Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Polis İdarəsinin binasına girəndə bizə qarşı hörmətsizlik etdilər

Həbsdən buraxılan ilahiyyatçı “Yeni Müsavat”a danışdı
Quran hafizi Zülfüqar Mikayılzadə həbsinin ona qarşı təzyiq məqsədi güddüyünü deyir...
Aprelin 12-də həbs edilən tanınmış ilahiyyatçı Zülfüqar Mikayılzadə azadlığa buraxılıb. Xəbər verdiyi kimi, onunla birgə sürücüsü Sərvər və “Lenkeranxeber.com” saytının jurnalisti Ramik Cəfərzadə də polisə aparılmışdı.

Bəzi media orqanlarında ilahiyyatçının MTN əməkdaşları tərəfindən dindirilməsi ilə bağlı xəbərlər yayılmışdı.

Sonradan məlum oldu ki, Hacı Zülfüqar Mikayılzadə və digər 2 nəfərin saxlanılmasına səbəb kimi yaşayış üçün nəzərdə tutulmuş evin ofis kimi istifadə edilməsi göstərilib. Mənzilin sahibi də bölməyə çağırılıb. Aprelin 12-də gecə saat 23 radələrində isə ilahiyyatçı və daha iki nəfər azad edilib. Ancaq həftənin birinci günü Yasamal Rayon Məhkəməsində ilahiyyatçı ilə bağlı şikayətə baxılacaq.

Ötən gün “Yeni Müsavat”a baş verən hadisə ilə bağlı məlumat verən Zülfüqar Mikayılzadə bildirdi ki, baş verənlər gözlənilməz olub. O, polisdə kobudluqla qarşılaşdığını bildirdi: “Səhər sahə müvəkkili və daha bir polis zabiti ofisə gəliblər. Orda olan işçini polisə aparıblar. Ofisdə olan həmin qardaş mənə zəng edib dedi ki, bəs gəliblər məni polisə aparırlar, mən də dedim ki, get gör nə deyirlər. Sonradan mənə də telefonla zəng edib Yasamal Rayon Polis İdarəsinə dəvət etdilər. Polis İdarəsinin binasına girəndə bizə qarşı hörmətsizlik etdilər. Biz də onların cavabların verdik, bildirdik ki, biz bura vətəndaş kimi daxil olmuşuq. Bundan sonra Polis İdarəsindən gəlib olaya müdaxilə etdilər, bizə hücum edən polislərə təpki göstərildi”.

İlahiyyatçının sözlərinə görə, polisdə onlara ofisin qonşuluğunda yaşayanlardan şikayət olduğunu və qanunsuz olaraq dini dərslər keçdiyini bildiriblər: “İdarədə bizə dedilər ki, qonşular sizdən şikayət edir. Guya qonşuluqda yaşayan iki vəhhabi və ofisin qonşuluğunda yaşayan insanlar şikayət ediblər ki, ofisə çoxlu insanlar gəlir, narahatlıq olur və sair. Ancaq bizə şikayət məktubu göstərmədilər. Onu da dedilər ki, guya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almadan qanunsuz dini dərslər keçirəm. Bizdən izahat aldılar ki, kurs təşkil etmək qanunsuzdur, buna görə cərimə olunmalısınız. Birinci gün işi məhkəməyə göndərəcəklər. Ofis Yasamal rayon ərazisindədir”.

İlahiyyatçı deyir ki, onları gecə saat 11-dək polisdə saxlayıblar və bunun səbəbi izah olunmayıb. Yalnız bildirilib ki, rəis gəlib icazə verdikdən sonra azad ediləcəksiniz. Bundan başqa ilahiyyatçının vəkili də polis idarəsinə buraxılmayıb. Z.Mikayılzadə baş verənləri özünə qarşı təzyiq kimi qiymətləndirdi: “Saat gecə 11-dək saxladılar və bu müddətdə vəkilimizi Polis İdarəsinə buraxmadılar. İlyas adlı polis əməkdaşı bizi dindirdi, amma bildirdilər ki, rəis yoxdur. Bizə qarşı iddianın əsası yox idi. Birincisi, biz o ofisdə kütləvi olaraq dərslər təşkil etməmişik.

Bir neçə nəfər yanıma gəlib, onlara Quran dərsi keçmişəm. Amma belə kütləvi şəkildə dərslər olmayıb. Üstəlik, cəmi 3 aydır ora köçmüşük. Bu müddətdə elə də çox tələbələr olmayıb. İkincisi isə biz polisdə də bildirdik ki, əgər ərazidə sakinlərdən kiminsə narazılığı vardısa, bizə sahə müvəkkili tərəfindən bunu bildirmək olardı. Amma buna görə, yəni qonşuların şikayətini əsas götürüb 3 nəfəri həbs edib saatlarla polis idarəsində saxlamanın başqa anlamı yoxdur. Birbaşa deyilməsə də, idarəyə çağırılmağımız, həmçinin vəkilimizin buraxılmaması bizə qarşı təzyiq idi”.

Xatırladaq ki, Quran hafizi, ilahiyyatçı Zülfüqar Mikayılzadə hakimiyyətin hicab qadağasını sərt tənqid edib. 2011-ci ildə islamçılara qarşı silsilə həbslər zamanı saxlanılıb. Daha sonra barəsində çıxarılan həbs qətimkan tədbiri dəyişdirilib, şərti cəza ilə azadlığa buraxılıb.

KƏNAN
1191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45