Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2014

Hacıbala Abutalıbova oğlundan şikayət olundu

Sahibkar Valeh Mütəllimov İsrafil Abutalıbovun qanunsuzluqlarının durdurulmasını istəyir

Paytaxtda kiçik sahibkarlıqla məşğul olan Valeh Mütəllimov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova mətbuat vasitəsilə müraciət edib. Sahibkar “Yeni Müsavat”a göndərdiyi müraciətdə başına gələn haqsızlıqlar, qanunsuzluqlar barədə yazıb və merdən köməklik istəyib. O, müraciətində H.Abutalıbovun oğlu İsrafil Abutalıbov tərəfindən müflislik həddinə çatdırıldığını da vurğulayıb.

Sahibkarın sözlərinə görə, İ.Abutalıbovun qanunsuz əməlləri nəticəsində itirdiyi vəsaiti bir ildən çoxdur ki, geri qaytara bilmir. V.Mütəllimovun bildirdiyinə görə, o, 2012-ci ilin martında Bakının Yasamal rayonunda, Şərifzadə - 34 ünvanında yerləşən obyekti icarəyə götürüb və bir müddət sonra oradan çıxarılıb. İcarədarın bir neçə illik müqaviləsi olsa da, obyekt sahibi qəflətən - 2013-cü ilin ortalarında heç bir səbəb gətirmədən ondan dükanı boşaltmasını tələb edib. Obyektin sahibi Bakı meri Hacıbala Abutalıbovun vəhhabi təriqətini seçmiş oğlu İsrafil Abutalıbovdur. “Həmin dükanda 10-12 nəfər çalışırdı. Əsasən şəhid ailəsi, məcburi köçkünlər və əlilliyi olan insanların ailələri idi”,- deyə sahibkar vurğulayır.

V.Mütəllimov həmin obyektin sahibinin qanunsuz hərəkəti ilə bağlı 2013-cü ildə məhkəməyə müraciət etsə də, Yasamal Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Nəticədə sahibkar bir neçə yüz min manat ziyana düşüb: “Gəlib dedilər ki, çıxmalısan və bu obyekt bizə lazımdır. Onlara bildirdim ki, buraya nə qədər xərc çəkmişəm, mal vurmuşam, borc yığmışam, banka girmişəm. Təkcə bir banka 114 min manat borcum var. Mən dükandan çıxmaqla 350 min manat ziyana düşdüm. 3300 manat aylıq icarə haqqı verirdim, üstəlik, obyektin vergisini də mən verirdim”. Sahibkarın sözlərinə görə, onu icarə müqaviləsində aldadıblar.

Qeyd edək ki, İ.Abutalıbovun müxtəlif vaxtlarda bir neçə sahibkarı qanunsuz olaraq özünə məxsus obyektlərdən çıxartdığı bildirilir. Merin oğlundan narazı sahibkarların yaxın günlərdə yığışıb bir neçə quruma birgə şikayət ünvanlayacağı da gözlənilir. /musavat/
1424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber