Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Alma becərməyə peşman olan qubalılar

Bakıda əhali xaricdən gətirilən meyvə yeyir, Qubada əhali məhsulunu zibilxanaya atmağa məcbur olur«Dağıstandan gəlib Qubadan alma alıb aparırlar, ancaq biz Dağıstan bazarına çıxa bilmirik"
"Biri var, məhsul olmaya, bir də var, məhsul ola, ancaq alan olmaya. Bizim işimiz ikincisidir. Məhsul var, alan yoxdur", - deyir Qubanın Əlibəyqışlaq kəndinin sakini Yusif Əhmədov. Sözügedən məhsul adı ilə məşhur olan Quba almasıdır. Qubalıların illər uzunu əkib-becərib, sonra da satışından xeyir götürdükləri alma bir neçə ildir ki, başlarına bəla olub. Deyirlər, "satırsan satılmır, atırsan atılmır", - məsəli - işə düşüblər. İllərin alma ağaclarıdır. Hər il olduğu kimi bar gətirir. Sonucda kəndli meyvəni nə sata, nə də ondan canını qurtara bilir. "Görürük ağac meyvə gətirir, heyif olmasın deyə qulluq edirik. Müalicə etdiririk ki, meyvədə qara xallar olmasın. Nə bilim, xərc çəkib suvarırıq. Bar verir, işçi tutub yığdırırıq. Sonra da qalır əlimizdə. Xərc çəkib meyvə yetişdirdiyimiz azmış kimi, sonra da qoymağa yer tapmırıq. Deyək ki, gətirib yığdıq zirzəmiyə. Daha sonra satmağa adam tapmırıq. Qalıb çürüyür. Ötən il kəndlilər yığışıb maşın tutdular. Çürümüş almaları yığıb çaya atdılar. Sonra da Ekologiya Nazirliyinin əməkdaşları gəlib həmin adamları cərimələdilər. Yetişdirməyə, yığmağa, baxımına, daşımaq üçün maşına verdikləri pul azmış kimi, bir də cərimə ödəmək məcburiyyətində qaldılar", - Əlibəyqışlaq kəndinin sakini Qalib Əhmədov belə deyir.

"Ya zirzəmidə, ya mal-heyvanın qabağında, ya da yol kənarında çürüyür..."

Kəndlilər almanı nəinki çaya atırlar, elə yol kənarındakı zibilxanalara atırlar. Böyük alma zibillikləri beləcə yaranıb. Qalib Əhmədov deyir ki, meyvələri atmağa heyfi gələnlər mala-heyvana verirlər: "Düzdür, əvvəllər sok zavodundan da gəlib alırdılar. Ancaq indi ordan da əlimizi üzmüşük. Alma yığımının ilk ayı 1-2 dəfə gəlib getdilər. Aldıqlarını aldılar, almadıqları da gördüyünüz kimi ya zirzəmidə, ya mal-heyvanın qabağında, ya da yol kənarında çürüyür... Çürüyəndə də bilmirik hara ataq, neyləyək. Qalırıq əlimizdə...".
Yusif Əhmədovun 64 sot alma bağı var. Deyir, bağ var, məhsul da pis deyil, ancaq di gəl, malını sata bilmir. Kənd camaatı meyvələri Quba bazarına çıxara bilmir. Çünki Qubada hamının bağında alma var. "Alan olmur", - deyirlər. Bakı bazarına isə... "Nə vaxt var, nə də həvəs", - deyir Y. Əhmədov: "Üstəlik, qiymətdə də böyük fərq yoxdur. Burada da satanda 30 qəpik edir, Bakıda da. Əksinə, Bakıya aparmaq sərf etmir. Çünki yük maşınına müəyyən qədər pul verməli olursan. Odur ki, oturmuşuq oturduğumuz yerdə".

"Mən deməyim siz deyin, qubalıya alma əkmək sərf edərmi?"

Kəndli deyir almanın qiyməti 5-6 il bundan əvvəl yaxşı imiş. Kilosunu 50 qəpiyə satırmışlar. Bir yeşik alma 10-12 manat edirmiş. Ancaq indi... "Xərci borcun ödəmir. Dolana bilmirik. Dərmanının pulunu güclə çıxarırıq. Mənim bağım 64 sotdur. Burada 440 ağac var. Bu ağaclara ildə 12 dəfə çiləmə aparılıq. Havalar nəmişlik olanda 2-3 dəfə də artıq aparılır çiləmə. Meyvə güldən çıxan vaxtı ona güclü poroşok dərmanlar verilməlidir. Bu da qara dəmgil xəstəliyinin qarşısını alır. Almanın üstündə qara xalların olmaması üçün bu vacibdir. Bu dərmanlar bahalıdır. 64 sota 1 ton dərman gedir. Traktora da hər çiləmədə 15 manat verdiyimi nəzərə alın. Bir dəfə çiləməyə 67 manata yaxın pul gedir. 10 dəfə çiləmə aparılsa bu da edir 600-700 manat. Bir hektarda isə bu 1500 manata qədər olur. Üstəlik, nəzərə alın ki, əgər bütün ağaclar bir ilə meyvə gətirirsə, gələn il həmin ağacların 30 faizində olur meyvə. Yarı-yarıya olanda sevinirik ki, heç olmasa hər il bərabər məhsul götürəcəyik. Deyək ki, yetişən meyvə 3000 manat gəlir gətirdi. Elə onun 1500 dərmanlara, suvarmaya gedir. Sənə qalan 1500 manat illik əziyyətinin qiyməti belə deyil. İl boyu neçə dəfə ağacları budamaq lazım gəlir, diblərini belləyib yumşaltmaq, qulluq etmək, dərmanlamaq, nazını çəkmək. İndi mən deməyim siz deyin, qubalıya alma əkmək sərf edərmi?".

"Dağıstandan gəlib Qubadan alma alıb aparırlar, ancaq biz Dağıstan bazarına çıxa bilmirik"

Yanacaq bahalaşandan kəndlilərin dərdi bir az da artıb. İndi ümumiyyətlə Bakı bazarına çıxa bilmirlər: "Yanacaq bahalaşıb. Millət malını bazara maşınla aparır. Belə olan halda əldə etdiyimiz gəlir bir az da azalır. Qazandığımız 1500 manatın da min dərdi olur. Maşına, fəhləyə və s. Sənə qalır 700-800 manat. Günəmuzd iş istənilən yerdə ayı 300 manatdır. Fəhləlik etməkdirsə, nə fərqi!? Elə gedib başqasının həyətində, evində işləyib aya 300 manat qazanaram də... Nəyimə lazımdır bu qədər stress, bu qədər əsəb... Heç bilmirsən, sonunda ağaclar yaxşı bar verəcək ya yox. Bunun stressi nəyə desən dəyir. Gömrük bağlıdır. Əvvəllər Rusiyaya aparıb satırdıq. İndi hara aparım? Sərf etmir. Dərbəndə 60 km yoldur. Amma nə olsun? Gömrük rüsumunun yüksək olması xarici bazara çıxmağımıza imkan vermir. Meyvəmizi sata, ailəmizi dolandıra bilmirik. Dağıstandan gəlib Qubadan alma alıb aparırlar, ancaq biz Dağıstan bazarına çıxa bilmirik".

"Bəlkə bu il şans gətirdi, sata bildik"

Rəşid Əliyev isə alma bağını 2 hektar ərazidə salıb. Deyir "olmasa bundan yaxşıdır". R. Əhmədov bu il ağaclarına 1200 manata qədər xərc çəkib ki, meyvələrdə xəstəlik olmasın. Ancaq o, payızda meyvələr yetişəndə bu xərcinin borcunu ödəməyəcəyini deyir: "1200 manat təkcə ağacların müalicəsinə xərclənib. Hələ bunun suvarılması, yığımı var. Bunlar da üstünə gəlsə 2000 manata qədər xərcim çıxacaq. Bəlkə də 2500 manat. Ancaq mən inanmıram ki, meyvənin satışı bütün bu xərcləri üstələsin. Yenə, bir ümid, əkmişik. Bəlkə bu il şans gətirdi, sata bildik".

Cavabsız suallar

Ölkədə ən çox istehlakçının cəmləşdiyi Bakıda əhali xaricdən gətirilən meyvələri alıb yediyi halda, paytaxtdan cəmi 170 kilometr aralıda yerləşən Qubada alma niyə alıcı üzündən çürüməlidir?
Ölkə əhalisi təlabatını xaricdən idxal olunan məhsullarla ödədiyi halda kəndli, fermer öz məhsulunu bazarlara niyə çıxara bilmir? Quba kimi meyvəçilik rayonunda niyə emal müəssisələri yoxdur? Qubalılar üçün əvvəlki ticarət yolları niyə qapanıb, Rusiya bazarlarına məhsul ixrac edə bilmirlər? Nəhayət kəndlinin malı üçün ədalətli qiymət müəyyənləşdirmək niyə həmişə problem olur?
Qubalıları düşündürən bu suallar əslində Azərbaycanın başqa bölgələrinin əhalsini də düşündürür. Bu gün Lənkəranda, Astarada, Tovuzda, Gədəbəydə, Saatlıda, Sabirabadda eyni problemlər hökm sürür, əhali ya istehsal etdiyini sata bilmir, yaxud ucuz satıb növbəti məhsul ilinə hazırlaşa bilməyərək yoxsullaşır./bizimyol/
1372 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48