Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2014

Oliqarx uşaqlarının “100” seriyalı maşınlarının yeni şouları - (Fotolar)

Oliqarx övladlarının qiyməti yüz minlərlə, bəzən milyonlarla ölçülən avtomobilləri ilə Bakı küçələrində digər sürücülərin və piyadaların həyatına açıq təhlükə yaradaraq quduzcasına sürətli yarışa çıxmasına dair yazılarından sonra ictimaiyyətin diqqəti elitar “avtoşlar”a yönəlib.

Dövlət Yol Polisinin rəisi, general Ramiz Zeynalov “Trend” agentliyinə müsahibəsində ictimaiyyətin belələrini qınaq obyektinə çevirməli olduğunu deyib.

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov isə onun oğluna və çevrəsinə məxsus “100” seriyalı maşınların Zığ şossesində necə sürət yarışına çıxdığını əks etdirən kadrların yayılmasını “özünə və ailəsinə qarşı sifarişli” kampaniya hesab edir.

Deputat mətbuata yeni açıqlamasında övladlarını “Azərbaycan gənclərinə nümunə” hesab edərək deyib ki, həmin videoları kimin ötürdüyünü bilir.

Lakin görünür, Elton Məmmədovun xəbəri yoxdur ki, bu videoları elə onun oğlu, yaxud oğlunun çevrəsindəkilər çəkib və internetdə yerləşdiriblər. Belə ki, internetdə “DragtimesBaku” facebook səhifəsinə və ya odnoklassniki.ru saytına, yaxud video.az portalına nəzərə salmaq kifayətdir ki, deputat oğlunun və onun dostlarının “100” seriyalı maşınları Bakı yollarında necə yarışa çıxardıqlarına dair onlarla videorioliklərə rast gələsən.

Bu videokadrlar son iki ildə çəkilib və internetdə yerləşdirilib. Həmin internet resurslarında yerləşdirilən və paylaşılan videoroliklərdən də görünür ki, oliqarx uşaqları öz bahalı “oyuncaq”larının Bakı yollarında saatda 280 kilometrə çatan sürətlə necə şütüdüklərini internet vasitəsilə başqalarına həvəslə nümayiş etdirirlər.

Başqa sözlə, hazırda E.Məmmədova və uşaqları bahalı avtomobillərlə harınlıq edən digər oliqarxlara qarşı “kampaniya təşkil edən” bir qüvvə varsa, o da internetdir.

Görünür, bu ərköyün balalar öz maşınları ilə saatda 280 kilometrlə şütüyəndə və bunu başqalarına sübut etmək üçün videoroliklərini internetdə yerləşdirəndə mətbuatın da bu kadrlara diqqət yetirəcəyini nəzərə almayıblar. Yaxud bu, onların heç veclərinə olmayıb.

Virtualaz.org saytı “DragtimesBaku” səhifəsindən seçdiyi videoroliklərin dördünü oxuculara təqdim edir.

Odnoklassniki.ru saytında “OrkHan TaGiRov” adlı istifadəçinin yerləşdirdiyi videorolikdə Bakının Zuğulba qəsəbəsində olduqca dəbdəbəli məkan və həyətindəki milyonlarla dollar qiyməti olan maşınlar təsvir olunub. Musiqi ilə müşayiət olunan kadrlarda 90 KK 900 nömrəli “Aston Martin” (qiyməti 1 milyon dollardan yuxarıdır), Elton Məmmədovun oğlu Aynarın dostu, Nəqliyyat Nazirliyinin işçisi  Bağırov Zaur Mətləb oğlunun adına olan 10 LZ 100 nömrəli “Nissan Skyline GT-R35”, 10 TT 200 nömrəli “Maserati” (qiyməti 300 min manata yaxındır), 10 RR 900 nömrəli digər “Maserati”, Aynar Məmmədova məxsus 10 LR 100 nömrəli avtomobil (markasını dəqiq təyin etmək mümkün olmayıb) maşınların şəhər istiqamətində kortej şəklində yola çıxaraq hərəkət etdikləri görünür.

Video.az portalında yerləşdirilmiş digər rolikdə isə 10 LZ 100 nömrəli “Nissan” bu dəfə Zığ şossesində “Kawasaki Ninja ZX-14” motosikleti  və “Porsche  911”lə yarışa çıxarkən görünür.

Növbəti videoda isə “Mercedes Benz G63 AMG Bi-Turbo” (nömrə nişanı seçilmir), “Mercedes Benz G63 AMG Wheelsandmore ST 2” (nömrə nişanı 10 AZ 458), “BMW X5M” (nömrə nişanı 10 AZ 484) avtomobillərinin Zığ şossesində sürət yarışı əks olunub.

Kadrlardan görünür ki, “Mercedes” markalı avtomobillərin sürəti saatda 240, “BMW X5M”in sürəti isə saatda 260 kilometri keçir.

Qeyd edək ki, internetdə bu cür videolar kifayət qədərdir və qudurğanlıq edən məmur övladlarını aşkar edib cəzalandırmaq istəyi olsa, hüquq-mühafizə orqanları onlardan asanlıqla yararlana bilər.

3393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:54