

Öləcəyini dedikləri körpə İranda 2 ucuz dərmanla həyata qayıtdı

Ailə ümidini kəsməyib, xəstəxanalara, dərmanlara pul xərcləməyə davam edib. Ta o vaxta qədər ki, kimsə onlara İrana getmək ideyası verib. Əlləri hər yerdən üzülən ailə körpəni tanışlarının məsləhəti ilə Ərdəbil şəhərinə götürüb. S.Allahverdiyeva: “Ərdəbildə uşağa hormon çatışmazlığı diaqnozunu qoydular. İranlılar bunu sadə şəkildə qanda turşuluğun normadan çox olması kimi ifadə edirlər. Ərdəbilli həkimlərin diaqnozuna çox da güvənmədik, Təbrizə üz tutduq. 12 saat yol getdik. Orada da diaqnoz eyni oldu. Daha sonra analizləri Tehrana da yolladılar. Hər iki klinikanın diaqnozu paytaxtda da təsdiqləndi. Yəni, İranda 3 klinika uşağa eyni diaqnoz qoymuşdu. Bakıda isə dərdini tapa bilmirdilər, sadəcə biri deyirdi yaşayacaq, o biri deyirdi öləcək. İranlı həkimlər Bakıda qoyulan diaqnozların hamısının səhv olduğunu dedilər. Məlum oldu ki, o vaxta qədər aparılan müalicələr yanlış imiş. Tökdüyümüz pulların hamısını küçəyə səpələmişik. Malımız da gedib, körpə uşağımızın canı da. Uzun müddət xəstəxanalarda süründük. Uşağı sistemə qoşurdular. Iranda həkimlər təəccüblənmişdilər, soruşdular ki, körpə uşağa da bu qədər iynə vurar, sistem qoşarlar? Qısası, iranlı həkimlər körpəni 2 tabletka dərmanla sağaltdılar. Özü də bizim pula çevirəndə onların dəyəri 30 qəpik edir. Burada isə bizə 80-100 manata sistemlər aldırırdılar. Balaca flakonların qiyməti 70-80 manat idi. Hər həkimə gedəndə 400-500 manat pul xərcləyirdik”.
Beləcə ailənin İranla bağlılığı yaranıb. Artıq balaca Pünhanın 4 yaşı var. Yaşıdlarından fiziki cəhətdən fərqlənmir. Ağlı da ki öz yerində. Buna görə ailə iranlı həkimlərə minnətdardır.

Bizimkilərin etmədiyi əməliyyatı ərdəbilli həkimlər uğurla bitirib

Oğlu Rəmzinin də gözündə astiqmatizm var imiş. Deyir görmə qabiliyyəti uşaqlıqdan zəifmiş. Son vaxtlar isə daha da pis görürmüş. O da Azərbaycanda müayinə və müalicə olduğu xəstəxana, həkimlərin sayını itirib. Göz İnstitutundan tutmuş, ta məşhur cərrah Paşa Qəlbinurun klinikasına qədər gedib çıxıb, illərlə müalicə götürüb. Deyiblər ki, astiqmatizm irsi xəstəlikdir və ona heç bir əməliyyat olmaz. Guya dava-dərmanla görməni yaxşılaşdırmaq mümkün olar, amma tam sağaltmaq yox. Dediyinə görə, müalicələr görmə qabiliyyətini “ölü nöqtə”dən qətiyyən tərpətməyib. Bu qədər dava-dərmanın, iynələrin, bahalı aparatlar və həkimlərin müqabilində görməsində yaxşılığa doğru cüzi bir dəyişiklik belə yox imiş.
Uşaqlıqdan onunla xəstəliyi də böyüyüb, ailə qurub, uşaq sahibi olub. Son vaxtlar görmə qabiliyyəti daha da zəiflədiyindən artıq eynəksiz həyat ona mümkünsüz olub. Bakıda Göz İnstitutunda əməliyyatın mümkün olduğunu deyiblər. Lakin, hər iki gözünün 1500 manata “başa gələcəyi”ni bildiriblər. Bu, məcburi köçkün ailəsinin kasıb büdcəsinə uyğun bir məbləğ olmayıb. Amma özləri artıq İrana gedib-gəldiklərinə görə, qonşu ölkədə olan imkanları araşdırıblar. İrandakı həkimlərin biliyinə güvənərək və qonşularımızda qiymətlərin əlçatanlığını nəzərə alıb, gözlərini iranlı həkimlərə etibar etmək qərarına gəlib. Ərdəbilə gedib, dərdini öyrənib. Növbəti gedişində cərrahi əməliyyat olunub. Deyir, lazer əməliyyatı aparıblar və gözündəki pərdə qatını götürüblər. Hər gözünün əməliyyatı yalnız yarım dəqiqə çəkib. Sonradan bir dəfə də müayinə üçün gedib. İndi evdə hər kəsdən yaxşı görür.

5-10 manatlıq hotel, 200 manatlıq əməliyyat, 20-30 qəpiklik dərman

Allahverdiyevlər ailəsini bu ölkəyə çəkib aparan səbəblər odur ki, İranda həm qiymətlər nisbətən əlçatandır, həm də sağlamlıqlarını etibar etdikləri Avropada təhsil almış savadlı həkimlərdir. Rəmzinin hər gözünü 200 manata əməliyyat ediblər. Yol xərci də çox çıxmayıb. “20 Yanvar” metrostansiyasından bir neçə nəfərlə taksiylə Biləsuvara qədər adambaşına 10 manata gedirlər. İranla sərhəddə onları tanış taksi sürücüsü qarşılayır və lazımi ünvana yetişdirir. Hətta, hansı həkimə müraciət edəcəyinizi bilməsəniz də, taksi sürücüsü Pərviz sizə tanış etibarlı həkimləri özü məsləhət bilir və onların yanına aparır. İranda qaldığınız müddətdə də sizin qulluğunuzda durur. Sonra da sizi Biləsuvar sərhəddinə qədər gətirir. Sürücünün bu xidmətlərinin haqqı 100 manat civarındadır. Orada hotellərin qiyməti 5 manatdan başlamış ən yaxşıları 30-40 manat arasında dəyişir. Büdcənizə görə istədiyinizi seçə bilərsiniz.
Bununla yanaşı, müsahiblərim deyir ki, dərman preparatları da İranda “su qiyməti”nədir. Burda 20-30 manatlıq dərmanı qonşu ölkədə 20-30 qəpiyə alırlar. Bizimkilərin çoxu sərhədə ən yaxın şəhər olan Ərdəbilə gedirlər. İrandakı yaxşı həkimlər də Bakıdan axının çox olduğunu görüb, işləməyə Ərdəbilə gəlirlər. Azərbaycanlılar iranlı həkimlər üçün ən yaxşı pasiyent sayılırlar. Onlar həm də pul qazandıran müştəridir. Həkimlərin hamısı demək olar ki, İran azərbaycanlılarıdır. Təhsillərini Qərbdə alıblar.

İranlı həkimlər Bakıdan gedən diaqnozu kənara atırlar

Rəmzi: “Mənim həkimim vaxtilə Tehran klinikalarında işləyib. Sonradan iş yerini Ərdəbilə dəyişmişdi. Biz orada farsa rast gəlməmişik, hər kəs azərbaycanca danışır. Həkimlər Şahin, Firudin, Sirac, Ramin - hamısı Azərbaycan adlarıdır. Gözümü narkozsuz əməliyyat etdilər. Əməliyyatdan sonra da bir neçə ağrıkəsici dərman yazdılar ki, ən bahalısının qiyməti 2 manatdan çox deyildi. Sonrakı dövr üçün də həkim 1 aylıq müalicə yazdı. İlk dəfə gedəndə analizləri verib, bütün yoxlamalardan keçdim. Başımda miqren də var idi. Əməliyyat keçən ilin sentyabrında olub. 1 həftə gözümdən su gəldi. Sonra səhəttim qaydasına düşdü. 3 dəfə İrana gedib-gələndən sonra əzabdan qurtuldum. Hər şey çox rahat idi. Həkimlər biz azərbaycanlılara hörmətlə davranırlar. Hazırlıqlı, yəni pulla getsəniz əvvəlcədən vaxtı telefonla razılaşdırıb, əməliyyatı ilk gedişinizdə də edə bilərsiniz. Həm vaxta qənaət edərsiz, həm də pula. Hər şey çeklədir, həkimə pul vermirsiz. Pulu ödəyib çekinizi götürürsüz, sonra da növbəniz çatanda əməliyyata girirsiz. Bizdəki kimi saatlarla xəstəxanada ayaq üstə qalmırsız. Gözləmə zallarında insanlara oturmaq üçün şərait yaradılıb. Bizdə pul qopartmağı bilirlər, amma xidmət göstərmək gələndə insanları saymırlar. Gərək hansısa savadsız, pulla diplom almış həkimin qapısında saatlarla gözləyəsən. Özü də adamın dərisini soyurlar. O qədər lazımsız dərmanlar yazır, faydasız aparatlara göndərirlər ki, xəstələnməyə də cürət eləmirsiz. Iranlıların müasir tibbi cihazları bizimkilrdən də yaxşıdır. Mən son illərə qədər Bakıda çox müalicə aldığıma görə də müqayisə imkanlarım da genişdir. Deyirdilər lazerlə əməliyyatdan 30 il sonra gözdə bozarma gedir. İran həkimləri bunu təkzib etdilər. Həkimim mənə “əgər elə bir şey olsa, mən öz gözlərimi sənə verərəm” dedi. Bir qız var idi, onu əməliyyata almadılar, imtina etdilər. Dedilər, çox gecikib”. Ailə deyir ki, İranlı həkimlər bizimkilərin qoyduqları diaqnoz və təyin etdikləri müalicəyə heç gözlərinin ucu ilə də baxmır, bir kənara atırlar.

“Bərkgedən” klinikamızın səhv diaqnozu

Rəmzi deyir ki, çox ağrı hiss etməyib. Əməliyyat müddəti də qısa olub. Heç gözünü yummağa macal da tapmayıb. Əməliyyatdan sonra 10 gün gözünü çətinliklə açıb, işığa baxa bilmirmiş. Indi Əhmədlidə oturub Qaradağı görür: “10 ilə yaxın əziyyət çəkmişəm, illərlə müalicə almışam. Xeyri yox idi, əksinə gözüm mənfi 2-dən mənfi 3-ə qalxdı. Ordakı həkimləri gördükdən sonra burdakı həkimlərə güvənmirəm. İran klinikalarındakı aparatları mən burda getdiyim xəstəxanalarda görməmişəm. Həmin cihazlara düşmək də baha deyil, bizim pulla 10-12 manat. Müqayisə edirəm və üstünlüyü qonşularımızın şəraitinə verirəm. Böyrəyim ağrayırdı, gecələr ağrıdan yata bilmirdim. Əhmədlidə ən “bərkgedən” klinikalardan Diaqnostika Mərkəzinə müraciət etdim. Dedilər, böyrəyində çöküntü yığışıb, daşa çevirir. Təkcə ultrasəs aparatı 25 manat tutdu. Sonra xeyli dərmanlar, otlar yazdılar, 200 manatlıq müalicə etdirdim. Xeyri olmadı, ağrılarım keçmədi. İranda yoxlatdırdım, dedilər, böyrəyində heç bir problem yoxdur, sinir ağrısı diaqnozu qoydular. Cəmi 4 iynə yazdılar, heç bir manat tutmadı. Hər ağrıyanda 1-ni vurdururdum. O vaxtdan ağrıdan əsər-əlamət yoxdur. Ən yaxşısı İrandır. Başımdakı miqreni də orada müalicə etdirirəm. Kurs müalicələr götürürəm. Səhəttimdə xeyli irəliləyiş var. Dərmanları da İrandan almaq lazımdır, çünki, burada çox bahadır. Mənə lazım olanda zəng edib, Pərvizdən xahiş edirik alıb buraya gələnlərdən göndərir”.

“Çoxluq öz həkimlərimizə güvənmir”

Həkimlər Rəmzinin miqreninə görə 3 dərman, gözünün əməliyyatı üçün bir damcı və bir ağrıkəsici iynə yazıblar. Körpə Pünhanı isə cəmi 2 dərmanla sağaltdılar. Özü də dərmanlar ucuzdur, həkimlər də insaflı. S.Allahverdiyeva: “Bakıda Rəmziyə demişdilər ki, gözünün xəstəliyi keçməyəcək. Bəs niyə keçdi? İndi hamımızdan yaxşı görür. Orada azərbaycanlılarla çox görüşürük. Necə deyərlər, daş atırsan, həmvətənlərimizə dəyir. Ən müxtəlif xəstəliklərlə İrana üz tutanlar var. Sonsuzluqdan tutmuş, onkoloji xəstəliklərə qədər. Bakıda əməliyyat olunan şəkər xəstələrinin əksəriyyəti dünyasını dəyişir. Buna dair onlarla misal demək olar. Tanıdığımız çox belə insan, əqrabalarımız, tanışlarımız var. İranda isə həkimlər zəmanət verirlər. Sağalmayan xəstəliyi olan pasiyent gəlibsə, onu qəbul etmirlər. Bizdə isə bəzi həkimlər dərdini bilməsələr də, xəstəni əllərində saxlamaq üçün min bir səbəb uydururlar. Ölüm ayağında olandan belə pul çəkməyi qənimət bilirlər. Xırdalandan 32 yaşında bir qadın Bakıda süd vəzilərindən əməliyyat olunmuşdu, xərçəng idi. Ərdəbildə onkoloq Sirac həkim onu sağaldacağına söz verdi, müalicəsini üzərinə götürdü. Sonradan Pərvizə dedik ki, artıq müalicənin davamı üçün əziyyət çəkib İrana gəlməyəcəyik, Bakıdakı İran klinikalarına müraciət edəcəyik. O da “yaxşı həkimin xəstə ayağına gəlir, hansı həkim xəstə axtarırsa, onun savadı yoxdur. Burada özünə iş tapmayan həkimlər Bakıya üz tutur”, dedi. Bakıdakı iranlı həkimlərə getməyi məsləhət görmədi. Azərbaycanlıların hamısı İrandakı klinikalardadır. Çoxluq öz həkimlərimizə güvənmir”.

“Doktorun əli qurusun”

Müsahiblərim deyirlər ki, İranla Azərbaycan sərhədində çox böyük növbə var, hər gün 500-ə yaxın insan Biləsuvardan qonşu ölkəyə üz tutur. Əsasən də müalicə üçün gedənlər, alver məqsədilə, bir də Naxçıvana bu yolla keçənlərdir. Ləngimə çoxdur, ən az 2-3 saat gözləməli olurlar. Qayıdanda belə növbələr yoxdur. Onlar çox tanışlarının İrana müalicəyə getdiklərini deyirlər.
S.Allahverdiyeva: “qonşu Məryəmin zobunu da İranda əridiblər, indi top kimidir. Məryəmi heç əməliyyat eləmədilər, həkimlər dərmanlarla zobu yoxa çıxartdılar. Amma bzimkiləri Bakıda zobdan əməliyyat ediblər, hamısı ölür. Baldızım Bahar, qızım Şahnazın səhəttini korlayıblar. Şahnaz cavan qadındır, indi qanında hormonlar artır, revmatizm yaranıb. Əli qurusun doktorun, burada əməliyyat elədi, qızın vəziyyəti 4 ildir düzəlmir. Qonşu Hicranın da səhhəti pisləşib, orqanizminin bütün funksiyası pozulub, gün-gündən kökəlir”./bizimyol/
1481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber