Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Qorbaçova qarşı cinayət işi açılması tələb olunur

Rusiyada deputatlar baş prokurordan 1991-ci ildə Mixail Qorbaçova qarşı açılmış cinayət işi haqqında Dövlət Dumasına məlumat verməyi xahiş ediblər

Rusiya Dövlət Dumasının Kommunist fraksiyasından olan deputatları Valeri Raşkov və Sergey Obuxov baş prokuror Yuri Çaykadan 1991-ci ildə SSRİ prezidenti Mixail Qorbaçova qarşı açılmış vətənə xəyanət maddəsi ilə bağlı cinayət işi haqqında Dövlət Dumasına məlumat verməyi xahiş ediblər.

Bu barədə Rusiya Kommunist Partiyasının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, 1991-ci ilin noyabrında SSRİ Baş Prokurorluğunun dövlət təhlükəsizliyi qanunlarının icrasına nəzarət İdarəsinin rəisi Viktor İlyuxin Mixail Qorbaçova qarşı vətənə xəyanət maddəsi ilə cinayət işi açıb. Cinayət işi Qorbaçov tərəfindən imzalanmış SSRİ Dövlət Şurasının Estoniya, Latviya və Litvanın müstəqilliyini tanıması haqqında qərarla bağlı olub. Lakin o zamanki baş prokuror Nikolay Trubin cinayət işinə xitam verib. Səbəb kimi də Baltikyanı ölkələrin müstəqilliyinin tanınması haqqında qərarın şəxsən Qorbaçov tərəfindən deyil, Dövlət Şurası tərəfindən verilməsi göstərilib.

"Deputat fəaliyyətimizdəki təcrübəmizdə qarşılaşdığımız suallarla bağlı arxivdə olan məlum cinayət işi materiallarının bir nüsxəsinin Dövlət Dumasına təqdim olunmasını sizdən xahiş edirik".-deyə Kommunist Partiyasından olan deputatların Rusiyanın baş prokuroru Yuri Çaykaya ünvanladığı müracitədə bildirilib.

Qeyd edək ki, ötən həftə Rusiya Dövlət Dumasının bir qrup deputatı SSRİ-nin dağılması səbəblərinin araşdırılması və Mixail Qorbaçovun bu işldə rolunun olması isə bağlı Rusiya Federasiyası Baş Prokurorluğuna sorğu göndərib. Deputatlar Yuri Çaykaya SSRİ-nin dağılmasında əli olanlar, o cümlədən o vaxt ölkəni idarə edən Mixail Qobaçov barəsində cinayət işinin açılması ilə bağlı müraciət ediblər.

Sorğunun müəlliflərindən biri, Vahid Rusiya partiyasından olan deputat Yevgeniy Fyodorov iki suala istintaq yolu ilə aydınlıq gətirilməsini tələb etdiklərini bildirib: "1991-ci ildə xarici intervensiyanın mexanizm və faktları, eləcə də dövlət çevrilişi formasında bu intervensiyanın metodları, hansı ki, analoji olaraq hazırda Ukraynada baş verib".

Mixail Qorbaçov isə onunla bağlı səslənən iddialara belə cavab verib: "Baş prokurorluqla əməkdaşlıq etməyə hazıram. Rusiyada bütün problemlər həll olunub, daha heç bir problem yoxdur, indi hər kəs bununla məşğul ola bilər"./apa/
1303 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber