Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2014

Siyavuş Novruzovun əsgər ölümlərinə əcaib izahatı narazılıq doğurdu

Üzeyir Cəfərov: “Ordudakı proseslərlə bağlı generalları yığıb onlardan hesab sormağın vaxtı çatıb” 

Ordudan gələn faciəli xəbərlərin ardı-arası kəsilmir. Səfər Əbiyev müdafiə naziri olarkən orduda baş verən bədbəxt hadisələr daha çox onun idarəçiliyi ilə əlaqələndirilirdi. Ötən ilin oktyabrında müdafiə naziri dəyişdi və Zakir Həsənov nazir təyin edildi. Amma ordudan gələn bəd xəbərlər yenə də səngimədi.


Belə ki, bu ilin ilk rübündə-martın 31-dək müdafiə sektorunda itkilər 17 nəfərə çatıb, yaralanan və ya xəsarət alanların sayı isə 25 nəfər olub. Dünyasını dəyişənlərin 5-i döyüş (erməni gülləsi), 12-i isə qeyri-döyüş itkiləridir. 3 nəfər avtoqəzadan, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 6 nəfər intihar edib (asma, güllələmə). Dünyasını dəyişənlərin 15-i Müdafiə Nazirliyinin, 2-si Ədliyyə Nazirliyinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (25 nəfər) onların 12-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 3-ü intihara cəhddən, 2-si erməni gülləsindən, 2 nəfər mina partlayışından, 6-sı isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıb. 22 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.

Aprel ayının ilk 10 günü isə ordumuz üçün daha uğursuz olub. Bu ayın ilk 10 günlüyündə ordumuz 2 zabitini, 1 gizirini və 4 əsgərini itirib.

Aprelin 7-də Hərbi-Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Malıyev yaşadığı evdə özünü asıb. Aprelin 7-də axşam saatlarında N saylı hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan açılan güllə onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəyib. Əsgər İ.İsmayılov dünyasını dəyişib. Mayor R.Əliyev isə ağır yara alıb.

Aprelin 7-də gecə saatlarında cəbhənin Füzuli istiqamətində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində səngərbərkitmə işləri aparan əsgərlərimiz minaya düşüb. Minanın partlaması nəticəsində 1 zabit, 2 əsgər həlak olub. 6 əsgərimiz isə yaralanıb.
Ümumilikdə bu il ərzində 24 hərbçimiz dünyasını dəyişib. Ən dəhşətlisi isə onlardan cəmi 5-inin düşmən gülləsindən, 19-nun isə qeyri-döyüş şəraitində həlak olmasıdır.

Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, orduda ölüm halları, intiharlar təbii haldır: “İntihar halları dünyanın bir çox ölkələrinin ordularında olur. Ümumilikdə götürəndə bu hallar dünyanın bütün ölkələrində baş verir. Ən çox intihar halları Amerika və Böyük Britaniyada baş verir. Baxmayaraq ki, bu ölkələrdə döyüşçülər pulla, müqavilə əsasında xidmət edən şəxslərdir. Elə bu yaxınlarda Əfqanıstan ordusunda 20 nəfər intihara cəhd etdi. Mən sovet ordusunda da, Milli Ordu yaradılmamışdan əvvəl özünümüdafiə dəstələrində də xidmət etmişəm. Keçmiş sovet ordusunda ölüm halları həddən artıq çox olurdu. Amma bu faktlar gizlədilirdi.

İntiharların qarşısını almaq üçün əsgərlər, həmçinin zabitlər arasında mobil əlaqə kəsilməlidir. Əsgər valideynləri ilə danışır, eşitdiklərindən təsirlənir. Bəzi xəbərləri emosional şəkildə qəbul edir. Onların eşitdiyi pis xəbər psixoloji olaraq təsir edir. Bu da nəticədə depressiyaya, mənəvi sıxıntıya, intihara, digər əsgər yoldaşlarına zərər verməyə gətirib çıxarır. Azərbaycanda ordu çağırış əsasında formalaşdırılır. 18 yaşına çatan gənclər orduya çağırılır. Həyat təcrübəsi keçməyən şəxslər bir araya toplaşır. Elə orduda yox, cəmiyyətimizin özündə də intiharla bağlı xəbərləri tez-tez eşidirik. Kimsə özünü dənizə atır, kimsə asır, kimisi başqa üsulla intihara cəhd edir. Ordu da cəmiyyətin bir hissəsidir. Mülki həyatda belə hadisələr baş verirsə, əlində silah, düşmənlə üzbəüz duran, təlimlərdə olan şəxslərin arasında da belə halların müşahidə olunması təbii haldır. Əsas çıxış yolu psixoloqların əsgərlərlə ciddi şəkildə işləməsidir".


Hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında deputatın orduda ölüm hallarını, intiharları təbii saymasından heyrətə gəldiyini bildirdi. Ü.Cəfərovun fikrincə, S.Novruzov hakim partiyanın rəhbərliyində və parlamentin müvafiq komitəsində olan şəxs kimi orduda baş verən ölüm hallarının çoxalmasından narahatlığını ifadə etmək, Müdafiə Nazirliyinin rəhbərliyindən cavab sorulması məsələsini qaldırmaq əvəzinə ölüm hallarını təbii sayır. Ona görə də Azərbaycan xalqı onun əsgər övladlarının faciəsinə bu cür yanaşan insanlara münasibətini bildirməlidir: “Orduda ölüm hallarının artması qətiyyən təbii hal hesab edilə bilməz. 

İntiharların və digər ölüm hallarının çoxalması ordunun idarəçiliyindəki nöqsanlarla bağlıdır. Siyavuş Novruzov yaxşı olar ki, məhz həmin nöqsanların aradan qaldırılması üçün çağırışlar etsin. Ötən ilin oktyabr ayından müdafiə naziri vəzifəsinə təyin edilən Zakir Həsənov faktiki olaraq yalnız əmrlərin imzalanmasına cavabdehlik daşıyır. Yerdə qalana məsələlər bütövlükdə baş qərargah rəisi Nəcməddin Sadıqov və onun ətrafı tərəfindən həyata keçirilir. Kadr təyinatındakı nöqsanlar, idarəçilikdəki nöqsanlar, narazılıqlar orduda faciələrə gətirib çıxarır”.

Hərbi ekspert ali baş komandan İlham Əliyevin ordudakı proseslərlə bağlı generalları yığıb onlardan hesab sormasının vaxtının çatdığını dedi: “Təklif edirəm ki, İlham Əliyev yaxın günlərdə Azərbaycan silahlı qüvvələrinin rəhbərliyini, generallarını bir yerə yığsın. Onlardan orduda nə baş verdiyini izah etmələrini sərt şəkildə tələb eləsin. Generallardan soruşsun ki, siz nə işlə məşğulsunuz. Necə ki, vaxtilə Heydər Əliyev belə edirdi”.
1733 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı