Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

Jirinovski Orxan Zeynalovun törətdiyi qətli “sifarişli” adlandırdı

Rusiya Dövlət Dumasında daxili işlər nazirinin və Federal Miqrasiya Xidməti rəhbərinin iştirakı ilə miqrant probleminə dair dinləmələr keçirilir 

Bu gün Rusiya Dövlət Dumasında Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən törədilmiş qətl hadisəsindən sonra kəskin xarakter alan miqrant probleminə dair dinləmələr keçirilib.

Virtualaz.org saytı “Rossiya Today” telekanalında canlı yayımlanan dinləmələrə istinadən xəbər verir ki, parlament qarşısında hesabat verməyə daxili işlər naziri Vladimir Kolokoltsev və Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadonovski dəvət olunublar.

Daxili işlər naziri çıxışında Moskvanın Biryulevo rayonunda baş vermiş hadisələrdən, polisin qeyri-leqal miqrantlara qarşı keçirdiyi reydlərdən və səs-küylü qətli törədən şəxsin yaxalanmasından danışıb. V.Kolokoltsev bu tədbirlərin, o cümlədən Orxan Zeynalovun yaxalanması əməliyyatının görüntü xarakteri daşıdığı haqda fikirlərlə razılaşmadığını deyib. O bildirib ki, əməliyyat ancaq bir səbəbə görə nümayişkaranə xarakter daşıya bilərdi: “Hamı əmin oldu ki, polis milliyətindən və dinindən asılı olmayaraq cinayət törədən şəxsi yaxalamağa qadirdir”.

Nazir deyib ki, miqrantlar tərəfindən törədilən cinayətlərin sayı ilbəil artır və bu da əhalidə haqlı narahatlıq doğurur. Onun sözlərinə görə, hətta müxtəlif millətlərin nümayəndələrinin iştirakı ilə baş verən məişət münaqişəsi də situasiyanın nəzarətdən çıxmasına səbəb ola bilər.

V.Kolokoltsevin bildirdiyinə görə, Biryulevo sakini Yeqor Şerbakovun qətlinin üstünün operativ şəkildə açılması DİN-in nəzdində etnik cinayətkarlıqla mübarizə üzrə xüsusi şöbənin yaradılmasının mühüm rolu olub.

Nazir deyib ki, əhali bir tərəfdən miqrantlardan narazılıq edir, digər tərəfdən isə evlərini onlara kirayə verir: “Biryulevo rayonunda 2 mindən çox mənzil miqrantlara kirayə verilib. O biri tərəfdən rayon sakinlərinin bir qismi miqrantlara qarşı “xalq toplantısına” çıxır. Bu, qeyri-normal situasiyadır”.

Dinləmələr zamanı deputatlar hökumət üzvlərinə problemlə bağlı çoxsaylı suallar ünvanlayıblar.

Ən maraqlı çıxışı isə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski edib. Öz ənənəvi stilində çıxış edən Jirinovski əvvəlcə Rusiyanın problemlərinin, o cümlədən korrupsiyanın günahını qafqazlıların, azərbaycanlıların, gürcülərin üzərinə atıb.

Jirinovski deyib ki, vaxtilə SSRİ-də korrupsiyanı yaradanlar da məhz qafqazlılar idi. Onun sözlərinə görə, əgər rus general-qubernatoru Bakıda otursaydı və Azərbaycanı idarə etsəydi, bir nəfər azərbaycanlı da Moskvaya getməzdi: “Onlar oturub badımcan, pomidor, sitrus meyvələri yetişdirər, neftçi olardılar. İndi tökülüşüb gəlirlər Rusiyanın iri şəhərlərinə. Azərbaycanlının nəyinə lazımdır rus dilini öyrənsin? Ona ticarət meydançası lazımdır”.

Jirinovski daha sonra Biryulevo hadisələrindən danışıb. Bildirib ki, əslində Moskvanın bu rayonunun sakinlərinin küçələrə çıxması da, Orxan Zeynalov tərəfindən törədilmiş qətl də sifarişli olub.

Liberal Demokrat Partiyasının lideri iddia edib ki, əslində bu hadisələr əvvəlcədən planlaşdırılıb: “Kimlərsə Orxan Zeynalovu öyrədib ki, gedib rus gəncini öldürsün. O biri tərəfdən də adamları küçələrə çıxarıblar və Biryulevodakı topdansatış meyvə-tərəvəz bazasını bağlayıblar. Məsələ bundadır ki, bazanın direktoruna obyekti qiymətindən 20 dəfə ucuz satmağı təklif ediblər. O da razılaşmayıb və bütün bu hadisələr baş verib. Söhbət mülkiyyətin bölüşdürülməsi uğrunda gedən mübarizədən gedir. Mən soruşuram: dünən Tiflisdən gəlmiş 15 yaşlı gürcü 13 yaşlı rus qızını öldürüb. Bəs indi niyə camaat küçələrə, “xalq toplantısına” çıxmır? Gəlin çıxaq da, niyə çıxmırıq?”

Jirinovskinin sözlərinə görə, bu hadisələrin arxasında dayananlar iki ildən sonra O.Zeynalovu həbsdən buraxacaqlar, guya Azərbaycana ekstradisiya edəcəklər. Orada isə onu azadlığa buraxacaqlar: “O da Xəzər sahilində isti quma uzanıb özünü günə verəcək və sitrus meyvələri yeyəcək”. 

1858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber