Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

4 islamçı fəalın məhkəməsi keçirildi

Ruhani Hacı Tale Bağırzadənin məhkəməsində yaranmış insident zamanı saxlanılan Seyid Musarza Heydərov və 3 nəfərin məhkəməsi iclası keçirilib

Bu gün Sabunçu rayon məhkəməsində hakim Kazımov Elşən Cələddin oğlunun sədrliyi ilə, 4 islamçı fəalın məhkəməsi keçirilib.

Təqsirləndirilən şəxslər 28 oktyabrda keçirilmiş mübariz ruhani Hacı Tale Bağırovun məhkəməsindən sonra saxlanılan Nail Rəşidov, Alim Rahibzadə, Məhərrəm Süleymanov və Hacı Seyid Musarza Heydərovdur.

İslamçıların dördü də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1 maddəsilə (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə) ittiham edilirlər.

Məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların vəkilləri, 3 zərər çəkmiş şəxs və təqsirləndirilən şəxslərin yaxınları iştirak edib.

İlk olaraq hakim Kazımov Elşən təqsirləndirilən şəxslərə hüquqlarını izah edib və istintaq ittihamını izah edib.

Təqsirləndirilən şəxslərdən təkcə Məhərrəm Süleymanov, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəis müavini Tərxan Əhmədova qarşı zor tətbiq etməklə onun əlindən təpiklə vurması ittihamını qəbul edib.

Məhərrəm Süleymanov hadisə zamanı deyil, daha sonra qardaşının arxasınca getdiyini, bölmənin qarşısında olarkən həbs edildiyini və ittihamı qəbul etdiyini deyib. O, bir nəfərə kömək etmək istəyərkən mülki geyimdə olan şəxsi vurduğunu təsdiq edib və bildirib ki, əgər polis olduğunu bilsəydi belə bir addım atmayacaqdı.

Digər 3 nəfər isə ittiham maddəsilə razılaşmayıblar.

Daha sonra Nail Rəşidov çıxış edib. O, Hacı Tale Bağırovun məhkəməsindən sonra məhkəmədən çıxarkən 5 metr aralıda çaxnaşma zamanı yerə yıxıldığını və həbs edildiyini deyib.

Nail Rəşidov PPX əməkdaşı İmanov Sərməzi dəmir parçası ilə qolundan vurma ittihamını qəbul etməyib. O, kamera çəkilişlərinə baxıb dediklərini görə biləcəyini hakimə bildirib.

Alim Rahibzadə 28 oktyabrda bir müsəlman qardaş kimi Hacı Tale Bağırovn məhkəməsinə gəldiyini, lakin gecikdiyi səbəbilə məhkəmənin həyətindən kənarda, küçədəki hay-küyə çatdığını qeyd edib. Daha sonra onlardan ərazidən uzaqlaşması tələbinə uyğun olaraq, ərazidən uzaqlaşdığı zaman həbs edildiyini bildirib.

Alim Rahibzadə polis əməliyyatçısı Samir Həşimovu qəsdən vurmadığını və maşına aparılarkən bilmədən əlinin, dirsəyinin dəyməsini deyib.

Hacı Seyid Musarza Heydərovun ifadəsi dinlənilib:

“Mənim ittihamımla bağlı hal-hazırda nə zərərçəkmiş var, nə də şahid. Bu zahiri görünüşü hazırlanmış işdir. Mən məhkəmə zamanı yerimi bir jurnalistə verib, çıxıb getmişəm. Həmin vaxt məhkəmə həyətində polis formasında heç kimi görmədim. Mən başqa yerdə həbs edilmişəm. Məqamı gələndə deyəcəm. Şahidlər də var.Guya mən təşviq etmişəm, kimisə vurmuşam. Bu mənim cismimlə uyğun gəlmir.Mən başqa bir yerdə saxlanıldım və saxlanılan zaman nəzakətlə davrandılar, mən də nəzakətlə addım atdım. Lakin mən bölmədə döyülmüşəm. Sifarişli iş olub. Əvvəl narkotik qoymaq istədilər, alınmadı. Daha sonra bir nəfər idarədə məni görən kimi dedi ki, sən məni vurmusan. Mən də dedim doğurdan vurmuşam? O, yenidən deyəndə dedim ki, o zaman ölümünü gözlə. İndi isə o gəlmir, eşitdiymə görə də sistemdən çıxıb.Kişi tutular da, döyülər də, hər halda kişini kişi döysə yaxşıdır. Bu hadisə təxribatdır. Bir mütləq hakim də var. Allah şahidlərə insaf versin, həqiqəti desinlər. Həqiqəti bildirmirlərsə, istəklərini bol eləsinlər, axirətdə əzablarını artırsınlar.3 il vermirlər, 13 il versinlər. İmamımız Museyi Kazım (ə) 27 il həbsdə qalıb. Peyğəmbərlərə (ə) dəli deyirdilər, tuturdular, öldürürdülər. Bu bizim yolumuzdur. İmam Huseyn (ə) ailəsi ilə birlikdə şəhid edildi, mən hələ bilmirəm niyə mən, ailəm hələ şəhid edilməyib.“Sovetin vaxtında bilirdik ki, din dövlətdən ayrıdır. Lakin müstəqillikdən sonra iki prezident and içərkən əlini Qurana basıb. Bu o deməkdir ki, Allah böyükdür. Dövlət ilk olaraq zəiflərin haqqını müdafiə etməlidir. Bu olar əsl ədalət. Düzdür ki, ucadan danışmaq dinimizdə bəyənilmir. Lakin zülm olunan şəxs səsini ucaldır ki, səsi Allahın taxtını titrətsin.”

Daha sonra zərərçəkmiş qismində Tərxan Əhmədov, Sərməz İmanov və Samir Həşimov ifadə veriblər.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəis müavini Tərxan Əhmədov, 28 oktyabr Tale Bagırovun məhkəmələrində şahid qismində iştirak etdiyini və o zaman məhkəmənin həyətində yüzlərlə insanın dini şüarlar, "Tale Bağırova azadlıq" kimi şüarlar səsləndirdiyini, konvoyun onu məhkəməyə gətirərkən problem yaradıldığını, yollarda tıxac yaratmaq və bu kimi hallara görə rayon polis mərkəzinə məruzə edərək, köməkçi dəstələr göndərilməsini istədiyini bildirib. O, həmçinin əlindən xəsarət aldığını, təqsirləndirilən şəxsin bunu təsdiqlədiyini və şikayətçi olmadığını deyib.

Sərməz İmanov 28 oktyabr 10:30 radələrində məlumat aldığını və 30 nəfərlik PPX əməkdaşı ilə məhkməyə yaxın bir ərazidə avtobusda gözlədiyini bildirib. O, siyasi şüarlar eşitmədiyini, lakin ucadan səsləndirilən dini şüarlar eşitdiyini, məhkəmə ərazisində hər hansı çaxnaşmanı görmədiyini, lakin küçədə həmin çaxnaşmaya şahid olduğunu deyib. İnsanları vəzifəsinin tələbinə əsasən ordan uzaqlaşdırmağa çalışdığını və məhkəmədən 30-40 metr aralıda Nail Rəşidov tərəfindən dəmir parçası ilə qolundan vurulduğunu qeyd edib. Sərməz İmanov da şikayətçi olmadığını vurğulayıb.

Son olaraq zərərçəkmiş qismində əməliyyatçı Samir Həşimov danışıb. O da Tale Bağırovun məhkəməsi zamanı şahid qismində iştirak etdiyini, gərginlik zamanı insanları ərazidən uzaqlaşdırmağa çalışdığını bildirib.

Samir Həşimov insanları uzaqlaşdırarkən çox yorğun olduğunu, küçədə insanları uzaqlaşdırarkən sinəsindən Alim Rahibzadə tərəfindən vurulduğunu və həmin yerdən xəstəxanaya aparıldığını bildirib. O da şikayətçi olmadığını qeyd edib.

Sonda isə hakim Kazımov Elşən Cələddin oğlu növbəti məhkəmə iclasının aprelin 14-ü saat 11:30-a təyin edib. Növbəti məhkəmə iclasında qalan bir zərərçəkmiş və 8 şahidin çıxışı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1 maddəsi üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzasını nəzərdə tutur./İslamazeri/
1605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı