Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Pərviz Həşimlidən generala istefa çağırışı

Bakı Ağır Cinayətlər Məhkəməsində tragikomediya yaşandı

Hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimlinin işi üzrə məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Budəfəki məhkəmə iclasını izləyənlər arasında AXCP sədri Əli Kərimli, onun müavinləri Nurəddin Məmmədli, Gözəl Bayramlı da var idi.

Məhkəmə nəzarətçilərilə insident

Məhkəmə iclası təyin olunduğu vaxtdan təxminən 1 saat 15 dəqiqə gec başladı. Buna səbəb dustaqların, o cümlədən Pərvizin istintaq təcridxanasından məhkəməyə gec gətirilməsi idi.
Məhkəmə iclası başlanmamışdan öncə xoşagəlməz anlar yaşandı. AXCP fəalı Kəmalə Bənənyarlı məhkəmə zalına buraxılmadı və bu səbəbdən o, etiraz etdi. Belə olan halda da məhkəmə nəzarətçilərinin kobudluğu işə düşdü. Qarşıdurma zamanı Kəmalə Bənənyarlının gödəkcəsi də cırıldı.

“Baxın da, MTN nə gündədir...”

Məhkəmə iclası Pərviz Həşimlinin vəsatəti ilə başladı. Jurnalist onunla birlikdə mühakimə olunan və üzünə duran Təvəkkül Qurbanovun ifadəsinə istinad edərək dedi ki, o, tfadəsində Biləsuvarda Hüseyn adlı Iran vətəndaşı ilə görüşərək ondan silahları qəbul etdiyini göstərib. Əlavə edib ki, Hüseyn ora Iran dövlət nömrə nişanlı avtomobillə gəlibmiş: “Nə Hüseyn, nə onun avtomobili quş deyil ki, qanadlanıb sərhədi keçsin, deməli, onlar sərhəd xidmətindən keçib, prosedura uyğun fotoları çəkilib”.
Pərviz tələb etdi ki, həmin gün sərhəddən keçən şəxslərin fotolarının alınması üçün məhkəmə tərəfindən müvafiq sorğu verilsin: “Biz o fotolara baxaq, orda Hüseynin şəkli çıxmasa, deməli, general Elçin Quliyevin dediyindən fərqli olaraq, sərhədlər ayıq-sayıq qorunmur, buna görə də o, istefa verməlidir”.
Pərvizin vəkili Bəhruz Bayramov isə məhkəməyə disk təqdim etdi. Diskdəki görüntülər Pərviz Həşimlinin mənzilində axtarış aparılan zaman zorakılığa yol verilmədiyini deyən bəzi şahidlərin yalan danışdığını sübut edirdi. Vəkil bu diskin sübutlar siyahısına daxil edilməsini xahiş etdi. Hakim Novruz Kərimov isə həm Pərvizin, həm də onun vəkilinin vəsatətinin baxılmamış saxladı. Dedi ki, gələcək məhkəmə iclaslarında zərurət yaranarsa, vəsatətlərə baxılıb qiymət veriləcək.
Daha sonra şahid Aybəniz Məmmədova dindirildi. Bildirdi ki, Təvəkkül Qurbanovun evində axtarış zamanı hal şahidi olub. Şahidin sözlərinə görə, əl telefonuna tanımadığı MTN əməkdaşı zəng edib və ona hal şahidi olmağı təklif edib: “Gəlib məni evdən apardılar. Nəsimi rayonu ərazisində bir həyət evi idi. Girdik evə, Təvəkkül Qurbanov da orada idi. Soruşdular ki, evdə silah var? O da sərbəst şəkildə dedi ki, var. Getdi, qırmızı kreslonun altından bir tapança, 2 dənə də ”maqazin" çıxartdı, təhvil verdi".
Pərvizin vəkili Elçin Sadıqovun suallarına verilən cavablardan məlum oldu ki, şahid latın qrafikası ilə oxuya bilmir və ibtidai istintaqa verdiyi ifadəsini də müstəntiq yazıb. O da aydınlaşdı ki, işdə başqa bir hal şahidi kimi adı keçən Sevda Aslanova da Aybəniz Məmmədova ilə qonşudur, onlar eyni həyətdə yaşayırlar.
Pərviz Həşimli isə iş üzrə bütün şahidlərin MTN-nin “ştatlı üzəduran”ları olduğunu dedi: “Hələ bu yaxşıdır. Maşına baxışla bağlı birini gətirmişdilər, onun qolunda damarından qan gəlirdi. Görünür, ona ”doza"sını vermişdilər ki, gəl, şahidlik elə. Baxın da, MTN nə gündədir..."

Hakim vaxtilə əməkdaşı olduğu MTN-nin müdafiəçisi kimi...

Pərviz Həşimlinin dediklərinə hakimlikdən əvvəl MTN-nin müstəntiqi olmuş Novruz Kərimov sərt təpki göstərdi:
- MTN-i müzakirə etmək sənin işin deyil. Sən hansı haqla MTN haqqında bu cür ifadələr səsləndirirsən? Bir də belə məsələ olsa, səni cəzalandıracağam.
Pərviz Həşimli:
- Baxın da... Xanım özü deyir ki, ona zəng edib onu çağırıblar. Amma şahid təsadüfi şəxs olmalıdır.
- Nə fərqi var? Bu da Azərbaycan vətəndaşıdır və onun hal şahidi olmaq hüququ var.
- Amma buna zəng edirlər, gəlib evindən götürüb aparırlar. Deməli, onu əvvəlcədən tanıyıblar və hal şahidi kimi istifadə edirlər. Həm də xanım deyir ki, Təvəkkül heç həyəcanlanmırdı, sərbəst şəkildə silahı da çıxarıb verdi. Adam, hətta bir polis görəndə həyəcanlanır. Necə olur ki, MTN bu boyda əməliyyat keçirir, amma bu adam heç həyəcanlanmır? Bu isə o deməkdirki, bu iş qabaqcadan mənə qarşı planlaşdırılıb və Təvəkkül də işdə iştirakçıdır.
Bu yerdə Təvəkkül Qurbanov müdaxilə etdi: “Mən niyə həyəcanlanmalıyam ki? Polis də elə sənin kimi bir vətəndaşdır da... MTN əməkdaşı da bir vətəndaşdır da... Məndə silah olub və mən də onu təqdim eləmişəm. Buna görə niyə həyəcanlamalı idim ki?”
Icra Hakimiyyəti Pərviz Həşimlinin məhkəməsinə adam göndərir
Ikinci şahid Biləsuvar rayonunun Xırmandalı kənd sakini Əlövsət Həsənov idi. Həsənovun verdiyi saçma-sapan ifadələr zalda gülüşə səbəb oldu. Əvvəlcə hakimlər zaldakı gülüşləri kəsmək istəsələr də, sonra özləri də doyunca güldülər. Məsələ burasındadır ki, şahiddən düz 7 dəfə soruşsalar da, o, kəndinin adını deyə bilmədi. Hələ bu azmış kimi, o, öz yaşını, təvəllüdünü də xatırlamadı.
Şahid ifadəsində Biləsuvar sərhəd-keçid məntəqəsi yaxınlığında Hüseynağa adlı şəxsin işlətdiyi çayxanada gündəlik 6 manata çayçı işlədiyini dedi. O, Təvəkkül Qurbanovu göstərərək, bir dəfə onun “KQB” işçiləri tərəfindən çayxanaya gətirildiyini bildirdi: “Məndən soruşdular ki, bu adamı tanıyırsan? Mən də tanımadım. Sonra özü dedi ki, burada oturub çay içib. Mən də dedim tanıdım. Sonra yazdılar, mən də qol çəkdim”.
Təvəkkül Qurbanov dedi ki, o, iranlı ilə görüşüb silahları alandan sonra həyəcanlı olub, bu səbəbdən də çayxanaya girərək şərbətə 2 ədəd limon sıxdırıb içib, orada təxminən yarım saat oturandan sonra 2 manat da ödəyərək gedib. Amma şahid, Təvəkkül Qurbanovun çay içdiyini və 50 qəpik ödədiyini dedi.
Pərvizlə şahid arasında olan sual-cavab zamanı məlum oldu ki, ona və başqa məhkəmə işində şahidlik edəcək bir həmkəndlisinə Bakıya gəlməsi üçün yerli icra hakimiyyəti 40 manat yolpulu verib.

Şahid vəkili hədələdi

Sonda Bakı sakini Orxan Məmmədzadə ifadə verdi. Anket məlumatlarından belə məlum oldu ki, 1970-ci il təvəllüdlü şahid subaydır, özü də latın qrafikası ilə yazıb-oxumağı bacarmır.
Orxan Məmmədzadə Təvəkkül Qurbanovun avtomobilində axtarış aparılması haqda danışdı. Bildirdi ki, işdən çıxıb evə gedərkən ona nazirliyin əməkdaşları yaxınlaşıb və şahidlik etməsini təklif ediblər: “Mən də şahidliyə razılaşdım. Maşına nazirliyin həyətində baxış oldu. Ön oturacağın altından Təvəkkül Qurbanov özü bir kağıza bütülmüş 2800 dollar pul və üstündə əntik malların şəkli olan kağızlar çıxarıb təhvil verdi. Sonra yazdılar, pozdular, mən də imza etdim”.
Şahidin əllərindəki çoxsaylı döymə yazı (tatu) olduğu üçün ona narkomaniyadan əziyyət çəkib-çəkməməsi və məhkumluq həyatı yaşayıb-yaşamadığı haqda sual verildi. Şahid narkoman olmadığını, amma 1994-cü ildə adam döyməyə görə məhkum olunduğunu dedi.
Vəkil Elçin Sadıqovun isə şahidə “2800 dollardan sənə nə qədər verildi?” sualı həm hakim, həm də şahid tərəfindən kəskin reaksiya ilə qarşılandı. Hakim vəkilə xəbərdarlıq elan etsə də, şahid bununla qane olmadı.
“Pulu siz alırsız. Mən heç kimdən pul almıram. Bu söhbətə görə də sən mənə cavab verəcəksən”, - deyə o, Elçin Sadıqovu hədələyərək zalı tərk etdi.

Məhkəmə prosesi aprelin 14-də davam edəcək.

1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 09:54