Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2013

Bu gün Milli Şuranın sessiyasıdır

Rüstəm İbrahimbəyovun Cəmil Həsənli ilə əvəzlənməsi təklifi səsləndi; Eldar Namazov isə həmsədrlik təklif edir...
Bu gün saat 16.00-da Müsavat Partiyasının qərargahında Milli Şuranın sessiyası keçiriləcək. Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazovun “Yeni Müsavat”a verdiyi məlumata görə, seçkilərdən sonra keçirilən ilk sessiyada çox ciddi məsələlər müzakirə olunacaq: “Gündəlikdə 9 oktyabrda seçki adı ilə hakimiyyəti zəbt etmək əməliyyatına qiymət verilməlidir. Bununla bağlı xüsusi sənədlər hazırlanır və sessiyanın müzakirəsinə çıxaracağıq.
Sənədlər qəbul olunacaq. Həm ölkənin daxilində, həm xaricində bu prosesi fəal və ciddi surətdə aparmaq niyyətindəyik”.

E.Namazov dedi ki, Milli Şuranın seçkidən sonrakı dövrə aid strategiyası və taktikası da müzakirə edilməlidir: “Bu çox ciddi məsələ olduğundan ola bilsin 24 oktyabr sessiyasında bu istiqamətdə fikir mübadiləsi aparıb müəyyən işçi qrupları yaratdıq. Ondan sonrakı sessiyanı isə bütövlükdə bu məsələyə həsr edə bilərik. Növbəti mərhələyə Milli Şuranın strategiyasını və taktikasını müəyyənləşdirən ümumi bir konsepsiya olmalıdır. Eyni zamanda təşkilati məsələlər gündəlikdə var. Milli Şuranın təşkilati və struktur məsələlərinə də yenidən baxmalıyıq. Milli Şuraya üzv olmaq üçün yüzlərlə müraciət var. Biz sessiyada bunun hamısına baxa bilmərik. Ancaq Milli Şuranın bəzi üzvləri qurumu tərk etməklə bağlı fikirlər söyləyiblər. Bu məsələ öz həllini tapmalıdır”.
Qeyd edək ki, sessiya öncəsi Cəmil Həsənlinin Milli Şuranın sədri seçilməsi təklifi irəli sürülüb. Belə ki, hazırda Almaniyada yaşayan Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Qəmbər Milli Şura üzvlərinə yazılı müraciət edərək Cəmil Həsənlinin Rüstəm İbrahimbəyovun yerinə sədr, Rüstəm İbrahimbəyovu isə fəxri sədr seçmək təklifini verib: “Təklif edirəm ki, Milli Şura üzvlərinin və bütün dünyadakı vətəndaşlarımızın çox böyük əksəriyyətinin etibarını və rəğbətini qazanmış Cəmil bəy Həsənli Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyasında qurumun sədri seçilsin. Azərbaycanın yeni tarixində ən böyük müxalifət təşkilatının qurulmasındakı böyük xidmətlərinə görə isə Rüstəm İbrahimbəyov DQMŞ-nin fəxri üzvü (və ya fəxri sədri) seçilsin”.
Eldar Namazov R.Qəmbərin təklifinə belə münasibət bildirdi: “Cəmil müəllim Milli Şuranın vahid namizədi kimi parlaq seçki kampaniyası apardı. Bu cür fəaliyyətdən sonra Cəmil Həsənlinin qırağa çəkilib Milli Şuranın komissiya sədri və sıravi üzvü kimi fəaliyyətini davam etdirməsi ədalətli olmazdı, həm də Milli Şuranın maraqlarına zidd olardı. Hesab edirəm ki, bu məsələdə bir neçə təkliflər ola bilər. Məsələn, Milli Şuranın iki nəfərdən ibarət həmsədr institutu yarana bilər. Cəmil müəllimlə Rüstəm müəllim həmsədr funksiyalarını yerinə yetirə bilər. Həmsədrlik institutu olsa, Cəmil Həsənli daha çox sədrin ölkədaxili səlahiyyətlərindən, Rüstəm İbrahimbəyov isə bu səlahiyyətlərdən Milli Şuranın xarici əlaqələrinin daha da güclənməsi üçün istifadə edərdi. Bütün hallarda biz hər iki böyük ziyalımızın nüfuzundan, imkanlarından Azərbaycanda demokratiyaya keçidi təmin etmək üçün bəhrələnməliyik”.
Cəmil Həsənli isə R.İbrahimbəyovu əvəz edəcəyi barədə deyilənlərə münasibət bildirib. Qaynar.info-ya açıqlamasında C.Həsənli deyib ki, Rüstəm İbrahimbəyovun sədirliyi altında işləmək onun üçün xoşdur: “Milli Şuranın gündəliyində belə bir məsələ yer almayıb. Rüstəm İbrahimbəyovun sədrliyi altında Milli Şurada olmaq mənim üçün xoşdur. Onun yerinə keçəcəyimlə bağlı xəbərlər isə həqiqəti əks etdirmir”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə az.news.az-a açıqlamasında Cəmil Həsənlinin bundan sonrakı statusunun müəyyənləşməsi üçün daxili müzakirələrə ehtiyac olacağını deyib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, Milli Şuranın gələcək taleyi və statusu ilə bağlı strateji qərarlar gələn ay verilə bilər: “Milli Şuranın statusu haqda indidən danışmaq hələ tezdir. Çünki seçki prosesi tam başa çatmayıb. Yəqin ki, yaxın həftələrdə həm siyasi partiyalar, eyni zamanda digər siyasi qüvvələr arasında müəyyən məsləhətləşmələr gedəcək, müzakirələr aparılacaq və buna uyğun olaraq strateji qərarlar qəbul olunacaq”. /musavat.com/
2111 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:49