Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

Qarabağ döyüşlərinin iştirakçısı Səlim Mehdiyevdən rüşvət istəyiblər

4 ay erməni mühasirəsində qalan döyüşçüyə veteran statusu verilmir
1993-cü ilin 2 aprelində Kəlbəcər rayonunun işğalından sonra bu rayonun Başlıbel kəndində 4 ay mühasirədə qalan 60-a yaxın kənd sakininin müdafiəsində iştirak etmiş əsgər Səlim Yusifəli oğlu Mehdiyev hələ də müharibə veteranı statusu ala bilməyib. Bu barədə S.Mehdiyev “Yeni Müsavat”a müraciətində deyib edib.

Qeyd edək ki, 1974-cü ildə Laçın rayonunda doğulan Səlim Mehdiyev Kəlbəcərin işğalından sonra 113 gün mühasirədə qalanlardan biridir. Hazırda isə Bakı şəhərində yaşayır. S.Mehdiyev hələ 9-cu sinifdə oxuyarkən Şuşada könüllü batalyonda döyüşüb. 18 yaşında isə rəsmi olaraq ordu sıralarına götürülüb. “N” saylı hərbi hissədə sıravi əsgər olub. 1992-ci ilin əvvəlindən həmin hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli və Laçın rayonu ərazilərinin düşməndən qorunmasında iştirak edib. Döyüşlərdə yaralanıb. Həmin batalyon Laçın rayonu ərazisində döyüşən zaman Kəlbəcərə qarşı Ermənistanın genişmiqyaslı hərbi əməliyyatı başlayıb. Erməni silahlı birləşmələri Laçın istiqamətindən də Kəlbəcərə hücuma keçən zaman həmin batalyonun əsgərləri Kəlbəcərin müdafiəsinə istiqamətləniblər. Nəticədə batalyon xeyli itki verib, qalan əsgərlər isə kiçik qruplar şəklində səpələniblər. Səlim Mehdiyev və 8 əsgər yoldaşı aprelin 1-də Kəlbəcərin Başlıbel kəndinə gedib çıxıblar. Kənddə qalan 60-dan yuxarı dinc sakinlə görüşdükdən sonra qərara gəliblər ki, onlarla birlikdə hərəkət etsinlər. 113 gün həmin sakinlərin müdafiəsində iştirak ediblər.

S.Mehdiyev konkret hərbi hissənin əsgəri olaraq hərbi xidmət keçməsinə və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsinə, mülki əhalinin qorunmasında şücaət göstərməsinə baxmayaraq, hələ də Qarabağ müharibəsi veteranı statusu ala bilməyib. Özünün dediyinə görə, indiyə qədər dəfələrlə hərbi komissarlığa, Müdafiə Nazirliyinə, rayon icra hakimiyyətinə müraciətlər edib. Ancaq müraciətlərinə müsbət cavab verən olmayıb: “Təsəvvür edirsinizmi bəzi müraciət elədiyim instansiyalarda mənə veteran statusu verilməsi üçün pul umurdular. Mən rəsmi şəkildə hərbi qulluqçu olmuşam, əlimdə hansı hərbi hissədə, hansı dövrdə xidmət keçdiyimi təsdiqləyən hərbi biletim var. Qulluq etdiyim batalyon müharibənin ən qaynar nöqtələrində döyüşüb. Mən də həmin batalyonun əsgəri olaraq döyüşmüşəm, yaralanmışam. Kəlbəcər rayonun Başlıbel kəndində mülki əhali ilə birlikdə 4 ay mühasirədə yaşamışam. Erməni hərbçilərinin orada mülki əhaliyə hücumu zamanı 8 nəfər əsgər yoldaşımla birlikdə əhalini müdafiə etmişik. Şəxsən mən hücum edən erməni əsgərlərindən bir neçəsini cavab atəşi ilə öldürmüşəm. Həmin döyüşdə əsgər yoldaşlarımdan Vüqar Abdullayev şəhid olub. Həmin kəlbəcərlilər bu gün də mənim dediklərimi təsdiqləyə bilərlər. Bütün bunları ona görə qeyd edirəm ki, veteran statusu almağım üçün yüz faiz qanuni əsaslar var. Buna görə məndən pul istənilməsi adamın qəlbini qırır. Onu da deyim ki, veteran statusunu mən hansısa maddiyyət xətrinə istəmirəm. Sadəcə olaraq, mənəvi baxımdan haqqım olan bu statusu rəsmiləşdirmək istəyirəm”.

S.Mehdiyev problemin həlli üçün Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovla iki dəfə görüşdüyünü bildirdi: “İcra başçısı bu məsələnin həll edilməsinin onun səlahiyyətində olmadığını söylədi və məhkəməyə müraciət etməyimi tövsiyə elədi. Mən də Binəqədi Rayon Məhkəməsinə müraciət etdim. 6 aydan artıqdır məhkəmə işi baxmır. Mən də buna görə, Apelyasiya Məhkəməsinə müraciət etmişəm. Ümid edirəm ki, Apelyasiya Məhkəməsi mənə veteran statusunun verilməsinin qanuni olması barədə qərar verəcək. Qəzet vasitəsilə cənab ali baş komandan İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova müraciət edirəm ki, mənə veteran statusu verilməsində yardımçı olsunlar. Mən torpaqlarımızın azad olunması uğrunda savaş başlayanda yenidən döyüşə getməyə də hazıram. Bunu tam səmimiyyətimlə deyirəm”./musavat/
1300 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19