Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2014

Ət bazarı: 1 kilo mal əti 4, bir kilo it 450 AZN - Foto

Bir müddət öncə şəhərdə təyinatı məlum olmayan ət məhsullarının satışı böyük ajiotaja səbəb oldu. Mənbəyi və mənsəbi qaranlıq olan bu məhsulların satışdan çıxarılması üçün müəyyən işlər də görüldü. Haqlarında cinayət işi açılsa da, müəyyən işbaz qruplar ifşa olunsa da, bütün bunlar nəticəsiz qaldı. Məlum olan odur ki, zay məhsullar satışdan hələ də çıxarılmayıb.

“Axar.az” olaraq ət bazarlarına baş çəkdik. Ayrı-ayrı qəssab dükanlarında keyfiyyətli ətlər satılsa da, bazarlar, özlərinin “bazar qayda-qanunları”nı heç kəsə güzəştə getmək istəmir, deyəsən. Hər halda bir oxucumuzun telefon zəngi bizim Nəsimi rayonunda “Təzə bazar” kimi tanınan ticarət mərkəzinə baş çəkməmizə səbəb oldu. Telefon zəngi bu bazarda hər axşam, eləcə də gündüzlər şıdırğı ət alverinin getməsi haqda məlumat verirdi. Həm də satılan ətin keyfiyyətinin çox aşağı olması deyilirdi.

Haqqında bəhs olunan ünvana gedərək araşdırma apardıq. Gördüyümüz mənzərə ürəkaçan olmadı. Ət və ət məhsullarının açıq yerlərdə pərakəndə satışı davam etsə də, topdan satış yox idi. Bizi isə əsasən ət məhsullarının topdan satışı maraqlandırırdı. Öyrəndik ki, topdan satış axşamdan başlayaraq səhər sat 7-yə qədər davam edir.

Bazarda ətin topdan satışı həyata keçirilən yerə getdik və gördüklərimiz bizi dəhşətə gətirdi. Ət sallaqxanalarının altında it satılırdı. Demək, gecələr ət, gündüzlər it...

Ət və it bazarının girişində ayaq saxladıq. Yaşlı bir kişidən burada ətin necə və nə vaxtlar satıldığını bir daha soruşduq. Həmsöhbətimiz danışmağı sevən olmasa da, ondan bəzi şeylər öyrənməyə müvəffəq olduq.

- Gündüzlər tutuquşu, başqa quşlar və gördüyünüz kimi heyvan satılır. Ət almaq istəsəniz, ancaq axşamlar gəlin, – dedi.

Ətin keyfiyyəti ilə maraqlandıq.

“Yaxşı olardı, özünüz görəsiniz. Ucuz ət var, kolbasalıq, dönərlik ətlər. Belə ətin bir kilosunun qiyməti 3,5–4,5 manat arası dəyişir. Bunlar əsasən qoca və dişi heyvan ətləridir”.

Vicdanını tərəziyə qoyur

- Bəs ölü mal əti necə?
- Nə bilim vallah, özləri, öz Allahları bilər. Hər halda belə söhbət gəzir. Amma inanmaq olmur. Gərək vicdanını itirəsən.

Söhbətimizə qulaq asan yaşlı qadın:
- Onlar vicdanlarını tərəziyə qoyur.

- Sallaqxanaların yerləşdiyi bu yerdə xeyli sayda maşın dayanıb. Bura həm də pullu dayanacaqdır? – soruşuram. Yaşlı kişi:

- Yox, bazar müdirinin, başqa sahibkarların maşınlarıdır, - deyir. - Elə buradaca polis məntəqəsinin otağı da var.

Görmürlər ki, necə itdir?

İri qəfəslərdə müxtəlif növ tutuquşu və cins itlər satan oğlana yaxınlaşıram. Anar adlı bu gənc satdığı heyvanları tərifləməsə də, haqlarında ətraflı məlumat verir. Ona yaxın cinsdən olan it və it küçükləri satır. Qiymətləri ilə maraqlanıram. Gözü təzə açılmış küçükləri göstərir:

- Bunların qiyməti 350 manatdır. Bunlar isə 450. Boyları bir qədər də böyüyəcək. Amma cinsləri elə belədir. Böyük itlər vardı ki, qiyməti 2000–3500 manat arasında idi. Məmməd Arazın şeiri yadıma düşdü: “İti bazarında atından baha...”

Tutuquşularının da qiyməti rənginə, böyüklüyünə və bacarığına görə dəyişir. Qiymətlər müxtəlifdir. 10 manatdan başlayan qiymət 100 manata qədər yüksəlir.
Anar sakit oğlan təsiri bağışlayır.

- Niyə satdığın itləri, quşları tərifləmirsən?
- Nəyini tərifləyim? Görmürlər ki, necə itdir?

“Təzə bazar”dan çıxıb 6-cı mikrorayonda, Cəfər Xəndan küçəsində yerləşən o qədər də böyük olmayan “Aysel” ət bazarına gedirik. Bazarın səliqəsi göz oxşayır. Qəssabların əynindəki xələtlər təmizliyi ilə seçilir. Əslən Laçın rayonundan olan Məşədi Hacı ilə söhbət edirik. Bazarın rəhbərliyi və yaradılan şəraitlə bağlı ağız dolusu danışır. Söhbət zamanı məlum olur ki, bazarda iki həkim, iki laborant fəaliyyət göstərir. Kəsilən heyvanlar diri alınıb gətirilir və burada xüsusi kəsimxana deyilən yerdə kəsilir. Heyvanları kəsib, dərisini soyan ayrıca adamlar var.

Məşədi:
- Vallah, burda haram ət tapılmaz, bıçaq heyvanın boğazına bismillahsız aparılmaz. Ona görə də müştərimiz boldur. Düzdür, əvvəllərlə müqayisədə alış-veriş aşağı düşüb, amma buna da min şükür.

Qoyun və iri dırnaqlı heyvanlar əsasən Bərdə, Beyləqan, Tərtər, Füzulidən alınıb gətirilir.
- Bu yerlərin heyvanları aldatmır, çəki verə bilir, ətləri də dadlı olur, – məşədi deyir.

İki ət bazarında apardığımız araşdırma ondan xəbər verdi ki, nə qədər qadağalar qoyulsa da, ciddi tədbir görülsə də, bəzi işbazlar zay ət məhsullarının bazarlara çıxarılmasına yol tapa bilirlər...



3434 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:26
<