Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

İşdən çıxarılan müəllimə Əliyevə və nazirə müraciət etdi

Gülnarə Mütəllimova: “Bir vətəndaş kimi 62 saylı məktəbdə davam edən özbaşınalıqlar məni narahat edir”
Bakı şəhər, Nizami rayonu, 62 saylı orta məktəbin bir müddət əvvəl işdən çıxarılan müəllimi Gülnarə Mütəllimova dövlət başçısına və təhsil nazirinə şikayət ünvanlayıb. Müəllimənin müraciətində sözügedən məktəbdəki durumdan şikayət edilir.

Onun sözlərinə görə, 2013-cü ilin may ayında da nazir Mikayıl Cabbarova məktəbdə direktor Mətanət Cabbarlı tərəfindən baş verən qanunsuzluqlarla bağlı müraciət edib: “Bir dəfə də qəbulda olmuşam. Bütün materialları nəzarət şöbəsinə təqdim etmişəm. Lakin bu günə qədər göstərilən faktlarla bağlı bir tədbir görülməyib. Ona görə də bu dəfə nazirə mətbuat vasitəsi ilə müraciət edirəm. O vaxtkı ərizəmdə mənim qanunsuz olaraq işdən azad edilməyim və direktorun digər özbaşınalıqlarından bəhs edilirdi.

Mən məhkəməyə müraciət edərək işimə bərpa olundum və işləmədiyim 12 ayın pulunu da aldım, sonra yenə təqaüd yaşımın çatdığını bəhanə gətirərək işdən çıxardılar. İndi təqaüddəyəm. Ancaq məni bir vətəndaş, bir ziyalı, 40 ilin müəllimi kimi məktəbdə bu gün də davam edən özbaşınalıqlar narahat edir. Bu, eyni zamanda təhsildə həyata keçirilməli olan islahatlara ziddir. Düşünürəm ki, nə qədər ki, məktəbdə bu tipli idarəçilər var, sizin və komandanızın gördüyü işlər öz nəticəsini verməyəcək”.

Müəllimə qanunsuzluqların bir hissəsini nazirin diqqətinə məktubda çatdırıb: “Məktəbdə ali təhsilli müəllimələrə deyil, laborantlara dərs verilib, həmçinin Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə yer qazanmayan müəllimlər də direktordan dərs ala bilib. Məktəbdəki vakansiyalar isə nazirlikdən gizlədilir. Burada hətta dərs ilinin ortasında qanunsuz olaraq sinif, həm də 10-cu sinif bağlanıb”.

Qeyd edək ki, vaxtı ilə 62 saylı məktəbdə rus dili müəlliməsi işləyən Gülnarə Mütəllimova təhsil müəssisəsindəki durumdan şikayət etdiyi üçün dəfələrlə işdən qovulub. O, məktəbdə savadlı müəllimlərin sıxışdırılmasından və yerinə savadsız kadrların yerləşdirilməsindən, həmçinin məktəbdə keçirilən tədrisin keyfiyyətindən və yığılan rüşvətdən şikayət edib və bu, direktorun xoşuna gəlməyib.

Sözügedən məktəb-liseylə bağlı mətbuatda bir neçə dəfə faktlar açıqlansa da, hər dəfə məktəb rəhbərliyi bunu təkzib edib və mətbuata informasiya ötürənləri elə mətbuat vasitəsi ilə təhqir edib. Bildirilir ki, mətbuatda yazılanların nəticəsi olaraq isə məktəbə bir neçə dəfə yoxlama gedib və hər dəfə direktor Mətanət Cabbarlı deputat bacısı Məlahət İbrahimqızının dəstəyi ilə vəziyyətdən çıxa bilib.

Müəllimə deyir ki, o, məktəbdə baş verən qanunsuzluqlar barədə dəfələrlə aidiyyəti qurumlara müraciət ünvanlayıb, məsələnin araşdırılmasını istəyib. O, müxalif fikirli insan olduğuna görə daim direktor tərəfindən sıxışdırılıb və qeyri-qanuni olaraq işdən çıxarılıb. İlk dəfə 2008-ci ildə müəllimə dərs prosesi zamanı küçədə iməcilikdə işləməsinə etiraz etdiyinə görə işdən çıxarılıb. Onu ixtisar edən direktor məhkəmədə uduzandan sonra müəlliməni işinə bərpa etməli olub.

G.Mütəllimovanın sözlərinə görə, Mətanət Cabbarlı məktəbə direktor təyin olunandan dərhal sonra stajlı, savadlı müəllimlər təqib olunaraq sıxışdırılıb məktəbdən çıxarılıb. Müəllimlər işdən çıxmaq barədə ərizə yazmağa məcbur edilib, əvəzinə savadsız tanışlar işə götürülüb./musavat/
1417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber