Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

"Sovetski" sakinləri deputatlarını axtarırlar

Ülvi Quliyev vəd verdiyi seçicilərin dar günündə yoxa çıxıb 
Qəsəbə sakini: «Halallıq almadan bu qədər insanın evini necə sökmək olar?!»

Mətbuatın gündəmi, gözlərin dikildiyi, sakinləri narazı "Sovetski"... Son 10 ildə Bakıda yenidənqurma məqsədilə çox evlər söküldü, çox məhəllələr tarixin yaddaşından silindi. Böyük neft pullarının Azərbaycana axınından sonra başladı bu yenidənqurma işləri, söküntülər... Elə həmin vaxtdan bu yana da ölkədə narazı insanların sayı artdı.  

İstər razı olsun, istərsə də narazı sakinlərə dövlətin müəyyən etdiyi kompensasiya verilərək evləri alındı. İstər Füzuli küçəsinin sakinləri olsun, istər Mirzağa Əliyev küçəsinin sakinləri, istərsə də Böyük Şor qəsəbəsində sökülən evlərin sahibləri. Bayraq Meydanı ərazsində plana düşən evlərin sakinlərini də xatırlayaq. Hamısı narazı oldular, hətta evlərindən polis gücünə çıxarılanlar da oldu. Ancaq Bakıda buna görə heç vaxt etiraz olmadı. İlk dəfə evlərinin kvadratmetrinə verilən pulla razı olmadıqları üçün "Sovetski" sakinləri çıxdı meydana. Atdıqları ilk addımları ilə yadda qaldı "Sovetski" sakinləri. Bu gün yenə şikayətçidir sovetskililər. Aldandıqlarını deyirlər. Onların əksəriyyəti parlament seçkilərində Ülvi Quliyevə səs veriblər, indi peşmandılar...

Deputatına görə özünü qarğayan sakin.. 


"Sovetski" sakini, Əziz Balayev 2010-cu ildə keçirilən parlament seçkisində hazırki deputat Ülvi Quliyevə səs verib. Verdiyi səsə görə bu gün peşmandır. Peşmançılığı özünü qarğımaq həddindədir: "Görüm seçki günü ayağım sınaydı, məni maşın vuraydı gedib məntəqəyə çıxa bilməyəydim. Amma bunlar olmadı və mən gedib Ülvi Quliyevə səs verdim. İndi də tapa bilmirik ki, dərdimizi deyək. Bizimlə maraqlanmır ki, ay camaat evinizi sökürlər bəlkə etirazınız var, bəlkə köməyimə ehtiyacınız var. Yox, onun dərdi kreslo idi, onu da bizim kimi avam camaatın hesabına əldə etdi. İndi də gözə görünmür, şikayətlərimizə baxmır. Qəbuluna düşə bilmirik. Seçkilərdə bir-iki dəfə göründü. Gəldi məhəllənin dəlmə-deşiklərini malaladı. O da yağış yağana qədər sürdü. Sonra su yuyub apardı".
Ə.Balayev bu gün evinin kvadratmetrinə verdikləri 1500 manatı oturub götür-qoy edib. Ancaq ümumi məbləğin yetəcəyi ev tapa bilməyib: "Bu söküntü söhbəti çıxandan küçələrdəyik. Nəinki o pula şəhər mərkəzindən, heç Masazırdan da normal ev tapa bilmirik. Tapdığımız da təmirsiz dörd divardır. Onu alan bir o qədər də maya qoyub təmir etdirməlidir. Həyətimizi hesaba qatmırlar. Ancaq biz buradan köçsək gedib alacağımız evin həyətinin pulunu verəcəyik axı. Ev sahibinə deməyəcəyik ki, hökumət bizə həyətimizin pulunu atıb, biz də sənə atırıb. Deyəcək "bilirsən nə var? Xoşun deyil, cəhənnəm ol. Nə çox alan..." İnsafsızlıq edirlər". 

"1500 manat az, 600 ondan da az və biyabırçı rəqəmdir"

Yusif Məmmədov isə deyir ki, oğlu öləndən nəvələrinə tək baxmaq məcburiyyətində qalıb. Ona görə də əvvəl gündəlik dolanışığını çıxardığı balaca dükanı böyüdüb. Evinin sahəsinin də bir qismini qataraq işlətdiyi marketə bu gün gəlib obyekt adı ilə kvadratmetrinə 600 manat qiymət qoyulub. Y. Məmmədov bununla razı deyil: "Bu market dolandırır ailəmi. Xırda-xuruş şeylər satıram. Evimin içidir. Yol pulu xərcləyib getmirəm ki. Əvvəllər çörək, siqaret satırdım. 3 il əvvəl oğlumu maşın vurub öldürdü. Üç balası qaldı mənim ümidimə. Onlara baxmaqdan ötrü işləri də böyütdüm. Əvvəl balaca dükan idi, indi evimin yarısını qatıb market etmişəm. Nəvələrimin ikisi universitetə hazırlaşır, biri ADPU-da oxuyur. Bütün bunların xərcini çatdırmaq lazımdır axı. İndi də gəliblər ki, bəs bura marketdir və kvadratmetrinə 600 manatdan veririk. Ay balam, bura mənim evimdir. İçinə girib market etmişəm. Necə olur ki, evlərin kvadratmetrinə 1500, mənə 600 təklif olunur?".
Əslinə qalsa, Y. Məmmədov heç kvadratmetrinə 1500 verilməsi ilə də razı deyil. Deyir 1500 manat özlüyündə çox pis rəqəmdi: "Azdır, ancaq 600 manat ondan da pisdir. Biabırçılıqdır. Adamın yiyəsi olmayanda başına oyun açarlar? Sökülmə söhbəti çıxandan əsəbdən yata bilmirəm gecələr. İndi mən də infarkt keçirib ölsəm, dövlət nəvələrimə baxacaqmı?".
Adil Əmiraslanov da verilən məbləğlə razı deyil. O, buna görə deputat Ülvi Quliyevə də müraciət etmək istəyib. Ancaq hər səfərində onu yerində tapmadığını deyir: "Dərdimizi başqa kimə deməliyik? Ağzında millət vəkili deyirsən. Yəni, bu insan millətin vəkilidir. Biz dərdimizi  ona deməliyik də başqa kim var ki? Biz seçmişik, indi də tələb edirik ki, problemimizi həll etsin. Yox, nə danışırsan üzə çıxır ki? Seçki ərəfəsində üzə çıxadı. 31 nömrəli məktəbin yanında bizimlə iclas etdi. Camaata söz, vəd verdi. Ay nə bilim belə edəcəyəm, elə edəcəyəm. Bir balaca asfalt saldırdı məhəllələrarası yollara. Onu da yağış yuyub apardı. Biz də inandıq, səsimizi ona verdik. İndi də qaçıb gizlənib". 

"Növbəti deputat seçkilərində də təəssüf ki "Sovetski" olmayacaq, biz olmayacağıq"

A. Əmiraslanov Ülvi Quliyevə səs verməsinin səbəbini onun imkanlı olması ilə əlaqələndirir: "Bu bölgədən çox yaxşı namizədlər var idi. Televizorda çıxışlarını da dinləmişdik. Biri var idi, savadlı oğlan idi. Xaricdə oxumuşdu, qəşəngcə də çıxış etdi. Düzü, ürəyim atdandı ki bəlkə arvad-uşaqla gedib səsimi ona verim. Sonra fikirləşdik ki, Ülvi yaxşı başlayıb. Bəlkə nə çıxsa ondan çıxar, gələcəkdə də əl tutar bizə. Yəni, daha açıq desək maraqlandıq, bizə aydın oldu ki, savadı olan lütün biridir, pulu yoxdur. Ancaq Ülvinin pulu yetərincədir, nəsə edə bilər. Beləcə səsimizi ona verdik. O da ki, elədi edəcəyini. İndi bilmirik ki, haradadır. Bir-iki ildən sonra yenidən deputat seçkiləri olacaq. Yenə Ülvi Quliyev peyda olacaq. Onda da təəssüf ki "Sovetski" olmayacaq, biz olmayacağıq. Yəni, səhvimizi düzəltmək imkanımız olmayacaq".

"İnsanların ahı, onların evi hesabına nə isə etmək olmaz"

"Sovetski"də kimi deyir ata-babasının yaşadığı yerdən ayrılmaq istəmir, kimi də şəraitsizlikdən sökülməsinin tərəfdarıdır. Təbii normal kompensasiya vermək şərtilə. Turab Əliyev də belə düşünür. Deyir hökumətlə hökumətlik edən deyil, gəlib ölçüb-biçib münasib qiymət versinlər, satıb getsin: "Hələ ki, bizim evi gəlib yoxlayan olmayıb. Düzünü deyim ki, az qala bir əsrlik evdir. Əmim tikib it ilində. Həmin dövrdə də sement, beton olmayıb axı. Palçıqla tikilib bütün evlər. Heç sementlə tikilən ev dözmür bu gün, qaldı belə evlər. Qırıq-qırıq tökülür evin içi. Yaman gündədir. Əslinə qalsa, mən sökülməsinin tərəfdarıyam. Ancaq insanların ahı, onların evi hesabına nə isə etmək olmaz. Halallıq hər şeydən öncədir. Azərbaycan müsəlman ölkəsidir. Bu addım isə müsəlman ölkəsinə yaraşmaz. Əvvəlcə bu camaatı razı salmaq lazımdır, sonra nə istəyirlər, söküb-tiksinlər. Bu qədər millətin halallığı olmadan olmaz". 

"Öz xoşbəxt həyatlarında bizim kimi səfilləri gömək istəmirlər"

T. Əliyev onu da deyir ki, nə verirlər versinlər, gedib kənar kəndlərin birindən də ev alıb, yaşaya bilər: "Qalanları özləri bilər. Amma bir məsələ var. Mən razılaşıram, çünki 83 yaşım var. Bəs, gənclər? Onlar cavandılar axı, həyatları hələ qarşıdadır. Yaxşı yerdə yaşamaq onların da haqqıdır. Barı onlara normal pul versinlər. Mənim evim kvadratım 60 kvadratmetrdir. Verikləri pulla mən tək canıma bir daxma alıb yaşayacağam. Amma burada elə evlər var ki, 3 ailə birlikdə yaşayır. Hərəsinə bir ev lazımdır axı. Nə qədər 3 ailə bir evdə yaşamalıdır? Elə pul versinlər ki, camaat razı qalsın".
Mürsəl Soltanov isə bütün bu söküntü işindən lazım olanı anladığını deyir: "Bizi burdan deportasiya etmək istəyirlər. Mən artıq anlamışam bu hökumətin dərdini. Mərkəzi özlərinə ayırırlar. Öz xoşbəxt həyatlarında bizim kimi səfilləri gömək istəmirlər".
"Sovetski" sakinlərinin şikayətlərini çatdırmaq üçün gün ərzində həmin ərazidən seçilən deputat Ülvi Quliyevlə əlaqə yaratmaq mümkün olmadı./bizimyol/
1483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP