Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

Ölkədə yoxsullar artıb, yoxsa azalıb?

Əliyev səviyyənin minimuma endirildiyini deyir

Nazirliyin açıqladığı rəqəmlərsə bunun əksini göstərir

Hakimiyyət təmsilçilərinin ölkədəki iqtisadi inkişafla bağlı səsləndirdikləri fikirlər, ortaya qoyduğu faktlar bir çox halda elə rəsmilərin öz dilindən də təkzib olunur. Xüsusilə Azərbaycanda yoxsulluğun səviyyəsinin tam aradan qaldırıldığı ilə bağlı yalanlar həm rəsmi statistika, həm də məmurların açıqladığı rəqəmlərlə ifşa olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı son rəqəmlər ölkədə yoxsulluğun hələ də yüksək səviyyədə olduğunu göstərir. Hazirliyin açıqladığı rəqəmlərə görə, ölkədə 612 min adam sosial yardımla dolanır. Bu ilin aprel ayınadək 139573 ailə ünvanlı dövlət sosial yardımı alıb. Onlardan 39143-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildə ehtiyac meyarının məbləği 30 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin əvvəlindən 100 manata çatdırılıb.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda ünvanlı sosial yardım almaq üçün bir çox meyarlara cavab vermək lazımdır.
Məsələn, müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının həcmindən aşağı olan aztəminatlı ailələrin sosial yardım almaq hüququ var.
Ancaq hətta bu halda da ailə sosial yardımdan məhrum edilə bilər. Yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil alıbsa, yaxud nəqliyyat vasitəsilə sahibdirsə, ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi varsa, bu halda ailə sosial yardım ala bilməz. Bu isə o deməkdir ki, qazanc mənbəyi olmayan, lakin mənzilə sahib olan ailələr sosial yardım ala bilməz. Yaxud məcburiyyət qarşısında qalıb kredit götürən yoxsul ailə də yardımdan əlini üzməlidir. Dəfələrlə köhnə və yararsız avtomobili olan ailələrin yardımdan məhrum edilməsi hallarına rast gəlinib. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə sosial yardıma ehtiyacı olan ailələrin sayı hazırda bu yardımı alanlardan xeyli çoxdur. Hətta belə olmasa da, əhalisinin bir hissəsi qazanc adı ilə ölkəni tərk edən Azərbaycanda yoxsulların sayı azalmaq bilmir.

Xatırladaq ki, dövlət başçısı Naxçıvana səfəri zamanı ölkədə yoxsulluğun səviyyəsinin minimuma endirildiyini dedi. 612 min adamın ünvanlı sosial yardım aldığı, bəlkə bir o qədərinin də o yardıma ehtiyacı olduğu bir ölkədə yoxsulluğun səviyyəsinin minimuma endirildiyini demək heç bir məntiqə sığmır./azadlıq/
1526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber