Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

“Kəmaləddin Heydərova deyirəm, ailəmi bu işə qatmayın!”

AXCP-nin partladılaraq sökülən qərargahınınsahibinə nə təklif ediblər?

Azər Əsgərov: «Icra başçısı müavininin bir şərti də bu oldu ki, mətn hazırlayacaqlar, onu mediaya oxumalıyam...»

“Nərimanov rayon Icra Hakimiyyəti başçısının müavini Şahmar Ibadovun qəbulunda oldum. Söhbət əsnasında mənə dedi ki, sökülən mənzilinin hər kavdart metrinə 1500 manatdan kompensasiya verəcəyik. Şərti də bu oldu ki, onların dedikləri adama satım. Gərək mülk yerində olsun ki, satım. Dedim, pulu hesabıma köçür, qalan işi özüm bilərəm” - bunu “Azadlıq”a açıqlamasında AXCP-nin icarəyə götürdüyü və martın 3-də partladılaraq, ertəsi gün sökülən mülkün sahibi Azər Əsgərov deyib. Onun sözlərinə görə, mülkünün sahəsi 320 kvadrat metrdir. Hökumət bunun əvəzində ona cəmi 480 min manat kompensasiya təklif edir.

Azər Əsgərov “Azadlıq”a daha bir maraqlı məlumat verib. O deyir ki, bir müddət əvvəl də Şahmar Ibadovla görüşü olmuşdu: “Bu barədə mediaya məlumat verməmişdim. Həmin vaxt da mülkümün hər kvadratına 1500 manatdan təklif etmişdi, razılaşmamışdım. Dedi ki, neçədən istəyirsən? Kvadratına 3 min manat tələb etdiyimi söylədim. Çünki mənim mülküm yanındakı tikililər kimi deyil. Həm təmirli idi, həm də sənədləri vardı. Mənim obyektimdən başqa sökülən o 3 mənzildən ikisinin ”kupça"sı yox idi. Sahibləri zavodda işləyib, oradan order alıblar. Şahmar müəllim mediaya demişdi ki, heç kimi narazı salmayacağıq. Mən öz təklifimi - kvadratına 3 min manatı deyəndə əlimi sıxdı. Bildirdi ki, şərtimi “yuxarı”lara çatdıracaq. Başqa bir şərti də oldu. Dedi ki, onlar bir mətn hazırlayacaqlar, onu mediaya oxumalıyam. Dedim ki, Şahmar müəllim mətni yazın, oxuyum hansı mənə sərf edərsə, deyərəm, sərf etməyəni çıxardaram. Yəni, lazım olar “icra hakimiyyəti pulumu verdi”, “lap prezident sağ olsun” deyərəm, ancaq mülkümü partladana, sökdürənə “sağ olsun” deyə bilmərəm. Sonuncu dəfə görüşəndə Şahmar müəllim kompensasiyanı hər kvadrat üçün 1500 manatdan verə biləcəyini dedi. Şahmar Ibadov mənə bildirdi ki, “Kəmaləddin Heydərov deyib, Azər Əsgərova bir qəpik də verilməsin, ancaq Nazirlər Kabinetindən 1500 manat təklif olunub”. Sizə bir söz deyim, “Qış bulvarı” adı altında evləri sökəndə yəhudilərin yaşadığı mənzillərə kvadratına 5 min manatdan kompensasiya verilib. Bəs, mənə qarşı niyə belə edirlər?"

Azər Əsgərov onu da qeyd edir ki, Fövqalədə hallar naziri Kəmaləddin Heydərov və onun müavini Orucəli Hacıyevin adamları onun ailəsinə təzyiq göstərir: “Həyat yoldaşım Türkiyə prokurorluğuna müraciət edib. Sizə bir söz deyim, qılınc-qalxan dövründə iki dövlətin qoşunu üz-üzə gələndə əksər vaxtlarda qırğın, çoxlu itki olmasın deyə, hər qoşundan bir sərkərdə irəli çıxıb savaşardı. Məğlub olan ordunu geri çəkərdi. Indi mən də bu ölkənin nazirinə, onun müavininə deyirəm ki, ailəmi bu işə qarışdırmayın, ailəmə təzyiq etməyin. Nə söhbətiniz varsa, mənimlə edin. Hər kəsin ailəsi var. Ailə ilə oynamaq olmaz. Şahmar müəllim mənimlə sağollaşanda dedi ki, ”Azər müəllim, hamının ailəsi var, sənin də ailən var". Artıq o da başa düşür ki, burda nəsə oyun gedir, gedə də bilər. Amma mən ölməsəm, ailəmin başına bir iş gələrsə, həmin adamdan qisasımı alaram".

Şikayətçi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun Nərimanov rayon icra hakimiyyətinə göndərdiyi teleqramdan da söz açıb: “Cəbrayıl Xanlarov icra hakimiyyətinə teleqram vurub, işçiləri gəlib ofisə baxıb qəzalı olduğunu yazıblar. 1975-ci ildə ”Politexnik" institutunun Inşaat fakültəsini bitirmişəm. Bütün media qarşısında Cəbrayıl Xanlarovu debata çağırıram. Ona inşaatdan bir sual ünvanlayacam, əgər cavab versə, hamının gözü qarşısında diplomumu cırıb ataram. Bir daha deyirəm ki, mənim obyektim o partlayışdan zərər görməyib. Bunu hamı bilir. Deməli, Cəbrayıl Xanlarov Kəmaləddin Heydərovun, Orucəli Hacıyevin sifarişi ilə belə rəy yazıb.

Mənim tələb etdiyim pul Kəmaləddin Heydərovun müavinlərinə aylıq verdiyi paket qədər də deyil. O mülkün pulunu əziyyətlə qazanmışam. 2 saylı Inzibati-Iqtisadi Məhkəməyə müraciət etmişəm. 2 milyon mülkün dəyəri, 500 min avadanlıq, 1 milyon da mənəvi təzminata görə tələb edirəm. Ancaq kvadratına 3 min manat ödəsinlər, məsələ bitsin. Şahmar müəllim deyir ki, 1500 manatdan veririk, söhbəti bağla. Axı bu, mənim mülkümün dəyəri deyil... Obyekt sökülən zaman təkcə 100 tondan çox metal aparılıb, üstü aliminium idi. Bina o qədər möhkəm idi ki, oranı sökəndə buldozer dağıda bilmirdi".

Mülkün sahibi ölkə başçısı Ilham Əliyevə də üz tutur: “Ilham Əliyev əlini Qurana və Konstitusiyaya basaraq and içib. O Konstitusiyada mülkiyyətin toxunulmaz olduğu yazılıb. Indi söküblər, eybi yox, heç olmasa, normal kompensasiya verilsin. Mənim prokurorluğa yazdığım məktubu prokurorluq polisə göndərir. Polisdən mənə zəng vurub deyirlər ki, Fövqəladə Hallar Nazirliyi cinayət işi başlayıb, biz cinayət işi başlaya bilmərik. Niyə? Prokurorluğa müraciət edirəm ki, mənim mülkümün sökülməsində cinayət tərkibi var, çağırsınlar izahat alsınlar. Şübhələrim aydınlaşdırılsın. Deyirlər ki, işi Fövqəladə Hallar Nazirliyinin müstəntiqi Anar müəllim aparır. Bu günə qədər Anar müəllim mənimlə görüşməyib. Ölkədə Respublika Prokurorluğunun işçilərinə, rayon prokurorlarına nəyə görə maaş verilir? Kəmaləddin Heydərovun müstəntiqi var, elə onlar işləri aparsınlar da... Bütün Azərbaycan xalqı da bilir ki, Kəmaləddin Heydərov gömrüyə, vergiyə, Fövqəladə Hallar Nazirliyinə nəzarət edir. Sən demə, o, prokurorluğa nəzarət edirmiş...

Respublika Prokurorluğuna yazmışam, cavab yox. Nərimanov rayon prokurorluğuna yazmışam, cavab yox. MTN-ə yazmışam, cavablarından başa düşmürəm ki, məktubumu niyə Bakı Şəhər Icra Hakimiyyətinə göndəriblər. Mülküm sökülən zaman aparılan əşyalarımı Şahmar müəllimdən istəyirəm. Deyir ki, JEK-in anbarına qoymuşam. Baxmaq istəyirəm, cavab verir ki, neynirsən onu, Xalq Cəbhəsi mikrobdur, onları mikroblaşdırıb. Heç bir siyahı vermirlər, tərtib etdikləri aktı göstərmirlər. Əşyaları daşıyan zaman tərtib edilən aktda nə mənim, nə nümayəndəmin, nə də Xalq Cəbhəsinin hər hansı bir üzvünün imzası var"./azadlıq/
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...