Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

“Mülkümü AXCP-yə verdiyimə görə məndən qisas alırlar”

Partladılaraq sökülən qərargahın sahibi onu və yaxınlarını öldürmək məqsədilə killer tutulduğunu bəyan etdi

“Müstəqil ekspertlərin rəyinə görə, mənim mülkümün başqa adama məxsus olan zirzəmisindəki partlayışdan mənim əmlakım heç bir zərər görməyib. Lakin Fövqəladə Hallar Nazirliyinin nümayəndələri rəy veriblər ki, guya, mülküm qəzalı vəziyyətdədir. ”Burada heç kəs fəaliyyət göstərə bilməz" deyə bir sənəd hazırlayıb, Icra Hakimiyyətinə göstəriş verərək, mülkümü mənim iştirakım, xəbərim olmadan söküblər" - bunu AXCP-nin icarəyə götürdüyü, martın 3-də partladılaraq ertəsi gün sökülən mülkün sahibi Azər Əsgərov dünən keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, üç gün ərzində mülkünü zorla söküblər: “5 mərtəbəli binaları bir günə sökürlər. Amma üç gün oranı sökə bilmədilər. Çünki onun ikinci mərtəbəsində yüz tondan artıq metal konstruksiya işlətmişdim. Bu hadisə hakimiyyətin Xalq Cəbhəsinə qarşı törətdiyi terror aktı idi. Fövqəladə Hallar Nazirliyində işləyən qardaşım, polkovnik Yavər Əsgərovu Kəmaləddin Heydərov və onun müavini Orucəli Hacıyev mənim yaşadığım Antalya şəhərinə göndərmişdilər. Mənə bildirdi ki, Kəmaləddin Heydərov və Orucəli Hacıyev deyir, ”qardaşın o partiyanı ofisindən çıxarmasa, o mülkü partladacağıq, yandıracağıq". Onun səs yazısının müəyyən hissəsini mediaya verdim. AXCP-ni qərargahdan çıxartmağım üçün dəfələrlə mənə, yoldaşıma, oğluma zəng ediblər. Hətta mənə pul da təklif etdilər. Amma mən konkret olaraq dedim ki, çıxarmayacam. Qərargah partladılan günün səhəri sökməyə gəldilər. Mən də təcili bilet alıb Bakıya yola düşdüm. Mən gəlməmiş mülkümü sökməyə başlamışdılar. Nə Kəmaləddin Heydərovun, nə icra hakimiyyətinin, nə də prezidentin səlahiyyəti çatır ki, özəl mülkü söksün. Əgər qəzalı vəziyyət idisə, onların ixtiyarı vardı ki, Xalq Cəbhəsini oradan çıxarsın, qapısını möhürləsin və ətrafını bağlasın. Mülk sahibi gəldikdən sonra, mən razılaşaramsa, sökülər, razılaşmaramsa, pulum varsa, təmir edərəm. Yoxdursa, qapısını bağlayıb çıxıb gedərəm. Bu, mənim şəxsi mülkümdür".

Sözügedən mülkün söküntüsündən 51 gün keçib. Azər Əsgərovun sözlərinə görə, orada yaşayan 3 qonşu yeni mülklə təmin olunub, partlayış törədilən zirzəminin sahibinə 177 min manat pul verilib. Onun özünə gəlincə, Nərimanov Rayon Icra Hakimiyyətindən bildirilib ki, araşdırma gedir, bitəndən sonra Azər Əsgərovun pulu ödəniləcək.

Qeyd edək ki, sözügedən hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində istintaq aparıldığı bildirilir. Azər Əsgərov deyir ki, istintaq aparılırsa, sökülən mülkün sahibinin pulu niyə verilmir? Mülkiyyətçi bir daha vurğulayıb ki, əmlakını AXCP-yə verdiyinə görə ondan qisas alırlar: “Mediaya məlumat verilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılacaq, mülk qiymətləndiriləcək. Mülk sökülüb darmadağın edildikdən sonra burada necə qiymətləndirmə aparılacaq? Bəzi media orqanları mənim haqqımda yazır ki, yalandan hay-həşir salır. Mənim əlimdə sübutlar var. Yaxınlarımdan birilə danışıb deyiblər ki, Azərin üzünə ”kislota" at, tanınmaz hala düşsün. Bunun da səs yazısı məndə var".

Azər Əsgərovun sözlərinə görə, ona qarşı təzyiq və təhdidlər təkcə özü ilə məhdudlaşmır, yaxınları da təhlükə altındadır: “Killer tutub ailəmdən kimisə də öldürmək istəyiblər. Killer sifariş verənlərə deyib ki, bu işə ailəni qarışdırmayın. Hüquq-mühafizə orqanlarının hamısına müraciət etmişəm. Heç kim bu işə baxmır. Hamı deyir ki, biz bu işə baxa bilmərik.

Mən də veteranam, Sədərəkdə döyüşmüşəm. Lakin Ağdamda yaranmış Qarabağ qazisindən fərqli olaraq, mən intihar etməyəcəm, qisas alacam. Mən sadə vətəndaşam və prezident mənim hüquqlarımı müdafiə etməlidir. Əgər bunu eləməsə, mən onu prezident saymayacağam".

Qeyd edək ki, Azər Əsgərovun Fövqəladə Hallar Nazirliyilə bağlı səsləndirdiyi ittihamlara bu qurumdan da cavab öyrənmək istədik. Nazirliyin ictimaiyyətlə əlaqədar şöbəsindən isə həmişə olduğu kimi, yenə də jurnalistlərin suallarını cavablandırmağa adam tapılmadı./azadlıq/
1476 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber