Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

Taksinin marağı öldü

Bakıda müdiriyyət taksi sürücülərinin telefonuna mesaj göndərib, yazıb ki, müştərilərlə siyasi söhbətlər eləmək, prezident İlham Əliyevin həyat və fəaliyyətini tənqid eləmək qəti qadağandır. Sitat: “189 xidmətində fəaliyyət göstərən bütün sürücülərə sifariş zamanı siyasi və dövlətə qarşı mənfi söhbətlər etmək qadağandı! Allah naminə İlham Əliyev ancaq tərifə layiq rəhbərdir. Zaman müəllim” (“Azadlıq” qəzeti). Təsəvvür edin, bu mesajı düz 3 min nəfər taksi sürücüsünə göndəriblər.

Öncə siz bu müdirin adına diqqət edin - dünənki yazımdan sonra mən insan adlarına xüsusi diqqətlə yanaşıram. Zaman. Müəllim. Yeri gəlmişkən, insanların özlərini “müəllim”, “bəy”, “xanım” deyə təqdim eləməsi mənə həmişə maraqlı gəlir, düşünürəm bunun hansısa psixiatrik izahatı vardır. Görürsən biri zəng eləyir telekanalizasiya studiyasına, deyir: “Sizinlə danışan Gülşən xanımdır”. Rəhmətliyin qızı, sən hələ ancaq adını de, danışandan sonra uca millətimiz qərar verər xanım olub-olmadığınıza. Nə isə, bu təvazökarlıq xalqın evini yıxacaq, o cümlədən Zaman müəllimin.

İndi bundan soruşasan ki, sən haçandan müəllim oldun, taksi sürücüləri bəyəm uşaqlardır, deyəcək mesajı oxu, mən onlara qiyabi dərs keçirəm. Ümumiyyətlə, zaman kimi dönməz fəlsəfi kateqoriyanın adını daşıyan insanın taksi sürücülərinə əmr və göstəriş verməsi təbiidir. Doğrudur, simmetrik zaman haqda Uiler-Feynman nəzəriyyəsi də vardır, ancaq düşünmürəm ki, biz bu nəzəriyyəni 189 taksi xidmətinin müdiri Zaman müəllim Axundova tətbiq eləməkdə haqlı olarıq. Burda simmetriya-zad keçmir.

Açığı, mən Zaman müəllimin bu təşəbbüsünü alqışlayıram, çünki hazırda taksilər siyasi söhbətlərin aparıldığı axırıncı yerlərdən biri kimi qalmaqdadır. Meydanlara, küçələrə yığışıb danışmaq qadağan edilib, toyxanalarda mahnı səsindən ağız deyəni qulaq eşitmir, uzaq olsun, yas yerlərini demirəm, Facebook-Tvitter-filan kimi internet məkanlarında siyasətdən yazanları tutub qazamata salıblar. Avtobusda danışana dəli kimi baxırlar, metro isə yerin altıdır, adam kövrək olur, hətta iqtidarı da sevir. Qalır bircə taksilər.
Bizim taksilər Londonun məşhur Hayd-parkı kimi bir məkandır, ağzına gələni danışa bilirsən. Hökumətdən, ofşor hesablardan, kiminsə oğlunun bahalı maşınla adam vurmağından, Qarabağdan, nə bilim, deputatxanada ikinci sırada kreslonun altında yaşayan taxtabitidən... Sürücü də adətən yolun sonunda alacağı pulu fikirləşib nə desən təsdiqləyir. Hələ onu söhbətə qoşmağın yolu da var: benzinin qiyməti. Bundan azca danışsan sən cəhənnəm, “Beynəlxalq Amnistiya”, “Human Rayts Votç” yalan olur, bizim sürücü hökuməti yıxıb bağlayır taksinin dalına, sürüyür.

Sözümün canı odur ki, Zaman müəllimin mesajı zamanında göndərilmiş mesajdır, əgər sürücülər buna əməl etsələr ölkəmizdə tam demokratik cəmiyyət qurulacaq, utopik-sosialistlərin arzuları həyata keçəcək və qurd quzu ilə otlayacaqdır.

Bunun daha bir təzahürü Naxçıvanda yaşanır. Orda Vasif müəllimin sayəsində insanlar artıq kommunizmə keçiblər. “Azadlıq” radiosu təzəlikcə bu milli “Auşvits”imizin ərazisində Məhəmməd Əmin Rəsulzadənin adının küçələrdən silinməsi mövzusunda sorğu keçirdib. (Heç dəxli var? Bu radio da çaşıb deyəsən, gör harda, kimdən, nə soruşur. Elə bil 1938-ci ildə Nürnberq bələdiyyəsinə zəng edib deyirsən ki, niyə şəhərdə yazıçı Şolom-Aleyxemin adını daşıyan küçə yoxdur). Babək rayon icra hakimiyyətindən unikal cavab veriblər: “Bizlik deyil, biz indi heç adam adını da özümüz qoymuruq, gəl gör küçə adı ola”.
Yəni, Naxçıvanda Vasif müəllim qərar verir kimin adı Moşe olsun, kimin adı Adolf. Məncə nömrələmək daha səmərəli olardı. “3456278 nömrəli adam”. Biləyə yazmaq olar - görünən yerə.

Sonda Zaman müəllimə demək istərdim ki, onun bu qərarı gəlirlərin azalmasına səbəb olacaqdır, çünki siyasi söhbət edilməyən taksi maraqsız yerdir. Bu qərar müştərini qaçırtmaqdır. Ondansa piyada gedib öz-özümüzə mırıldanarıq.

Zamin Hacı/musavat
1609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:15