Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Lüks həyatını gözə soxan bu məmur balalarının hansı əsgərlikdə olub?! - (Fotolar)

Ordumuzda əsgər itkilərinə dair acı və üzücü xəbərlərin ardı-arası kəsilmir. Dünən - aprelin 18-də də daha bir əsgərimiz özünü asdı.

Artıq bu il ordumuzun 29 hərbçisi ölüb, 36-sı isə yaralanıb. 29 hərbçimizin yalnız 5-i düşmən gülləsindən şəhid olub.

Cəmiyyətdə belə stereotip var ki, orduda ölənlər kasıb-kusubun uşaqlarıdır. Hər zaman ictimai müzakirə mövzusu olan, həmişə də haqlı olaraq yaranan sual budur: “Bəs görəsən, məmur övladları əsgər gedirmi?”

Cavabı özlüyündə böyük ölçüdə bəlli olan bu sual rəsmən həmişə cavabsız qalıb, böyük ehtimalla bundan sonra da cavabsız qalacaq. Onların əksəriyyətinin əsgər gedib-getməməsindən xəbərimiz olmasa da (hərçənd ki, bütün məmurların uşaqlarının ordudan yayındığını da iddia edə bilmərik, çünki övladını vətən qarşısındakı borcunu yerinə yetirməyə sevə-sevə göndərən məmurlar da var) lüks həyatlarından xəbərimiz var. Bunu yaymağı onlardan biz istəmirik, sosial şəbəkələrdə elə özləri nümayiş etdirirlər...

Ordudan bəd xəbər eşitməkdən yorulan sıravi vətəndaşları daim düşündürən “bəs görəsən, məmur övladları da əsgər gedirmi” sualı həmin itki xəbərlərinin fonunda tez-tez səslənir. Bəs hansı məmur övladları? Dediyimiz kimi, təbii ki, hamısı yox. Söhbət o məmur övladlarından gedir ki, onlar çoxunu qıcıqlandıran dəbdəbəli həyatlarını, lüks yaşayışlarını, bahalı maşın, geyim və sair oyuncaqlarını sosial şəbəkələrdə reklam edirlər...

Bu gün sosial şəbəkələrdə öz dəbdəbəli həyat tərzini və əyləncələrini reklam edən “qəhrəmanları” bir daha xatırlayaq, cavabını ala bilməsək də öz-özümüzə sual verək: “Bəs onlar əsgər gediblərmi?”

Yada salaq ki, lüks həyatlarını göstərən şəkillərini təqdim edəcəyimiz məmur balaları ilə bağlı virtualaz.org saytında indiyə qədər çoxsaylı və geniş araşdırma yazıları yer alıb (həmin yazıların linkini də təqdim edəcəyik). Başlayaq...

Nəqliyyat naziri Ziya Məmmədovun kiçik qardaşı, deputat Elton Məmmədovun 26 yaşlı oğlu Aynar Məmmədov. Milli Məclisdə işləyir. Cəmisi 900 manat maaş alır. Ancaq həyat tərzi onun aldığı maaşla əsla ayaqlaşa bilməz...

Artıq şərhə ehtiyac yoxdur. Çünki Aynar Məmmədovla bağlı aşağıda təqdim edəcəyimiz fotolar necə deyərlər, “özü danışan fotolar”dır...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimov. Onun instagram səhifəsində paylaşdığı şəkilləri də bizə şərh verməyə imkan vermir...

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun oğlu Elçin Rüstəmov. O da instagramda aktiv olan məmur övladlarından biridir. Onun da lüks yaşam tərzi ilə sosial şəbəkədə tanış olmaq mümkündür...

General-polkovnik Vaqif Axundovun oğlu Murad Axundov. Murad Axundovun istagram səhifəsindəki fotoları hər şeyi izah edir. Bizə deyir ki, “siz susun, biz danışaq...”

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı, Bakı Neft Bazasının keçmiş direktoru Yaşar Babayevin oğlu Niyaz Babayev. Aşağıdakı fotolar oliqarx oğlunun necə deyərlər, danışan həyatıdır...

Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyevin oğlu Qədir Əliyev. Bu fotolar onun həyatı haqda hər kəsin istədiyi fikrə gəlməsinə yardımçı olacaq. Baxın, özünüz düşünün...

Bu yazıları bir daha gündəmə gətirməkdə məqsədimiz o deyil ki, bu məmur övladları əsgər getməyib, yaxud niyə getməyib. Bəlkə də gediblər, amma bunu da instagramda reklam etməyiblər deyə bizim xəbərimiz olmayıb. Əsgər getməyən və ya gedibsə də getməyindən xəbərimiz olmayan məmur övladlarına dair yüzlərlə misal çəkə bilərik...

Adlarını çəkdiyimiz və maraqlı həyat tərzləri ilə tanış olduğumuz gənclərin əsgər gedib getməmisi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdik.

Səfərbərlik Xidmətindən virtualaz.org saytına ümumi sözlərlə sadəcə rəsmi cavab verildi. Bildirdilər ki, çağırışçılar arasında heç bir fərq qoyulmur: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların sosial mənsubiyyətinə görə təsnifat aparılmır. Bütün çağırışçılara eyni münasibət göstərilir və heç bir kəsin sosial mənsubiyyətinə görə güzəşt almaq hüququ yoxdur”.

Adlarını qeyd etdiyimiz şəxslərin əsgərlikdə olub-olmamasına isə konkret olaraq bu cavab verildi: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların belə bir siyahısı tutulmur”.

Sonda bir dilək tutaq və arzulayaq ki, nə zamansa bizə məmur övladlarının əsgərlik fotolarını sosial şəbəkələrdə görmək qismət olsun. Onlar da kasıb balaları kimi əsgər getsin və vətən qarşısındakı borcunu ləyaqətlə başa vurub sağ-salamat qayıtsınlar. Axı bu vətənin təkcə sərvətləri yox, səngərləri də onlarındır, bizimdir, hamımızındır... /virtualaz/



4842 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP