Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Hökumət «Sovetski» sakinlərini aldadır

Onlar «az pul veriləcəksə, çoxu çıxmayacaq» deyirlər

“Sovetski”də sakitlikdir. Səbəb isə hökumətin sakinlərlə hələ ki, söhbət etməməsidir. Vətəndaşlar deyirlər ki, hələlik hər kvadrat metrə 1500 manatdan çox pul verilmir.

“Bu günədək şəhərin mərkəzində yaşamışıq”

“Kim qalmaq istəyirsə, qalsın”. Bu, baş nazirin müavini Abid Şərifovun “Sovetski” məhəlləsinin plana düşməsi haqda son çıxışındandır. Abid Şərifov ölkə başçısının tapşırığına istinad edərək deyib ki, heç bir vətəndaş zorla evindən çıxarılmayacaq. Ancaq “Sovetski” camaatı hökumət təmsilçilərinin bu sözünə inanmır. Onlar deyirlər ki, “Sovetski”yə də “Basin” kimi yanaşırlar. Virtualaz.org saytının yazdığına görə, vətəndaşlar hökumətin təklif etdiyi kompensasiya ilə razılaşmırlar.

Mirzağa Əliyev küçəsində yerləşən və artıq bir əsr yaşı olan tarixi binanın sakini Aslan Mirzəyev iki qız övladı və həyat yoldaşı ilə birgə yaşadığı evin şəraitindən məmnun qalmasa da bu evdə xoşbəxt olduğunu dedi: “Yaşayışımızdan razıyıq. Ancaq bina 1916-cı ildə tikilib. Bir dəfə də olsun təmir etdirməmişəm. Indi də sökəcəklər deyirlər. Bunun üçün də heç nə etmirik. Gözləyirik ki, hökumətin qərarı nə olacaq. Hələ evimizi ölçmək üçün gəlməyiblər. Deyilən qiymətlə razı deyiləm. Heç olmasa elə məbləğ ödənilsin ki, şəhərdə yeni tikilən binaların birində özümüz üçün normal bir ev ala bilək. Sakinləri də başa düşmək lazımdır ki, bu günədək şəhərin mərkəzində yaşamışıq”.

Sakinlər deyirlər ki, fevralın 16-da keçirilən və minlərlə sakinin iştirak etdiyi mitinqdən sonra məhəllələrə işbazlar axışıb. Onlar evlərin kvadratmetrinə 2000 manatdan artıq məbləğ təklif ediblər. Bu binaya baxış üçün gələn bir neçə nəfər isə tarixi binanın sakinlərinə 3500-4000 manat arasında məbləğ təklif ediblər.

“Ya camaata normal kompensasiya verilsin, ya da mənzillə təmin etsinlər”

Meyvə-tərəvəz satışı ilə məşğul olan Ceyhun Ismayılov deyir ki, burada olan şəraitdən razıdır, gündəlik çörəkpulunu qazanır: “Bu günə qədər şükürlər olsun ki, şikayətimiz olmayıb. Amma indi buranı sökürlərsə, nə edə bilərik ki?! Hökumətlə hökumətlik edə bilmərik. Amma gərək onlar da elə eləsin ki, hər kəs razı qalsın”. Ceyhun Ismayılov mağazasının ölçülməsi üçün ilk dəfə fevralın 16-da keçirilən dinc aksiyadan əvvəl icra nümayəndəliyindən gəldiklərini dedi: “Aksiyadan əvvəl tez-tez gəlirdilər. Indi gəlib-gedən yoxdur”. “1500 manata biz nə edə bilərik? Deyirlər ki, razılaşmayan istəsə qalıb yaşasın. Mən buna razıyam, ancaq bilirəm ki, bu axıra qədər belə olmayacaq. Ancaq ”Basin"də elədikləri kimi qazı, işığı, suyu kəsəcəklər. Sonrada yavaş-yavaş evi uçuracaqlar başımıza. Pulu da 1500 manatdan verəcəklər".

Süleyman Rəhimov küçəsi, ev 11-də yaşayan Fuad Dərgahov da kompensasiyadan narazıdır. Mənzilinin sahəsi 16 kvadrat metr olan Dərgahova 24 min manat pulun veriləcəyi deyilib. Bu məbləğə haradan ev alım? Ailədə dörd nəfərik, uşaqlar böyüyüb. Normal pul versinlər ki, özümüzə bir yuva quraq. Razı deyilik, mənzilimizdən çıxmayacağıq. Evinin sahəsi az olan sakinlərə kömək edilməlidir".

Fuad Dərgahov “Sovetski”də evlərin bazar qiymətinin 4-5 min manat olduğunu bildirir: “Biz də bu məbləğdə kompensasiya tələb edirik. Mənim mənzilimin 200 metrliyində yeni yaşayış kompleksi tikilib. Orada mənzilin bir kvadratmetri 5 min manatdan aşağı deyil. Ya camaata normal kompensasiya verilsin, ya da mənzillə təmin etsinlər. Bizim başqa istəyimiz yoxdur. Bu qədər insanı çölə atacaqlar? Gedib kirayədə yaşayaq? Iki-üç mənzilin yerində bina tikib milyonlarla pul qazanacaqlar. Həmin milyonların 1 faizini də evləri sökülənlərə versinlər”.

“Camaatı razı salsınlar, çıxıb gedək”

“Sovetski” sakinləri hökumətin onları aldatdığını deyirlər. Onların sözlərinə görə, fevralın 16-da aksiya keçirəndə Yasamal rayonun Icra Hakimiyyətinin nümayəndəsi vətəndaşlara vəd verib. “Bizə dedilər ki, hər birinizin problemi araşdırılacaq. Kimin evinin sahəsi kiçikdir, onun mənzilinə yenidən baxış keçiriləcək. Hətta deyildi ki, kompensasiya istəməyən şəxslərə mənzil verilə bilər. Bir müddət keçəndən sonra mənzil məsələsini arxa plana keçirdilər. Gündəmdə yalnız kompensasiya qaldı. Sakinlərə kvadratı 2500-3000 manatdan pul veriləcəyi deyildi. Indi isə razılaşmırlar. Buranı söküb bina tikəcəklər”, - deyə sakinlər bildirirlər.

Sakinlərin sözlərinə görə, “Sovetski”də hələlik durğunluq hökm sürür. Ancaq onlar bundan çox narahatdırlar. Deyirlər ki, 2015-ci ildə Bakıda keçiriləcək yay Olimpiya Oyunlarına görə bu yerlər tez bir zamanda söküləcək: “Hələlik sakitçilikdir. Ancaq birdən sökəcəklər. Deyəcəklər ki, çıxın gedin. Razı olmayanın evini başına uçuracaqlar. Həmişə belə olub. Öncə sakitlik olur, sonra ara qarışır. Yaxşı olar ki, camaatı razı salsınlar”.

60 ildir burada yaşayan Hikmət Yusifovun evinin sahəsi 40 kvadratdır. Onun mənzilinin sahəsini ölçən zaman 32 kvadratmetr yazıblar: “Nəinki 32, hətta 40 kvadrat metr üçün verilən kompensasiyanın puluyla belə heç yerdə ev almaq olmaz. 50-60 min manata ev almaq olar? Məndən başqa iki qardaşım ailəsiyalə bu mənzildə qeydiyyatdadırlar. 60 min manat verilsə, hər ailəyə 20 min düşür. Bu pula Bakının hansı ünvanından mənzil tapım? Ən ucuz torpağın sotu 7-8 min manatdır. Torpaq aldım, evi hansı pulla tikim? Heç kim sadə camaatı düşünmür”.

***

“Sovetski” sakinləri hökumət nümayəndələrinin onlarla görüşməsini tələb edirlər. Vətəndaşlarla konkret söhbət edilməli olduğunu söyləyirlər: “Gah kim istəməsə qalıb yaşasın deyirlər, gah da deyirlər ki, evlərin hamısı söküləcək. Əgər az pul veriləcəksə, çoxu çıxmayacaq. Çünki sərf etmir, ev tapa bilmirik, mənzil versinlər, çıxıb gedək”./azadlıq/

1605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber