Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Azərbaycan və İran müdafiə nazirləri arasında görüş keçirilib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda iranlı həmkarı Hüseyn Dehqanla görüşüb.

İRNA-nın verdiyi məlumata görə, Z.Həsənovun şərəfinə rəsmi qəbul mərasimi keçirilib. Azərbaycanın müdafiə naziri İran-İraq müharibəsində şəhid düşənlərin məzarını ziyarət etdikdən sonra İran Müdafiə Nazirliyində Azərbaycan və İran müdafiə nazirləri arasında danışıqların ilk mərhələsi keçirilib. Görüşdə ikitərəfli hərbi əməkdaşlıq, eləcə də siyasi, hərbi və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub.

H.Dehqan İran və Azərbaycanın ortaq mədəni və dini dəyərlərə sahib olduğunu bildirib: “Xalqlarımız arasında dostluq və qardaşlıq münasibətləri uzun müddətdir davam edir. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhlükəsizlik və müdafiə sahəsi də daxil olmaqla bütün sahələrdə əlaqələrin inkişafı üçün böyük potensial var. İranla Azərbaycan da öz potensiallarından qarşılıqlı əməkdaşlıq məqsədilə istifadə edə bilər”.

İranın müdafiə naziri həmçinin hər iki ölkəni maraqlandıran mühüm regional və qlobal məsələlərə də toxunub: “İran hökumətinin xarici siyasətinin əsas prioritetlərindən biri qonşu ölkələrlə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. İranın xarici siyasətində Azərbaycan Respublikasının xüsusi yeri var”.

H.Dehqan İran Müdafiə Nazirliyinin Azərbaycanın müdafiə sahəsi üzrə ehtiyaclarını da təmin etməyə hazır olduğunu bildirib: “Bu səfərin iki ölkə arasında müdafiə və hərbi sahədə əlaqələrin daha da inkişafına təsir göstərəcəyinə ümid edirəm”. İranın müdafiə naziri hər iki ölkənin sərhədlərini dostluq və qardaşlıq sərhədləri adlandırıb, regiondakı terrorizm və radikalizmdən danışıb.

Z.Həsənov isə öz növbəsində İrana səfərindən məmnun qaldığını deyərək, H.Dehqanı bu ölkənin müdafiə naziri postuna təyin edilməsi münasibətilə təbrik edib: “Bu səfərin iki ölkə arasında müdafiə sahəsində əlaqələrin inkişafına gətirib çıxaracağına ümid edirəm. İran bölgədə böyük bir ölkədir, Azərbaycanın qonşusu və dostudur və bu dövlətlə əməkdaşlıq ölkəmizin xarici siyasətinin prioritetlərindən hesab olunur. Hər iki ölkə arasında əlaqələr mərhum prezident Heydər Əliyev tərəfindən qurulub. Son illərdə yaxşı də inkişaf edib və indi də yeni mərhələyə qədəm qoyub. Bu il iki ölkə arasında əlaqələrin onuncu ildönümüdür”.

Azərbaycanın müdafiə naziri həmçinin İranın dincməqsədli nüvə fəaliyyətini dəstəklədiklərini vurğulayaraq, rəsmi Tehranla dünya ictimaiyyəti arasında nüvə razılaşmasının əldə olunmasına görə qonşu ölkəni təbrik edib: “Biz İranla dünya ictimaiyyəti arasında birgə fəaliyyətin yekun razılaşmanın əldə olunmasına gətirib çıxaracağına inanırıq”./apa/


1156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22