Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

Moskva polisi “qara” ovunda

Moskvada Rusiya ərazisində qanunsuz yaşayan şəxsləri kirayənişin olaraq saxlayan vətəndaşların iri məbləğdə cərimələnməsi prosesi başlayıb. Bu haqda xəbəri “Yeni Müsavat” Rusiyadakı qaynaqlardan əldə edib.

Oktyabrın 20-dən Moskva polisi paytaxtın bütün rayonlarında reydlər keçirərək kirayə mənzillərdə qalan şəxslərin sənədlərini yoxlayır. Yerli qanunlara görə, evində Rusiyada yaşamaq hüququ olmayan şəxsləri saxlayanlar kirayə haqqının 20 faizi qədər cərimə olunurlar. Nəzərə alsaq ki, Moskvada ən ucuz kitayə qiymətləri 1000-1500 dollardan başlayır, o zaman cərimələrin yetərincə iri məbləğ olduğunu söyləmək olar. Reydlər zamanı MDB-dən Rusiyaya əməkçi miqrant olaraq gələn və Moskvada heç bir sənəd əldə etmədən yaşayan minlərlə şəxsin aşkar edilməsi haqqında xəbər var. Bu şəxslərin bəziləri Rusiya paytaxtında ailələri ilə bərabər yaşayır. Ev sahiblərini cərimələməklə yanaşı polis sənədi olmayan şəxslərə Rusiyanı tərk etmək üçün 72 saat vaxt verir.

Son günlər miqrantlarla bağlı Moskvada baş verən olaylar Rusiyaya işləmək üçün gələnlərin ciddi problemlərlə üzləşməsinə səbəb olub. Miqrantların dediklərinə görə, Rusiyada çox az şəxs yaşamaq hüququ ala bilir. Çünki qanunlar işəgötürənlərin qarşısında bu məsələ ilə bağlı xüsusi baryerlər qoyub. Əsasən topdan və pərakəndə satış mərkəzində işləyən miqrantlar yaşamaq izni üçün ümumiyyətlə hara müraciət etməli olduqlarını belə bilmirlər. Dediklərinə görə, indiyə qədər bu cür problemləri Rusiyada bütün problemlərin ən asan çözümü sayılan rüşvətlə həll ediblər. Ancaq indi polislə anlaşmaq o qədər də asan deyil. Bu da onu deməyə əsas verir ki, Moskvanın gəlmələrdən təmizlənməsi haqda göstəriş yuxarıların xüsusi tapşırığıdır.

Baş verənlər Rusiyada ərzaqların son 3 gündə kəskin bahalaşmasına səbəb olub. Miqrantların vətənlərinə göndərilməsinə, bazarların bağlanmasına görə qiymətlər saatbasaat artır. Yerli sakinlərin dediklərinə görə, əgər bir neçə gün öncə Moskva bazarlarında pomidorun satış qiyməti 40 rubl idisə, indi qiymət 200 rubla yaxınlaşmaqdadır.

Prosesin hardan qaynaqlandığı haqda isə müxtəlif proqnozlar səslənir. Bir sıra qaynaqlar baş verənlərin paytaxtda bazarların ümumiyyətlə ləğv edilməsinin, Moskvada kriminal aləmin əsas qaynağı sayılan bazarların modern satış şəbəkələri ilə əvəz edilməsinin planlaşdırılması ilə izah etsələr də, məsələnin siyasi tərəflərinin olduğunu düşünənlər də var. Ancaq aydındır ki, bu cəhdlərin hamısı son dərəcə iri kapitalın eyni mərkəzdən idarə olunmasına yönəlikdir.
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber