Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

“Sovetski” ilə bağlı qərar dəyişməyib

Sakinlər 1500 manat kompensasiyaya evlərindən çıxmayacaqlarını deyirlər

“Evlərin sökülməsiylə bağlı qərar hələ ki, dəyişməyib. Yenə də kvadratına 1500 manatdan pul verirlər. Bu, ”Sovetski"də yaşayan sakinlərə sərf etmir. Çünki burada mənzillərin sahəsi çox kiçikdir. Verilən pulla da heç yerdə ev almaq mümkün deyil"- bunu “Azadlıq”a “Sovetski”də Süleyman Rəhimov küçəsi, ev 11-də yaşayan Fuad Dərgahov deyir.

“Camaatı incitməsinlər, ya sökməsinlər, sökürlərsə bazar qiymətlərinə uyğun pul ödəsinlər”

Onun sözlərinə görə, Yasamal rayon Icra Hakimiyyətinin nümayəndələrinin dediyi kimi evlərini satanların sayı çox deyil: “Yalandan deyirlər ki, axın var, camaat razılaşıb. Elə şey yoxdur. Mənzilinin sahəsi böyük olanlar qismən də olsa razılaşırlar. 10-15 kvadrat metrlik ev sahibləri hələ ki, gözləyir. 15-20 min manata heç yerdə ev almaq olmaz. Burada heç olmasa başımızı daxmamıza salıb birtəhər yaşayırıq. Evlərimizi söksələr nə edəcəyik? Hara gedəcəyik? Harda yaşayacağıq? Mənə bir nəfər 20 min manata Bakıda ev almağın yolunu göstərsin, günü bu gün mənzilimdən çıxıram, yoxdur. Torpaq sahəsi alsam belə ev tikə bilmərəm. Normal pul versələr, hamı razılaşar”.

Fuad Dərgahov deyir ki, “Sovetski”də 12 mindən çox insanın evi söküləcəyi barədə məlumatlar yayılıb: “Burada heç 2 min mənzil sahibini də hökumətin verdiyi kompensasiya qane etmir. Ancaq evlərinin sahəsi 100-120 kvadratmetr olan 400-500 ailə köçməyə razı ola bilər. Qalanlarını bu məbləğ qane etmir. Mənim mənzilimin sahəsi 16 kvadrat metrdir. Evimin bütün sənədləri qaydasındadır. Dövlətə heç bir borcum yoxdur. Kommunal xidmət haqlarını vaxtı-vaxtında ödəmişəm. Evimin sahəsi azdır, ancaq əsas odur ki, yaşamağa yerim var. 16 kvadrata hökumət 24 min manat kompensasiya verəcək. Bu pula hardan ev alım? 24 min manatla kimin qapısını döymək olar? Maliyyə Nazirliyi, yaxud ”Sovetski"nin köçürülməsini həyata keçirən dövlət qurumlarının bazardakı qiymətlərdən xəbəri yoxdur? Camaatı incitməsinlər, ya sökməsinlər, sökürlərsə, bazar qiymətlərinə uyğun pul ödəsinlər".

“Tələbimiz odur ki, ya normal kompensasiya verilsin, ya da evlərimizin sahəsinə uyğun mənzillə təmin etsinlər”

Sakinlər deyirlər ki, sözügedən ünvandan mənzillərin bazar qiyməti 4 min manatdan aşağı deyil. Vətəndaşlar iddia edir ki, “Sovetski” başqa sökülən ünvanlar kimi hissələrə bölünərək iş adamlarına satılıb: “Buranın hamısı park olmayacaq. Binalar da, obyektlər də tikiləcək. ”Sovetski"də tikilən yeni binada mənzilin bir kvadrat metri 5 min manatdan aşağı deyil. Problem həll olunandan sonra camaatın evini sökməlidirlər. Konstitusiyada mülkiyyətin toxunulmaz olduğu yazılıb. Niyə bu qanunlara hörmət edilmir? Fevralın 16-da aksiya keçirəndə bizə dedilər ki, hər birinizin problemi araşdırılacaq. Kimin evinin sahəsi kiçikdir, onun mənzilinə yenidən baxış keçiriləcək. Hətta deyildi ki, kompensasiya istəməyən şəxslərə mənzil verilə bilər. Bir müddət keçəndən sonra mənzil məsələsini arxa plana keçirdilər. Sonra dedilər ki, kvadratı 2500-3000 manatdan kompensasiya ödəniləcək. Indi bunu da rədd edirlər. Yalandan deyirlər ki, kim razı deyilsə, evində qalsın. Axı, hamımız bilirik ki, mənzillərimizi sökəcəklər".

Vətəndaşlar deyirlər ki, “Sovetski”dən paytaxtın istənilən ünvanına getmək rahatdır: “Məsələn, ”Içərişəhər" metrostansiyasının yaxınlığında torpağın sotu 700-800 min, hətta bir milyon manata, Hüseyn Cavid prospektində 300-350 min manatadır. “Sovetski”ylə bu ünvanlar arasında məsafə o qədər böyük deyil. 5 dəqiqəlik yoldur. Şəhərin mərkəzidir, əlimiz hər yerə çatır. Bizə çox rahatdır. Indi mənzilimiz balacadır, yollarımız bərbaddır deyə bizi burdan köçürüb az pul verməlidirlər? Heç kim iddia etmir ki, onun evi villadır. Söküntünü həyata keçirən dövlət qurumlarından 400-500 min manat istəmirik. Tələbimiz odur ki, ya normal kompensasiya verilsin, ya da yaxınlıqdakı tikilən binalarda evlərimizin sahəsinə uyğun mənzillə təmin etsinlər. Əks halda heç kim bununla razılaşmayacaq. Mənzillərinin sahəsi böyük olan 100-200 adam buradan köçə bilər. Hökumət hər kəsin qayğısına qalmalıdır. Biz onların təklifiylə razılaşmırıq"./azadlıq/
1427 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07