Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Vitse-admiral ev dustağına çevrilib

Hərbi Dəniz Qüvvələrinin rəhbərliyinə daxil olan zabitlərin bir-birinin ardınca həbsi hərbi dairələrdə ən çox müzakirə edilən mövzulardandır.

Belə məlumatlar var ki, həbs dalğası bir qədər əvvəl vəzifəsindən uzaqlaşdırılan HDQ komandanı, vitse-admiral Şahin Sultanovu da öz ağuşuna alacaq: “Şahin Sultanovun həbsinə kifayət qədər əsaslar var, amma rütbəsi onun həbsini rəsmiləşdirməyə imkan vermir. Onu həbs etmək üçün rütbəsini aşağı salmalıdırlar. Bu isə Ali Baş Komandanın səlahiyyətindədir. Əgər belə bir addım atılsa, Şahin Sultanovun həbsi gerçəkləşəcək”.

Belə məlumatlar da var ki, vitse-admirala hərbi geyim forması daşımaq qadağan edilib, özü isə faktiki ev dustağına çevrilib: “Şahin Sultanov istefaya göndərildikdən sonra bu vəzifənin icrası birinci dərəcəli kapitan Yunus Məmmədova tapşırıldı. Az keçmədi ki, Yunus Məmmədov HDQ-də baş verən maliyyə pozuntuları və nizamnamədən kənar hərəkətlərlə bağlı aparılan yoxlamalar çərçivəsində istintaqa çağırıldı və ona ittiham elan edildi. Yunus Məmmədov istintaqa verdiyi ifadədə korrupsiya əməllərini Şahin Sultanovun göstərişləri əsasında yerinə yetirdiyini bildirib. HDQ-nin qərargah rəisi vəzifəsinə isə II dərəcəli kapitan Şahin Məmmədov təyin olunub. Şahin Məmmədov həm də HDQ-nin komandanı vəzifəsini icra edir”.

Baş verənlərdən sonra Ş.Sultanov ölkədən getmək istəyib. Ancaq ona qeyri-rəsmi şəkildə ölkəni tərk etmək yasaqlanıb. Yoxlamalar yekunlaşana qədər Şahin Sultanov nəzarət altında saxlanacaq.

Qeyd edək ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-də daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nin komandanı, vitse-admiral Şahin Sultanov martın 11-də prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilərək “xidməti uyğunsuzluğa” görə ordudan uzaqlaşdırılıb.

Buna qədər isə HDQ-də nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Seyfi Ramazan oğlu Hüseynov, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev, hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan İlkin Əsgərov həbs olunub. Bu hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət əmlakını mənimsəməkdə ittiham olunur./Musavat/
1495 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber