Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2014

Parlamentdəki biabırçılığa Milli Şuradan reaksiya

Vidadi Mirkamal: «Baş verənlər onu göstərir ki, Milli Məclis notarial orqana çevrilib və öz görəvini yerinə yetirə bilmir»

Azərbaycanda Milli Məclisin necə fəaliyyət göstərdiyi, deputatların hansı kriteriyalarla seçilməsi heç kimə sirr deyil. Ancaq, sonrakı faktlar onu göstərdi ki, MM-dəki biabırçılıqlar bununla da bitmir. Belə ki, ötən il MM-də deputatların bir-birinin yerinə səs verdiyi kadrlar yayımlandı və məlum oldu ki, səsvermə prosesi hansı şəffaflıqla həyata keçirilir. Həmin vaxt bəzi deputatlar buna haqq da qazandırdılar.

Bugünlərdə yayımlanan kadrlar isə daha biabırçı oldu. Ans-in kadrlarında görünür ki, bir şəxs digər deputatların əvəzinə rahatlıqla səs verir. Və məlum olur ki, bu şəxs MM-in Akif adlı operatorudur. Təsəvvür edin hansısa taleyüklü məsələ müzakirə olunur və MM-in bəzi deputatları zalda olmasa da, səs verə bilirlər.

Hakimiyyət təmsilçiləri bir qayda olaraq Milli Şuranın iclasların aşağılamağa çalışırlar və bütün üzvlərin iclasda iştirak etmədiyini tirajlayırlar. Ancaq, MM-dən fərqli olaraq Milli Şurada heç kim bir-birinin əvəzinə səs vermir.

Ümumiyyətlə, baş verənlər biabırçı reallıqdır. Əvvəllər deputatlar bir-birinin əvəzinə səs verirdilər, indi operator deputatların əvəzinə səs verir. Tutalım Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən məsələ müzakirə olunur və onlarla deputat bu müzakirədə iştirak etmir. Belə olan halda kimsə deputatların əvəzinə səs verir və məsələ həll olunur.

Əgər, səsvermə üçün deputat lazım deyilsə, bu prosesi kompyuter, kart həyata keçirə bilirsə, o zaman deputata nə ehtiyac var? Düzdü, Azərbaycan reallığında qanunların necə qəbul olunduğu hamıya məlumdur. Hamı bilir ki, yuxarının istəyi necədirsə, səsvermə də elə nəticələnəcək. Ancaq, istənilən halda baş verənlər ciddi pozuntudur, millətə və dövlətə hörmətsizlikdir. Qanunverici orqan o vəziyyətə düşüb ki, deputatın mövqeyi heç nəyi həll etmir.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Vidadi Mirkamal “Azadlıq”a açıqlamasında bildirdi ki, MM notarial bir orqana çevrilib və baş verənlər də onu göstərir ki, bu qurumun heç bir səlahiyyəti yoxdur: “Ölkə üç hakimiyyətin üstündə dayanır. Bunlar qanunverici, icra və məhkəmə hakimiyyətidir. Qanunverici hakimiyyət cəmiyyətdəki ictimai münasibətləri tənzimləmək üçün qanunlar qəbul edir. Və bu qanunların müzakirəsi zamanı o şəxslər səs verir ki, həmin şəxslərə insanlar səs verib. Yəni, səsvermə deputatın müstəsna səlahiyyətidir. Hər hansı deputatın yerinə başqası səs verirsə, bu həmin deputatın iradə ifadəsinin zorlanmasıdır. Bu birmənalı şəkildə qanuna ziddir. Operatorun deputatların yerinə səs verməsi onu göstərir ki, MM asılıdır və notarial bir orqana çevrilib. MM öz görəvini yerinə yetirməyən hakimiyyətin formalaşdırdığı bir qurumdur. Bütün bunlar onu göstərir ki, Azərbaycanda hakimiyyət bölgüsü düzgün deyil və Prezident Administrasiyası bütün orqanların səlahiyyətlərini mənimsəyib. MM olmasa da PA bütün qanunları hazırlayıb, təsdiqləyəcək. Çünki, ölkədə avtoritar sistem hökm sürür”./azadlıq/
1438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12