Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Xanım Zəhranın (s.ə) mövluduna həsr olunmuş elmi konfrans keçirildi

Aprel ayının 18-də İçərişəhər "Cümə" məscidi dini icması, Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM) təşkilatçılığı, Deyerler.org-un informasiya dəstəyi ilə Beynəlxalq Mətbuat Mərkəzində Xanım Zəhranın (s.ə) mövluduna həsr olunmuş konfrans keçirilib. Konfrans mübarək Qurani Kərimin tilavəti ilə başlayıb. Daha sonra Azərbaycan Dövlət Himninin oxunması ilə tədbir açıq elan edilib.
Konfransın açılışında ilk söz İçərişəhər "Cümə" məscidi dini icmasının imam camaatı Hacı İlqar İbrahimoğluya verilib.
Hacı İlqar çıxışı zamanı bütün xanımları bu böyük mövlud günü münasibətilə təbrik edib və bu gözəl bayramı yaşatdığına görə hər bir kəsə təşəkkürlərini bildirib. O qeyd edib ki, bu bayramlar iki istiqamətdə - həm elmi-maarifçi istiqamətdə, həm də böyük konsert bayramı formatında keçirilməlidir. Hacı İlqar bildirib ki, bu gün keçirilən elmi konfrans məhz maarifçilik istiqamətində görülən tədbirlərdəndir. "Mən bir daha bütün xanımları bu bayram münasibətilə təbrik edirəm. Deyə bilərəm ki, bütün dünyada analar, xanımlar mənəvi sütunlardır. Onlar bir toplumda inancın yaşadılması üçün əsas rolu öz üzərilərinə götürürlər".

Daha sonra tədbirin aparıcısı Humay Həsənli çıxış üçün sözü maarifçi Minarə xanıma verib.

Minarə xanım Qurani Kərimdə Xanım Zəhra barədə Allahın buyurduqları mövzusunda çıxış edib. O bir neçə Qurani Kərim ayəsi baxımından Xanım Zəhranı tərənnüm edib. O qeyd edib ki, Qurani Kərimdə tam bir surə - Kövsər surəsi Xanım Fatimeyi Zəhraya (s.ə) həsr olunub.
Minarə xanım onu da bildirib ki, Əl-Əzhab surəsinin 33-cü ayəsi də Xanım Zəhranın böyük məqamına işarə edir.

Natiq habelə Hədisi-Kəsaya da işarə edərək, Xanım Zəhranın (s.ə) insanlığın yaranış fəlsəfəsində dayandığını bildirib.

Növbəti çıxışçı – maarifçi Bikəxanım Əzimova Xanım Zəhranı (s.ə) dünya xanımları üçün bir örnək olaraq tərənnüm edib: “Xanım Zəhra ilə bircə dəfə də olsun qarşılaşmış kəs ondan nəsə bir şey öyrənmişdir.

Xanım Zəhranın elmi ilə əməli düz olub. Fatimə sözünün həqiqi mənasında Fatimədir.

Fatiməni (s.ə) tanımaq istəyən bir kəs onun şagirdlərinə nəzər sala bilər. Onun şagirdlərindən biri Fizzə xanımdır ki, danışarkən yalnız Quranla danışar, bütün suallara Quranla cavab verərdi”.

Maarifçi Cəmilə Məmmədli Xanım Zəhranın (s.ə) adları və künyələri barədə danışıb: "İnsan şəxsiyyəti ilə onun adı arasında əlaqə vardır. İslam insanlara gözəl adın seçilməsini valideynin üzərinə qoyur. Valideyn də övladına gözəl ad qoymalıdır. Xanım Zəhranın (s.ə) adlarından hər biri gözəl və bəyəniləndir. İmam Sadiq (ə) deyir ki, Xanım Zəhranın (s.ə) Allah dərgahında 9 adı var və onların da hər biri Xanımı (s.ə) tərənnüm edir”.

Maarifçi Gülər Allahverdiyeva çıxışı zamanı Xanım Zəhranın ictimai rolundan danışıb: "Xanım Zəhra dövründə baş verən haqsızlıqlara qarşı heç bir zaman susmayıb. Onun söylədiyi xütbələr ictima həyatdakı mövqeyinin göstəricisidir. Buna misal olaraq Xanımın (s.ə) Fədək xütbəsini göstərmək olar".

Maarifçi Mətanət Hüseynova isə Xanım Zəhranın (s.ə) ailədəki rolundan danışıb: "Əgər xanım həyat yoldaşından üstündürsə ona bunu birüzə verməməlidir. Əksinə hər zaman öz həyat yoldaşını önə çəkməlidir. Xanım Zəhra hər zaman öz həyat yoldaşının yanında olub, ona bütün işlərində dəstək olmuşdur".

Növbəti söz alan maarifçi Lalə Hacıyeva bildirib ki, Xanım Zəhra (s.ə) kamil insan nümunəsidir: "Xanım Zəhra ismət və paklıq nümunəsidir. Xanım Zəhra müsəlman qadın nümunəsidir. Allahın müsəlman qadını necə görmək istədiyini bilmək istəyiriksə Xanımın həyatına baxmalıyıq. Sağlam gələcək yetişdirmək istəyiriksə Xanım Zəhranın etdiklərinə və dediklərinə əməl etməliyik".

Maarifçi Xəyalə Quliyeva Xanım Zəhranın (s.ə) şərafəti mövzusunda çıxış edib: "Xanım Zeynəb, İmam Həsən və Hüseyn anası olmaq üçün Xanım Zəhra olmalısan. Dünyanı ədalətlə dolduracaq bir şəxsin anası olmaq üçün Xanım Zəhra olmalısan. Dünya və axirətin ən üstün və şərafətli xanımı Fatimeyi Zəhradır. Xanım Zəhranı tanımaq ən böyük nemətdir".

Maarifçi Nuranə Zeynalova Xanımın (s.ə) həyatımızdakı rolundan danışıb: "Xanım Zəhra bizim üçün kimdir? sualını özümüzə verməliyik. Əgər dərinə getsək görərik ki, Xanım Zəhra bizim həyatımızın başlanğıcıdır".

Son çıxış edən maarifçi Gülzar xanım Xanım Zəhranın (s.ə) elmi zirvələrə çatmasından söz açıb: "Xanım Zəhra ağılı, elmi ilə həqiqətləri insanlara çatdırırdı. Xanım Zəhra son nəfəsinə kimi bu missiyasını davam etdirib. Xanımın elminə heyran olmamaq mümkün deyil. Peyğəmbər buyurub ki, Xanım Zəhra dünya xanımlarının xanımıdır".

Sonda çıxış edən İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu belə maraqlı və nurani tədbirə görə çıxışçılara minnətdarlığını bildirib:

“Həmd olsun Allaha ki, çox maraqlı və nurani tədbir keçirildi. Çox sevindirici bir haldır ki,iyirmi il, on il bundan öncə Xanım Zəhra (s.ə) haqqında səsləndirilən bu fikirlərin əskəriyyəti insanlara tanış deyildisə, artıq indi bu tribunalar söylənən sözlərin çox hissəsi insanlara tanışdır, insanların Əhli-beytlə (ə), Xanım Zəhra (s.ə) ilə tanışlığı xeyli artıb.

Çox böyük fəxrlə deyə bilərik ki, bu gün yalnız Əhli-beyt (ə) davamçılarının, yalnız müsəlman dünyasının deyil, eləcə də bütün dünya insanlarının istinad nöqtələri arasında Həzrət Rəsulallah (s), Əhli-beyt (ə), Xanım Zəhra (s.ə) da var. Ənm ucqar yerlərin insanlarından tutmuş, ən akademision səviyyələrə qədər olan insanlar artıq Qurani Kərim qədər Həzrət Peyğəmbər (s) və onun Əhli-beyti (ə) ilə tanışdır.
Çıxışlarda bəzi diqqətimi çəkən məqamlar oldu. Xanım Zəhranın (s.ə) kamil insan nümunəsi olduğu vurğulandı. Bəli, həqiqətən də Xanım Fatimeyi Zəhra (s.ə) kamil insan nümunəsidir. Əhli-beyt (ə), Xanım Zəhra (s.ə) iradəli varlıq olaraq buna nail olublar.
Eyni zamanda Xanım Zəhra (s.ə) yaradılışın mövcudiyyət fəlsəfəsində önəmli rola malikdir.

Bu gün bunu da fəxrlə demək olar ki, yaşadığımız toplum çox nadir toplumlardandır ki, insanları öz övladlarına əksər halda Əhli-beytin (ə) adlarını qoyur. İnsan adətən öz övladına əziz bildiyi şəxslərin adını qoyar. Deməli, bu toplum Əhli-beyti (ə) özünə ən əziz bilir”.

Elmi konfrans cəmlə duaların edilməsi ilə yekunlaşıb.(deyerler)
1356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...