Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Şikayətçi ölümlə hədələnir

Bakı şəhər sakini acınacaqlı həyatı barədə “Yeni Müsavat”a danışdı

Bakı şəhəri M.Şərifli küçəsi ev 74, mənzil 44-də yaşayan, Müsavat Partiyasının Nizami rayon təşkilatının fəal üzvü İsfəndiyarov Akif Əkbər oğlu redaksiyamıza müraciət edərək, kömək istəyib.

O, bildirib ki, yaxından tanıdığı Sərdarlı Rüfət Rizvan oğlu ondan 24000 AZN pul alaraq, sonradan qaytarmaqdan imtina edib. Bununla bağlı aidiyyatı orqanlara şikayət etsə də, nəticəsiz qalıb.

Şikayətçi Asif İsfəndiyarov baş verən hadisəni təfsilatı ilə “Yeni Müsavat”a danışıb: “Bakı şəhərində qanuni əsaslarla qapı-pəncərə düzəldən sex işlədirəm. İş prosesində lazım olan materialları müxtəlif hüquqi və fiziki şəxslərdən alıram. 2013-cü ilin iyul ayında Bakıxanov qəsəbəsi Ağayev küçəsi ev 22, mənzil 12-də yaşayan Sərdarlı Rüfət mənə ucuz qiymətə şüşə təklif etdi. Mən ondan ehtiyat etdiyimə görə razılaşmaq istəmədim. Çünki bundan əvvəl Dadaşov Nizami Fərman oğlu adlı tanışımdan şüşə gətirəcəyi bəhanəsi ilə 15250 ABŞ dolları alıb, qaytarmamışdı. Bu barədə hətta onun haqqında cinayət işi belə qaldırılmışdı. Bütün bunlara baxmayaraq, o, məni aldatmağı bacardı. Mənə “birlikdə gedək Lənkərana pulu şüşə aldığın şəxsin özünə ver” dedi. Birlikdə Lənkərana getdik. Şüşə satan Rauf Əkbərov adlı şəxslə məni tanış etdi. Raufa 24000 AZN pul verdim. Mənə bir gün sonra şüşənin Bakıda olacağını dedilər. Ondan sonra sabahı nə qədər zəng vurdumsa, götürən olmadı. Məcburiyyət qarşısında qalıb, Nizami RPİ-nin İstintaq Şöbəsinə müraciət etdim. İş Lənkəran RPİ-nə göndərildi”.

Zərərçəkən başına gələn hadisələrin elə bundan sonra başladığını söylədi: “Şikayətimdən sonra nəyinsə düzələcəyinə çox ümid edirdim. Amma gözləntilərimin əksi oldu. Lənkəran rayon Polis Şöbəsinin müstəntiqi Famil Həsənov işə xitam verilməsi haqqında qərar çıxardı. Mən buna öz etirazımı bildirdim. Lənkəran rayon Prokurorluğuna, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Ombudsuman Elmira Süleymanovaya müraciət etdim. Bunlar da mənə kömək olmadı. Sanki ədaləti müdafiə etmək üçün insanların qəlblərindəki ədalət hissi ərşə çəkilib”.

Asif İsbəndiyarov hazırda yaşayış səviyyəsinin və maddi durumunun acınacaqlı vəziyyətdə olduğunu bildirdi: “Sexi açmaq üçün bacımın ev pulundan istifadə etmişdim. İndi bacım bir uşaqla kirayələrdə qalıb. Ona ev almağa imkanım yoxdur. Ailəmin də vəziyyəti çətindir. Bütün bunları başıma gətirdikləri azmış kimi, şikayət etdiyimə görə məni hər gün hədələyirlər. Konkret məndən şikayətimi geri götürməyimi tələb edirlər. Hətta məni “sənin və ailənin yaşadığı ünvanını tanıyırıq, bu işləri bitirməsən sənin üçün yaxşı olmayacaq. Həyatına heyfin gəlsin” kimi sözlərlə təhdid etməkdən çəkinmirlər. Belə ədalətsizlik olmaz. Mən sona qədər bu işdən əl çəkən deyiləm. Bu məsələ ilə bağlı bütün aidiyyatı orqanlardan kömək istəyirəm. Bacısı küçələrdə qalan, ailəsi aclıqla üzləşən vətəndaşa kömək etməyi hər kəsdən xahiş edirəm”.

Şikayətçi iddia edir ki, başına gətirilən oyunların səbəbi siyasi əqidəsi və fəallığıdır.
1369 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber