Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

“Buraxın, gedim oturum evimdə, Elşad gələndə gələrəm”

Gülər Əhmədova: “Buraxın, gedim oturum evimdə, Elşad gələndə gələrəm”

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə vəkil Əfsər Talıbov videomateriallarla bağlı ekspertiza keçirən ekspertlərin və müstəntiq Emzar Qocayevin məhkəmədə dindirilməsi, Sevinc Babayevanın Gülər Əhmədovaya, Tavat Şirvanovaya yazdığı mesajların tədqiq edilməsi, əlavə şahidlərin dindirilməsi, Gülər Əhmədovanın yenidən dindirilməsi, Elşad Abdullayevin dindirilməsi, Sevinc Babayevanın Bakı şəhər Prokurorluğuna ünvanladığı müraciətin tədqiq edilməsi barədə vəsatətlər verib.

Həmin vəsatətlərə münasibət bildirən Gülər Əhmədova deyib ki, Elşad Abdullayev dindirilməlidir: “Elşad Abdullayev mənimlə üzləşməlidir. Nə qədər ki o adam məhkəmə qarşısında dayanmayıb, ağzına gələni danışıb, hamını ələ salacaq. Mənim ona çoxlu sualım var. Mən bu sualları kimə verim? Mən bu akvariumda özüm-özümlə mübarizə aparım? Elşad Abdullayev İnterpol tərəfindən axtarışa verilməyib. Onu MDB ölkələrində axtarırlar. Verin axtarışa, qoluna qandal vurub gətirsinlər. Bir il iki aydır həbsdəyəm. Mənim də körpə uşağım var, qapılarda qalıb. Mənə elə gəlir ki, Elşad Abdullayev burada ciddi müdafiə olunur. Sevinc Babayevanın yerini prokurorluq bilirdi. Lakin müstəntiqlərin hərəkətsizliyi nəticəsində Sevinc Babayeva dindirilmədi. Oturub gözləyirəm ki, Elşad Abdullayev həzrətləri nə vaxt Azərbaycana gələcək. Qazaxa gedəndə 30 saat yolda olmuşam. Xəstə, əsəbi, 3 dəfə deputat olmuş adamın üzərində küçədə axtarış aparıblar. Qadının paltarlarını kəndin kişilərinin gözü qabağında küçəyə tökərlər? Təzyiq, təsir necə olur?

Əvvəl ifadə verəndə də demişəm ki, Elşad Abdullayevdən pul almamışam. Lakin nüfuzuma xələl gəlməməsi, bu söz-söhbətdən bezdiyim üçün evimi satıb pulunu ödəyərəm Elşada. Lakin o da gəlib sübut etsin ki, mənə pul verib. Ya Elşadı gətirin, ya da buraxın gedim oturum evimdə, Elşad gələndə gələrəm”.

Daha sonra dövlət ittihamçısı vəsatətlərə münasibət bildirib və məhkəmədən onların təmin olunmamasını istəyib. Hakim isə deyib ki, vəsatətlər çox olduğu üçün onlarla tanış olmağa vaxt lazımdır.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından çıxarılaraq hakim Əflatun Qasımovun icraatına verilib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir./apa/
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08