Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

Qarabağ qazilərinin həll olunmayan problemləri...

Bəziləri günahı QHT-lərdə, bəziləri də hakimiyyət və məmurlarda görür
Ölkədəki Qarabağ qazilərinin, əlillərinin və şəhid ailələrinin durumu heç də ürəkaçan deyil. Ötən ilin sonunda qazi Zaur Həsənovun özünü yandırmasından sonra problemlər bir daha gündəmə gəlsə də, nəticə dəyişməmiş qalır. Əksinə, bir qrup qazi vəziyyətin düzəldiyini ictimaiyyətə açıqlamaqla durumu gizlətməkdə maraqlı görünür. Qazinin intiharından sonra onun silahdaşları bir neçə nazir, icra başçısı və məmurla görüşsələr də, problemlərin çözülmədiyi fakt olaraq qalır.
Qarabağ Qazilər Birliyinin rəhbəri Etimad Əsədov isə bu fikirdədir ki, həmin görüşlərdən sonra vəziyyət yaxşılığa doğru gedir: “Rəsmilərlə görüşdük, bizi narahat edən maddi promlemlər vardı, o məsələləri gündəmə gətirdik. Onun da yaxşı nəticələri oldu. Təqaüdlər 45 manat artırıldı, əlillərin övladları təhsil haqqından azad edildi, bu vəsait dövlət tərəfindən ödəniləcək. Müharibə əlillərinə minik avtomobillərinin verilməsi reallaşacaq. Eləcə də xəstəxanalara əlillərin yerləşdirilməsi, dərman tələbatlarının təmin edilməsi ilə bağlı bütün xəstəxana rəhbərlərinə Səhiyyə Nazirliyi göstərişlər verib. Bizə verilən məlumata görə, may ayında Qarabağ müharibəsi əlillərinə status verilməsi gündəmə gətiriləcək, təqaüdlər yenə qaldırılacaq, adambaşına yüz manatdan çox olacaq. Onların problemləri ilə məşğul olmaq üçün komitənin yaradılması da gözlənilir. Bir-iki ildə onların sığorta məsələsi öz həllini tapacaq. Yaxşı oldu, nəticələr var, yaxın gələcəkdə düşünürəm ki, daha yaxşı işlər görüləcək. Xeyli iş görülüb, prezident sərəncamları və fərmanlarla işlər görülüb və yerdə qalanlar da 1-2 aya davam etdiriləcək, həyata keçiriləcək. Normal vəziyyətdə, səviyyədə iş gedir”.

E.Əsədovun sözlərinə görə, onların problemlərinin bu vaxtadək həllini tapmamasında əsas günahkarlar qeyri-hökumət təşkilatlarıdır: “QHT-lər günahkardır, məsələni qaldırmırlar, ictimailəşdirmirlər. Dövlət büdcəsi imkan verir ki, bu problemlər həll olunsun. Növbəti 3-4 il ərzində bütün qazilər evlə təmin ediləcəklər. Düşünürəm ki, bu, yüksək qayğı və diqqətdir. Bu sahədə işlər görülüb, vəziyyət ürəkaçandır”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə problemlərin həll olunmamasında QHT-lərin günahkar və səbəbkar olması fikirləri ilə razılaşmır: “QHT-lər gücləri daxilində məsələni ictimailəşdirir, onların zəhmətini yerə vurmaq olmaz. Əlillərin pis durumda yaşamasının günahı birinci növbədə hakimiyyətin yanlış yanaşmasındadır. Sonra da daha böyük məsuliyyət məmurların üzərinə düşür. Hansı ki, nazirindən tutmuş üzü aşağı kimlər o işlərlə məşğul olmalıdır və onlar üçün çətin iş deyil o məsələni həll etmək”.
A.Nağının sözlərinə görə, Qarabağ qazilərinin problemləri illər boyu qabardılsa da, nəticəsi olmayıb: “Elə qazi Zaur Həsənov özü dəfələrlə aclıq aksiyası keçirmişdi. Artıq gəldi o həddə çatdı ki, özünü qurban verməklə bütün əlillərin problemlərini gündəmə gətirdi. Hökumət işə qarışdı, müəyyən işlər görülməyə başlandı. Ancaq bu hadisənin baş verməsini gözləməməli idi hakimiyyət.

Çünki müharibə veteranları, əlilləri, şəhid ailələri xüsusi kateqoriyadır, birbaşa müharibə qurbanlarıdır onlar. Ona görə də diqqət artırılmalıdır. Hətta ABŞ-da veteranlarla bağlı ayrıca nazirlik fəalyyət göstərir. Burada da QHT-lər təklif etdi ki, qurum yaradılsın. Bir qurum yaranmalıdır ki, bu problemlər birbaşa ona yönəlsin. Bu gün qazilərin, əlillərin, şəhid ailələrinin həddindən çox problemləri var. Məmurların da həddindən artıq böyük bir haqsızlığı, ədalətsizliyi və özbaşınalığı var. Məsələn, bu yaxınlarda Beyləqandan şəhid ailəsi bizə müraciət etmişdi, 20 ildir ki, probleminin həllinə dövlət qurumları yardım etmir. Biz onun nazir Səlim Müslümovun qəbuluna düşməsinə yardım edə bilmədik, o, çox çalışsa da, görüş ala bilmədi. Baxmayaraq ki, Səlim Müslümov deyir ki, qapısı həmişə şikayətçilərin üzünə açıqdır. Əksinə, təzədən sifarişlə danışan əlilləri salıblar qabağa və onlar danışırlar. Burada o əldəqayırma təşkilatlar var, vəziyyət gərgin olanda real təşkilatlar qabağa düşür. Digərləri isə özləri nəsə almaq üçün canfəşanlıq edir, həm də müəyyən sifarişi yerinə yetirirlər. Yenə də mən deyirəm ki, onlar, sifariş verənlər, hakimiyyət strukturunda oturan məmurlar da başa düşsünlər ki, bununla o problemlərin üstünü malalamaqla problem həll olunmur”./musavat/
1185 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber