Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

"Ailəmlə birlikdə mətbəxdə yaşayıram"

Azərbaycan Texniki Universitetinin Yasamalda yerləşən tələbə yataqxanasında Füzuli rayonundan olan məcburi-köçkünlər məskunlaşıb.

Yataqxana 5 mərtəbədən ibarətdir. Binaya girərkən qarşımıza ilk olaraq ərzaq malları satan satıcı çıxır.  Satıcının yanından ötüb yataqxanının yuxarı mərtəbələrinə qalxırıq.

IMG_0957p

İkinci, üçüncü mərtəbələrdə koridor yaxşı işıqlandırılmayıb. Qapıların ağızına zibil torbaları yığılıb. Hər qapının yanında elektrik və qaz pilitələrinə rast gəlirik. Bu əşyalar onsuz da darısqal olan yataqxananın koridorlarını biraz da darlaşdırır.

IMG_0875p

Bu yataqxanada məskunlaşmış, 1992-ci il iyun ayının 23-də Füzuli rayonundan məcburi köçkün düşmüş Xatirə Əsədova yaşadığı şəraitdən narazıdır.

IMG_0944p

Şəhid bacısı olduğunu bildirən Xatirə xanım qaz problemindən danışır: “İstiliyi yalnız qaz pilitələri ilə təmin edirik. Üç oğlum var ikisi xəstədir, özüm isə onkoloji xəstəyəm. Dünya bankı qaçqın və məcburi köçkünlərə 1 milyon 700 min manat pul ayırıb, lakin bizə bu puldan dəstək olunmur”.

IMG_0909p

Bir başqa məcburi köçkün Gülzər Paşayeva isə yaşadıqları otağa su damdığını bildirir. Şəraitlərinin pis olmasından şikayətlənir: “Oğlum ali təhsilini yarımçıq qoyub Qarabağa döyüşməyə getmişdi. Yataqxana bu yaxınlarda təmir olunub, amma yalnız mərtəbələrdəki koridorlar təmir olunub evlərin içərisinə isə toxunulmayıb”.

IMG_0900p

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etdiyini bildirən Gülgəz xanım yataqxanada evlərin qanunsuz olaraq məcburi köçkün olmayan şəxslərə pul qarşılığında satıldığını iddia edir.

IMG_0883p

Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndindən olan məcburi köçkün Əliyeva Tacirə Əziz qızı bu yataqxanaya 1993-cü ildə gəldiklərini bildirir. Bir çox qaçqın yataqxanalarını köçürən dövlət orqanının onları hələ də burada nə səbəblə saxladıqlarını anlamadığını bildirir: “Komitə bizi buradan köçürüb Müşfiqabad qəsəbəsində yerləşdirəcəyinə söz verdi, lakin bu məsələ hələ də uzanır. Dövlət komitəsi bizimlə layiqincə maraqlanmır”.

xatire photoshop

Tacirə xanım həm də 2-ci qrup Qarabağ əlilidir və o döyüşlərdə də iştirak edib: “Həyat yoldaşım Əli Əliyev müharibədə şəhid olub”. Zob xəstəliyindən əziyyət çəkən Tacirə xanım səlahiyyətli dövlət orqanlarından yardım əli uzadılmasını xahiş edir.

IMG_0918p

Digər müsahibimiz Mayıs Piriyev də 1993-cü ildə Füzuli rayonundan məcburi köçkündür. Əlillər şöbəsinin üzvü və müharibə veteranı olduğunu bildirən Mayıs Piriyev acınacaqlı şəraitlərindən danışır: “Ailəmlə birlikdə mətbəxdə yaşayıram. Qazımız gəlmir”.

IMG_0922p

Xudiyeva Diləfruz Əli qızı da 1993-cü ildən burada yaşayır: “Çox çətin şəraitdə köç etmişik. Özüm Qarabağ döyüşlərində rabitəçi olaraq iştirak etmişəm. Rayondan son çıxanlardan biri mən idim. Üç oğlumu çətin şəraitdə böyütmüşəm. Əsas problemimiz su problemidir. Gəldiyimizdən bəri bu yataqxanaya daimi su verilmir. Dövlət orqanlarından xahiş edirəm ki, problemimizi həll etsinlər”.

IMG_0933p

Qeyd edək  ki, Azərbaycan respublikasının yaydığı rəsmi məlumata görə,  ölkədə 1.200.000-dək qaçqın və məcburi köçkün var. 1988-ci ildən başlayaraq, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və  Dağlıq Qarabağla həmsərhəd olan yaşayış mənətəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkün düşmüş və  respublikanın 62 şəhər və rayonunda, 1600 - dən çox sıx məskunlaşma obyektində  müvəqqəti məskunlaşıb.

IMG_0961p

1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə dövlət büdcəsindən 4,3 milyard manat vəsait sərf olunub./724news/

1485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09