Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

“Atəşkəs deyilən anlayış artıq çoxdan mənasını itirib”

Azərbaycan ictimaiyyəti əsgər ölümlərindən narahatdır

Üzeyir Cəfərov: “Bu məsələdə Müdafiə Nazirliyi birbaşa məsuliyyət daşıyır”
Mehman Cavadoğlu: “Məsuliyyət daşıyan hər kəs cəzalandırılmalıdır”
Xəzər Teyyublu: “Atəşkəs deyilən anlayış artıq çoxdan mənasını itirib”
Azərbaycan ordusunda əsgər ölümləri artıq adi hala çevrilib. Övladları vətənin keşiyində olan bəzi valideynlər erməni təhlükəsindən daha çox, ordumuzun daxilində olan təhlükələrdən narahatlıq hissi keçirirlər.
Çoxları Müdafiə Nazirliyində olan kadr dəyişikliyindən sonra bu halların düzələcəyinə ümid edirdi. Təəssüflər olsun ki, bunun tam əksini görürük. Ötən illə müqayisədə əsgər ölümlərində ciddi artım müşahidə olunur.
Yalnız 2013-cü ildə ordumuzda 97 əsgər, onlardan 71 nəfər qeyri-döyüş şəraitində həyatını itirib. Son 4 ayı əhatə edən statistikaya baxdıqda, belə hallar davam edərsə, keçən illə müqayisədə bu il əsgər ölümlərinin sayı daha da arta bilər.

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, əsgər ölümlərinin artmasında maraqlı qüvvələr var. O, bu kimi halların qarşısının alınması yollarından danışdı: “Əsgər ölümlərinin artması güc strukturlarının tənbəlliyindən irəli gəlir. İnsana elə gəlir ki, baş vermiş bu hadisələrdə maraqlı qüvvələr var. Çünki elə gün, həftə olmur ki, əsgər ölümü xəbərini eşitməyək. Ortada çox ciddi məsələlər var. Bu məsələnin kökünü axtarmaq lazımdır. Günbəgündən rütbələri artan generallar bu problemlə bağlı gördükləri işlər barədə hesabat verməlidirlər. Bu işdə birbaşa Müdafiə Nazirliyi məsuliyyət daşıyır. İlk növbədə araşdırma aparmaq lazımdır ki, bu hadisələr hansı yaş həddində olur. O yaş həddinə uyğunda da hərəkət etmək lazımdır. Daha çox əsgər ölümləri 18-27 yaş arasında olur. Bundan əlavə, insanları orduda hər hansı bir vəzifəyə təcrübəsinə uyğun olaraq təyin etmək lazımdır. Faktdır ki, hazırda ordumuza heç bir təcrübəsi olmayan insanlar rəhbərlik edir. Ehtiyatsızlıqdan baş verən əsgər ölümləri ilə bağlı xəbərləri nə qədər eşitmək olar? Bu, artıq adi hal alıb. Dövlət bu istiqamətdə təcili tədbirlər görməlidir. Bunun üçün qanunvericilikdə dəyişiklik edilməli, əsgərlərin yaşayış şəraiti dərindən araşdırılmalıdır. Bunlar həyata keçirilmədən heç bir uğurdan danışmaq mümkün deyil. Biz mətbuat, ictimaiyyət olaraq, üzərimizə düşən işləri görürük. Təəssüf edirəm ki, bəzi insanlar görməli olduqları işi həyata keçirməkdə maraqlı deyillər”.
Üzeyir Cəfərov yaranan bu problemlərin həlli yolu barədə irəli sürdüyü təkliflərdən də söz açdı: “Biz dəfələrlə Müdafiə Nazirliyinə, Milli Məclisin müvafiq komissiyasına təkliflər göndərmişik. Hazırda parlamentdə Ziyafət Əsgərovun rəhbərliyi altında Müdafiə və Təhlükəsizlik Komitəsi fəaliyyət göstərir. Komitənin üzvləri arasında hərbi peşəni bilən heç bir deputat da tapmaq mümkün deyil. Kiminsə hesabına cəlb olunan mütəxəsislər var ki, əsgərlik həyatı belə, keçməyiblər. Təəssüflənirəm ki, dövlətdən kifayət qədər məvacib alan generallar işlərinə can yandırmırlar. Biz faktları sadalayırıq, amma nəticə çıxaran yoxdur”.
Hərbi ekspert orduda baş verən ölüm hallarında qəsd ola biləcəyini də istisna etmir: “Biz kənardan müşahidə edirik. Amma bizə çatan xəbərlərə görə, əsgərlərin hərbi xidmətdən evə təxris olunmasına az qalmış yaramazlıqlar baş verir. Belə ki, hərbi xidmətini başa vurmuş əsgərlərin evə buraxılmasının qəsdən gecikdirilməsi halları baş verir. Bu, bir növ rüşvət alınması məqsədilə də ola bilər. Bunun nəticəsində bəzi əsgərlər əsəblərini cilovlaya bilmirlər. Nəticədə ölüm hadisələri olur. Bir faktı deyim ki, bu il martın 28-dən Naxçıvandan əsgərlərin təxris olunması başlayıb. Dövlətin onlara ayırdığı yol haqqını belə, onlara verməyiblər. Hətta onların vaxtından 3 gün əvvəl buraxılması üçün rüşvət alıblar. Bunlar ən böyük cinayətdir. Bütün bu faktları aşkarlamağımıza baxmayaraq, tədbir görən yoxdur. Biz sona qədər bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
Hər ölkədə fəaliyyət göstərən müxalifət partiyalarına gələcəyin iqtidarı kimi baxılır. Ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyalarının da iqtidara gələcəkləri təqdirdə, əsgər ölümləri ilə bağlı görəcəkləri işlərlə maraqlandıq.

Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu əsgər ölümlərdən təəssüfləndiklərini bildirdi və bu istiqamətdə partiyanın planlarından danışdı: “Təəssüf edirəm ki, son zamanlarda belə hallar geniş miqyas alıb. Bunlar orduda daxili nizam-intizamın bərbad vəziyyətdə olmasından irəli gəlir. Digər səbəblərdən biri də əsgərliyə çağırılarkən düzgün tibbi komissiyanın aparılmamasıdır. Əsgər orduya aparıldığı gündən təxris olunana qədər hərbi hissə rəhbərliyi məsuliyyət daşıyır. Ona görə də, bu hadisələrdə məsuliyyət daşıyan hər kəs cəzalandırılmalıdır. Bu cinayətlərin qarşısını almaq üçün ilk növbədə ordu rəhbərliyinə layiqli kadrlar gətirilməlidir. Müsavat Partiyası olaraq gələcəkdə iqtidar olacağımız təqdirdə, yetərincə potensiallı kadrlarımız var. Təkcə öz partiyamızdan deyil, partiya üzvü olmayan, hərbi işi dərindən bilən insanları da bu vəzifələrə təyin edəcəyik. Məqsədimiz öz mənafeyimiz yox, xalqın mənafeyi olacaq. Belə halların aradan qaldırılması üçün bütün vasitələrdən istifadə edəcəyik”.

KXCP sədrinin müavini Xəzər Teyyublu əsgər ölümlərini daim diqqətdə saxladıqlarını və buna qarşı hər zaman mübarizə apardıqlarını bildirdi: “Biz son zamanlarda yenidən kütləvi şəkil alan əsgər ölümlərindən ciddi narahatlıq keçiririk. Partiya olaraq bu kimi halların azalması üçün fəaliyyətimizi davam etdiririk. Bununla bağlı təşkil olunan aksiyalarda partiya üzvlərimiz aktiv iştirak edirlər. Atəşkəs dövründə verdiyimiz şəhidlərin statistikasına nəzər yetirdikdə, insanı dəhşət bürüyür. Demək olar ki, hər gün əsgər ölümü baş verir. Artıq bu insanların beynində də adi hal alıb. Atəşkəs deyilən anlayış artıq çoxdan mənasını itirib. Bütün bunlar hakimiyyətdə olanların məsuliyyətindədir. Bizim partiya da gələcəkdə iqtidara gələrsə, bu problemləri aradan qaldıra biləcək yetərincə kadrlar var. Təbii ki, bunun üçün planlarımız da var. Düşünürəm ki, iqtidar olub-olmamağımızdan asılı olmayaraq, bu istiqamətdə hər birimiz əlimizdən gələni etməliyik. Hakimiyyəti də tezliklə bu problemləri aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırıram”./musavat/
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:23