Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

“Şanxay” və “NZS”in köçürülməsi yenidən gündəmə gəldi

Cavid Qurbanovun açıqlaması “Şanxay”da narazılıqla qarşılandı; “NZS” sakinləri isə hələ də ARDNŞ-lə məhkəmədə çəkişir...

Keşlə qəsəbəsindəki dəmir yolu xəttinin kənarında yerləşən və “Şanxay” adı ilə tanınan qanunsuz tikililər söküləcək". Bunu ötən gün “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov açıqlamasında deyib. O bildirib ki, gələcəkdə həmin ərazinin sökülməsi planda var.

“Bildiyimə görə, orada park salınacaq və gözəl yollar tikiləcək”-deyə millət vəkili bildirib. Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki “Şanxay” adlanan ərazidən keçən dəmir yolunun mühafizə zolağında tikilmiş evlərin sökülməsi məsələsi uzun müddətdir gündəmdədir. Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmir yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. “Şanxay” da mühafizə və sanitar zolağa düşən ərazidir. “Şanxay” sakinlərinin evlərinin sökülməsi ilə bağlı qərara münasibətlərini öyrənmək üçün ötən gün yolumuzu bu qəsəbəyə saldıq.

“Şanxay”ı da “Sovetski” kimi edəcəklər"

Alim Məmmədov adlı “Şanxay” sakini ilə dəmiryolunun üstündə söhbətləşirik. İşdən evə qayıdan Alim kişi “düz əməlli kompensasiya versinlər, köçək gedək buralardan” deyərək deyinir. “Şanxay” sakini bildirdi ki, burdakı evlərin çoxu 60-cı illərdə tikilib: “O vaxt evlər dəmir yoluna bu qədər yaxın deyildi. Dəmir yolundan bir xeyli kənar olan evlərlə bağlı da o vaxt qərar çıxarmışdılar ki, söküləcək. Qarabağ müharibəsindən sonra burda sürətlə evlər tikildi. İndi dəmiryoluna yaxın tikilən evlərin çoxu məcburi köçkünlərin evləridir. Biz bilirik burada yaşamaq təhlükəlidir. Uşaqlar dəmiryolunun üstündə böyüyürlər. Demək olar ki, iki saatdan bir buradan qatar keçir. Evdə oturanda elə bilirsən ki, 4-5 bal gücündə zəlzələ baş verir. Neyləyək? Hara gedək? Hökumət yaxşı kompensasiya versin köçək gedək”.

Orta məktəbdə müəllimə işləyən Həlimə Qasımova adlı “Şanxay” sakini isə bildirir ki, hər il “Şanxay”ın da söküləcəyi ilə bağlı xəbər yayırlar: “Amma ortalıqda heç nə yoxdur. Bir ara dedilər ki, yalnız sənədləri olan evlərə kompensasiya veriləcək. Burdakı evlərin heç birinin sənədi yoxdur. ”Sovetki"dəki kimi, burdakı evlərin çoxu 20-30 kvadratmetr arasıdır. Onlara verilən pulla hardan ev almaq olar?".

“Evin özülünü atanda 4 min dollar aldılar”

Qafur İsmayılov adlı “Şanxay” sakini deyir ki, torpağı bələdiyyədən alaraq ev tikib: “Evin özülünü atanda 4 min dollara kimi polisə, icra hakimiyyətinə və bələdiyyəyə pul verdim. 2001-ci ildən burda yaşayıram. Mən və ailəm üçün burda yaşamaq çətindir. Dəfələrlə olub ki, uşaqlar qatar keçəndə dəmiryoluna çıxıblar. İndi hələ yaxşıdır, qatar burdan keçəndə sürətini azaldır. Əvvəllər belə deyildi, qatar sürətlə keçirdi. Qonşu küçədə bir kişini qatar vurub şikəst edib. Hökumət bizləri köçürtmək istəyirsə, köçürsün. Nə deyə bilərik ki? Amma, heç olmasa bizlərə başımızı soxacağımız bir daxma versin”.

“NZS” sakinləri ilə ARDNŞ-nin bitməyən məhkəməsi...

Bakıda sakinlərinin köçürüləcəyi digər bir ünvan isə NZS qəsəbəsidir. Bakının Xətai rayonu, Babək prospekti, İlham Məmmədov küçəsində yaşayan 168 ailənin yaşadığı ev dəmiryolu xəttinə və Dövlət Neft Şirkətinin (ARDNŞ) neft borularına yaxın yerləşdiyindən köçürülmə planına salınıb. Hətta sakinlər neft borularının mühafizə zolağında ev tikdikləri üçün ARDNŞ tərəfindən məhkəməyə veriliblər.

Ancaq iki ildən artıq vaxt keçməsinə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb. Sakinlər də ədalətli kompensasiyanın ödənilməsi üçün məhkəməyə müraciət ediblər. Kompensasiyanın verilməsi tələbi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilib. Lakin ekspertizanın qərəzli aparılması müşahidə edilib. Yalnız səkkiz aydan sonra ekspertizanın rəyi bəlli olub. Ekspertiza rəyində qiymətlərin nəyə əsaslandığı göstərilməyib.

“NZS” sakinlərinin sözlərinə görə, ekspertiza rəyinə əsasən, mənzilin hər kvadratmetri üçün 150 AZN, əla təmirli mənzil üçün isə 300 AZN məbləğində kompensasiyanın ödənilməsi müəyyən edilib. Bundan başqa, evlərin yerləşdiyi torpaq sahəsinin “Azərneftyağ” zavodunun ərazisinə daxil olub-olmaması müəyyən edilməyib. Bir ildən artıqdır davam edən məhkəmə çəkişmələri, işin obyektiv və tam araşdırılmaması sakinlərin əsəblərini artıq tarıma çəkib. Nəticədə isə 500-dən çox vətəndaşın evsiz qalması ciddi sosial gərginliyə gətirib çıxarıb.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyindən verilən məlumata görə, “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi üçün komissiya yaradılması” haqqında sərəncam imzalanıb və Prezident Administrasiyasının rəhbərinin sədrlik etdiyic baş nazirin müavini, daxili işlər, nəqliyyat, ədliyyə nazirləri, iqtisadi məsələlər üzrə prezident köməkçisi, ictimai-siyasi məsələlər, qanunvericilik və hüquq ekspertizası məsələləri üzrə şöbə müdirləri, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Dövlət Neft Şirkətinin prezidentinin daxil olduğu komissiya yaradılıb.

Komissiya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb təklifləri üç ay ərzində prezidentə təqdim etməli olduğu halda, təkliflər hələ də təqdim edilməyib. Bundan istifadə edərək insanların evlərinin sökülməsi davam edir.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadovanın sözlərinə görə, Azərbaycan dövləti 13 avqust 1992-ci il tarixdə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlara Dair Konvensiyasını ratifikasiya edib: “Ölkə həm də 15 aprel 2002-ci il tarixindən ”İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında" konvensiyanın iştirakçısı kimi Avropa Məhkəməsinin yurisdiksiyası altında məcburi köçürülməni və evlərin zorla dağıdılmasını qadağan edən beynəlxalq öhdəliklərə sahibdir: “Prezidentin 27 dekabr 2011-ci il tarixli ”Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamında Azərbaycan Respublikası insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürməsi qeyd edilib. İnsanların hüquqlarının qorunması, vətəndaşlarımıza layiqli yaşayış şəraiti yaradılması üçün haqqı, ədaləti tələb etdikdə hökmən özlərinə qəsd edib öldürmələrimi lazımdır?"
Məlumat üçün bildirək ki, “NZS” sakinləri bir neçə dəfə ədalətli kompensasiya tələbi ilə aksiya keçiriblər./musavat/
1543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber