Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

“Bunun üçünmü oğul dünyaya gətirmişdim?“

İntihar edən polkovnikin anası: “Bunun üçünmü oğul dünyaya gətirmişdim?“

“Bir televiziya belə polkovnik-leytenantın dəfnini işıqlandırmaq üçün gəlmədi...”

Aprelin 7-si intihar edən Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant, 1970-ci il təvəllüdlü Natiq Balıyevin ölüm səbəblərini araşdırmaq üçün onun Sumqayıtda yerləşən mənzilinə yollandıq.

Bizi elə dünən torpağa tapşırılan mərhumun ailəsi qarşıladı. N.Balıyevin anası Məcidova Dünya xanımın bizi görən kimi ilk sualı isə belə oldu: İndiyə qədər harda idiniz və nədən dünəndən bəri bir mətbuat, bir televiziya polkovnik-leytenantın dəfnini işıqlandırmaq üçün gəlmədi...

“Qafqazinfo”ya danışan polkovnikin anası deyir ki, əgər mətbuat bizimlə əlaqə saxlasaydı o zaman bu qədər yalan xəbərlər də yayılmazdı. Bu yaxınlarda oğluna hərbi rütbə verildiyini, daha sonra Bakıda 3 otaqlı mənzillə təmin edildiyini deyən ana oğlunun nədən intihar etdiyi haqda heç bir təsəvvürünün olmadığını deyir:

“Bir oğlumu şəhid vermişəm. Bu oğlum da belə. Bunun üçünmü oğul dünyaya gətirmişdim?. Oğlumun iki azyaşlı yetim övladı qaldı. İndi kim onlara sahib çıxacaq?”.

Ailə üzvlərinin sözlərinə görə, daha əvvəl Ağcabədidə xidmət edən N.Balıyev işində göstərdiyi yüksək xidmətlərə görə dəfələrlə diplomlarla təltif olunub və bu yaxınlarda rütbə verilib, az sonra isə mənzillə təmin olunub. Heç kəslə münaqişəsi olmayan polkovnik-leytenantın son günə qədər də intihar etməsinə səbəb olacaq heç bir durum yaşanmayıb :

“İntihar etdiyi axşam həyat yoldaşı ilə danışıb və deyib ki, sabah növbədə olduğu üçün elə Bakıdakı mənzildə qalacaq. İşə də ordan gedəcək. Son ana qədər yeni evini təmir etdirən, mebel sifariş edən bir adam nədən durub-durub intihar etsin?”.

Ailəsi deyir ki, Natiqin intihar etdiyini elə iş yoldaşlarından öyrəniblər: “İşə gəlmədiyi üçün narahat olublar və bizə zəng ediblər. Biz də dərhal qaldığı evə yollandıq. Ora çatanda elə nazirliyin də əməkdaşları gəlmişdi. Qapı arxadan bağlı idi. İçəri keçmək üçün qapını sındırmalı oldular. Özünü yataq otağında tavandan asmışdı”.

Mərhumun anası deyir ki, oğlunun ölüm səbəbi onlar üçün qaranlıqdır. Buna görə də yeganə çarə ekspertizanın nəticələrini gözləməkdir.
1724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi