Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

Prokuror NİDA-çılara 63 il yarım həbs cəzası istədi

"Məhkəmə" adlı tamaşa sübut etdi ki, biz siyasi sifarişlə həbsdə saxlanılırıq”

Aprelin 17-də Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə NİDA Vətəndaş Hərəkatı üzvlərinin növbəti məhkəmə iclası keçirildi. İclas başlayan kimi hakim Şahin Novruzlu barədə ekspert rəyini elan etdi. Qeyd edək ki, ekspertiza Ş.Novruzlunun vəkili Nemət Kərimlinin vəsatəti əsasında təyin olunmuşdu. Çünki Şahin məhkəməyə ifadəsində bildirmişdi ki, MTN-də işgəncələr nəticəsində dişlərini itirib. Vəkil də bu məsələ ilə əlaqədar ekspertiza təyin olunmasını istəmişdi.

Hakimin elan etdiyi rəydən belə məlum oldu ki, ekspertiza Bakı İstintaq Təcridxanasında keçirilib. Ekspert də belə nəticəyə gəlib ki, Şahinin dişləri karieslə əlaqədar itirilib, onda hər hansı zorakılıq əlamətləri yoxdur.

Rəy elan olunandan sonra Şahin vəkilinin sualına cavab olaraq bildirdi ki, ekspertiza təcridxananın görüş otağında keçirilib. Ekspert cəmi 10 saniyəyə heç bir alətdən istifadə etmədən, onun ağzına baxış keçirməklə rəy verib. Məhkəmənin gedişində qaldırılan başqa bir vəsatət isə Şahin Novruzlunun MTN-də dindirilərkən onun atası İbrahim Novruzlunun bu dindirmələrdə iştirak edib-etmədiyini müəyyənləşdirmək məqsədilə MTN-in qeydiyyat kitabından çıxarışların alınması haqda oldu. Məsələ burasındadır ki, müstəntiq iş materiallarında Ş.Novruzlu yetkinlik yaşına çatmadığından dindirmələrdə atasının da iştirak etdiyini göstərib. Lakin İbrahim Novruzlu məhkəmədəki ifadələrində ümumiyyətlə heç vaxt MTN-də olmadığını bildirib.

Hakim bildirdi ki, bu vəsatət əsasında MTN-ə göndərilmiş sorğuya cavab verilib. Cavabda İbrahim Novruzlunun oğlu orda saxlanılarkən MTN-in binasına girib-çıxdığı göstərilib. MTN-in bu cavabına məhkəmədə iştirak edən İ.Novruzlu etiraz edərək, yazılanların həqiqətə uyğun olmadığını bildirdi. Vəkil Nemət Kərimli də bildirdi ki, onlar məlumatın daha mötəbər olması üçün vəsatətdə qeydiyyat kitabından çıxarış alınması məsələsini qoymuşdular və yenə də bu məsələdə israrlıdılar. Lakin hakim vəsatəti təmin etməyərək bildirdi ki, məhkəmə ifadələrə, sənədlərə sonda müqayisəli şəkildə qiymət verəcək.

Digər vəkil Fariz Namazlı isə məhkəməyə videodisk təqdim etdi. Bildirdi ki, bu diskdə Rəşad Həsənovun həbs olunarkən müdafiə hüququnun pozulduğunu sübut edən kadrlar əks olunub. Həmin görüntülərdə Rəşadın vəkili Əsabəli Mustafayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin qarşısında gözləsə də, müvəkkili ilə görüşə bilmir. F.Namazlı bu görüntülərin sübutlar siyahısına daxil edilərək araşdırılmasını istədi. Lakin məhkəmə diski qəbul etsə də, onun vəsatətini təmin etmədi. Daha sonra hakim Cavid Hüseynov məhkəmə istintaqının yekunlaşmasını təklif etdi və bununla əlaqədar tərəflərin fikirlərini soruşdu. Etiraz edənlər olmadı. Yalnız vəkillərdən Elton Quliyev bir dəqiqləşdirmə apardı. Bildirdi ki, iş materiallarındakı bəzi sənədlər məhkəmədə elan olunmadı: “Müdafiə çıxışlarında həmin sənədlərə istinad etmək olarmı?” Hakim bildirdi ki, iş materiallarında olan bütün sənədlərə istinad etməyə icazə verilir.
Ardınca prokuror çıxış etdi. İttihamların sübuta yetirildiyini deyən prokuror onların öz cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzalandırılmasını istədi. Onu da qeyd etdi ki, təqsirləndirilən şəxslərdən Şahin Novruzlunun cinayət törədərkən yetkinlik yaşına çatmaması, Rəşadət Axundovun isə himayəsində 1 azyaşlı övladının olması yüngülləşdirici hal kimi müəyyənləşdirilib. O, təqsirləndirilən şəxslərə qarşı məhkəmə istintaqı zamanı ittihamların sübuta yetirildiyini vurğulayaraq gənc fəallardan Rəşadət Axundov, İlkin Rüstəmzadə və Zaur Qurbanlıya 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası istədi.

Prokurorun çıxışından sonra gənc fəallardan Rəşad Həsənov məhkəməyə müraciət edərək, replika hüququndan yararlanmaq istədiyini dedi. Bildirdi ki, çox qısa vaxtda vacib bir arayışı məhkəmənin diqqətinə çatdırmaq istəyir. Lakin məhkəmə bu mərhələdə onların replika hüququnun olmadığını bildirərək iclasın yekunlaşdırıldığını elan etdi.

Hakimlər növbəti məhkəmə iclasını aprelin 22-nə təyin edərək zalı tərk etdilər. Buna baxmayaraq Rəşad Həsənov məhkəmənin diqqətinə çatdırmaq istədiyi məlumatı səsləndirdi. Bildirdi ki, bu gündən etibarən müddətsiz aclıq aksiyasına başlayırlar. Onun sözlərinə görə, NİDA üzvlərinə qarşı qanunsuzluğa son qoyulmayana qədər bu aksiyanı dayandırmayacaqlar: “2013-cü il 7 mart tarixindən "Nida" vətəndaş hərəkatına qarşı başlanmış repressiyalar nəticəsində hələ də məşhur "Nida işi" üzrə 8 nəfər olaraq, həbsdəyik. 7 aylıq ibtidai istintaq zamanı bir neçə saatlıq dindirilməmiz və yumoristik "məhkəmə" adlı tamaşamız sübut etdi ki, biz siyasi sifarişlə, qanuni haqlarımızı həyata keçirdiyimizə görə həbsdə saxlanılırıq. Yarım illik məhkəmə prosesi zamanı vəsatətlərimizin əsassız olaraq rədd edilməsi, sübut sayıla bilməyən ifadələrin, əşyaların sübut hesab edilməsi göstərir ki, bizə qarşı ağır ittiham hökmü hazırlanır. Bu gün dövlət ittihamçısının 6 il ay – 8 il 6 ay azadlıqdan məhrumetmə tələbi də bunun təsdiqidir. Bu siyasi ayrıseçkiliyə və repressiyaya etiraz olaraq, biz azad edilməyimiz tələbilə bu gündən aclıq aksiyasına başlayırıq. Məsələyə daha realist yanaşsaq, hesab edirik ki, 1 ildən çoxdur davam edən prosesin sifarişli şou olduğunu hakimiyyyət etiraf etməz və nəticədə bizə bəraət hüququ verməz. Ona görə də hakimiyyətə siyasi iradə nümayiş etdirərək, hər hansı vasitə ilə bizi həbsdən buraxmağı təklif edirik. Məqsədimiz "Nida"nın əzəli vasitəsi olan dinc yollarla azadlığa nail olmaqdır. Bütün mümkün zərərləri nəzərə almışıq. İradəli və möhkəmik. İnanırıq ki, azadlığımıza qovuşacağıq"./azadlıq/
1335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı