Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

4 islamçı fəalın məhkəməsi keçirildi

Ruhani Hacı Tale Bağırovun məhkəməsində yaranmış insident zamanı saxlanılan Seyid Musarza Heydərov və 3 nəfərin məhkəmə iclası keçirilib

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu gün Sabunçu rayon məhkəməsində, ruhani Hacı Tale Bağırovun məhkəməsində yaranmış insidentə görə saxlanılan Məhərrəm Süleymanov, Nail Rəşidov, Alim Rahibzadə və Seyid Musarza Heydərovun növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə təfərrüatını müxtəsər şəkildə qeyd edirik.

Məhkəmə iclası 13:35-də başlayıb. Vəkillərdən biri gəlmədiyindən onun yerinə Vuqar Əhmədov Nail Rəşidovun vəkili təyin edildi.


İlk olaraq zərərçəkmiş qismində Məmmədov Məhəmməd ifadə verdi. O, oktyabr ayın 28-də Tale Bağırovun məhkəməsi zamanı polis idarəsindən daxil olan məlumat əsasında hadisə yerinə gəldiyini, avtomobil hərəkətinə mane olan, şüarlar səsləndirən şəxsləri uzaqlaşdırmağa çalışarkən Seyid Musarza Heydərov tərəfindən sağ ayağından təpiklə vurularaq zədə aldığını bildirdi. Seyid Musarza Heydərovun məhkəmədən təqribən 100-150 metr aralıda küçə kənarında digər polislər tərəfindən saxlanıldığını dedi.

Daha sonra, müqəssir prokurorun və vəkilin suallarını cavablandırdı.

Seyid Musarza Heydərov suallar verdikdən sonra, “İnsanlar və polislər şərəfli olmalıdılar. Polislərin şərəfli olması daha vacibdir. Mən sizi vurmamışam. Əgər vurmuşamsa, Allah məni vursun. Əgər sən yalan danışırsansa, Allah uyğununu sənə qaytarsın!” - dedi.

Qəhrəmanov Elşən şahid qismində ifadə verdi. O, 14-cü bölmənin əməkdaşı olduğunu və zərərçəkmiş Məmmədov Məhəmmədin ifadəsinə bənzər ifadə verdi. Qəhrəmanov Elşən Məmmədov Məhəmmədin təpiklə Seyid Musarza Heydərov tərəfindən vurulmasının və Tərxan Əhmədovun Məhərrəm Süleymanov tərəfindən vurulmasını gördüyünü bildirdi. Prokurorun və vəkillərin müvafiq suallarını cavablandırdı.

Sonra şahid qismində 13-cü bölmənin əməkdaşı Kazımov Xəyal ifadə verdi. Kazımov Xəyal da oxşar ifadə verərək, Məmmədov Məhəmmədin vurulmasına şahid olduğunu bildirdi.

Növbəti şahid kimi İsmayılov Qabil ifadə verdi. O, Tale Bağırovun məhkəməsi başlayan vaxtdan orda olduğunu Sərməz İmanovun Nail Rəşidov tərəfindən vurulmasını gördüyünü bildirdi. Həmçinin Samir Həşimovun özündən gedən halda gördüyünü, lakin kim tərəfindən vurulduğunu görmədiyini dedi. Tərxan Əhmədovun Məhərrəm Süleymanov tərəfindən vurulmasını gördüyünü də əlavə etdi.

Məhərrəm Süleymanov ondan harada saxlanıldığını soruşduqda, hadisə zamanı saxlanıdlığını dedi.

Məhərrəm Süleymanov qardaşının arxasınca polis bölməsinin qarşısında gedərkən saxlanıldığını deyərək, keçən məhkəmədəki ifadəsini təkrarladı.

Məhərrəm Süleymanov: Məni Ədalət, Tərxan olmaqla 5 nəfər skoçluyub döyəndə görmədinmi?

İsmayılov Qabil: Xeyr.

Məhərrəm Süleymanov: Təcili yardım gələndə mənə su verən sən deyildin?

İsmayılov Qabil: Xeyr.

Məhərrəm Süleymanov: Bizi döyə bilərsiniz, amma əsla dinimizi əlimizdən ala bilməzsiniz. Əli aşiqləriyik biz. Sənin ürəyində zərrə qədər insaf varsa, düzünü danış! Axirətdə iki əlim yaxanda olacaq.

Sonra Quliyev Orxan şahid qismində ifadə verərək, Sərməz İmanovun Nail Rəşidov tərəfindən dəmirlə vurulmasını gördüyünü bildirdi. Samir Həşimovun Alim Rahibzadənin üstünə qaçdığını və Alim Rahibzadənin onu arxadan vurduğunu dedi. Vəkil isə “Necə ola bilər ki, üstünə qaçsın amma arxadan vurulsun?” - deyə sual verdi.


Mülki şahidlər Taleh Məhərrəmov və Bəkir Süleymanovun ifadələri isə diqqət çəkən məqamlardan idi.

Taleh Məhərrəmov: Mübahisə və heç bir polisə müqavimət göstərildiyini görməmişəm. Özüm də digər qardaşlar kimi məhkəməyə gəlmişdim. Məni də 13-cü bölməyə apardılar. Cərimə tərtib ediləndən sonra buraxdılar.

Seyid Musarza Heydərov: Məni vuranda gördün?

Taleh Məhərrəmov: Koridorda vururdular. Sonrasını görmədim.

Seyid Musarza Heydərov: Koridordan sonra kabinetə apardılar, orada çox böyük hörmətsizlik etdilər, söydülər, tüpürdülər və döydülər.

Hakim Kazımov Elşən Taleh Məhərrəmovun yazılı ifadəsini oxudu və Taleh Məhərrəmov həmin ifadə ilə ilk dəfə tanış olduğunu və oxumadan qol çəkdiyini vurğuladı. İfadədə polisə digərləri tərəfindən müqavimət göstərildiyi və Tale Bağırova pərəstiş etmək kimi cümlələr var idi.

Taleh Məhərrəmov: Biz tək olan Allaha pərəstiş edirik.

Bu məhkəmə prosesində son olaraq şahid qismində Məhərrəm Süleymanovun qardaşı Bəkir Süleymanovun ifadəsi dinlənildi.

Bəkir Süleymanov: Tale Bağırovun məhkəməsi zamanı oturmuşdum. Fasilədə çölə çıxdım. İsmayılov Qabil özü başladı aranı qarışdırmağa. Təpik atırdı, itələyirdi insanları. Bizi çölə çıxardılar. Məni də maşına mindirib apardılar. Əlimizi skoçla bağlayıb döydülər. Orada göstərilən ifadəmi isə - mənə dedilər səni də narkotiklə tutarıq - deyə imzaladım. Orda başqa bir qardaşa su ilə metanol içirdib, qanından narkotik çıxarmışdılar. Mənə 15 sutka həbs verdilər. Biz görmüşük insanı cinayət törətdiyinə görə tutarlar. Amma burada maraqlı vəziyyət idi. Bizə dedilər ki, bu iki yekəpəri, onu və ağsaqqalı tutaq. (əli ilə təqsirləndirilənləri göstərir)

Hakim Kazımov Elşən növbəti məhkəmə iclasını aprel ayının 23–ü saat 12:00-a təyin etdi. Növbəti məhkəmə iclasında qalan iki şahid dindiriləcək.
1332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı