Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

Xarabalıqda ölümə məhkum olunanlar - Foto

Bakıda karton qutularda məskunlaşmış köçkünlər...

Beton qırıntnıları arasında yüzlərlə körpənin, gəncin həyatı məhv olur: hökumət qurumlarından reaksiya yoxdur

Dörd bir yanı toz basmış, karton qutulara bənzəyən evlər, iri yük maşınlarının qulaqbatıran gurultusu, toz-torpaq, hörümçək toruna bənzər elektrik xəttləri... Bir sözlə tozanaqdan nəfəs almaq olmur. Bu toz-torpaqda oynayan uşaqlar isə sanki heçnə olmamış kimi, qışqırışır, qəhqəhə çəkib gülüşürlər də... Onların ev anlayışı bu balaca karton qutularından ibarətdir. Gözlərini açıb burada böyüyüblər. Oyuncaqları isə üzərində vurma cədvəli yazılan qapılar, hörümçək toruna bənzər elektrik xətləri, metal tullantılarıdır. Onların təsəvvüründəki oyuncaqlar yalnız bunlardır. Axı, başqasını görməyiblər də... Dəlmə-deşik divarlardan, çala-çuxurlu yoldan, tullantılardan, tərk edilmiş, sınıq-sökük binalardan ibarət olan bu yer ağır artileriya bombardımanından sonrakı xarabalığı xatırladır. Yalnız gözə beton dirəklər, zir-zibil və uçmuş sökülülərin qırıntıları dəyir.

Dərnəgül qəsəbəsində, "Elit" Ticarət Mərkəzinin arxasında yerləşən “3 saylı Evtikmə Kombinatı” adlandırılan yerdəyik. 200-ə yaxın ailə artıq 20 ildir ki, bu beton yığınağının içərisində tikdikləri karton evlərdə yaşayır. Onlar buranı “Armatur zavodu” adlandırırlar. Çünki, zavod Sovet dövründə beton istehsal edirdi. Zavod istehsalını dayandırdıqdan sonra qaçqınlar bu ərazidə məskunlaşıb. Ancaq, beton qalıqları hələ də qalır. Burada yaşayan insanlar karton evlərindən, havasızlıqdan, zavodun tozundan, qaz, işıq, su problemindən şikayətçidirlər. Uşaqların tez-tez xəstələnməsi isə onlar üçün ayrı bir dərddir. Elektrik xəttləri ilə dolu olan bu kombinat uşaqların həyatı üçün təhlükə yaradır. Sakinlər illərdir köçürülməyi gözləsələr də hələ də dəyişiklik yoxdur. Onlar artıq ümidlərini itirmiş halda çətinliklərə dözürlər.

"Bura gəldiyimiz gündən bizə deyirlər ki, "Kombinat söküləcək, sizə yeni ev verəcəklər". Belə deyə-deyə illəri yola vermişik. Neçə ildir sökülə-sökülə qalıb. Hələ də bitmir. Hər il biri gəlib deyir ki, kombinatı türklərə satmışıq. Bir həftə, 10 gün səbr edin, gedəcəksiniz. Nə qədər belə deyəcəklər axı?" - deyir Nigar Baxışova. O, 12 ilə yaxındır ki, ailəsi ilə birgə bu kombinatda yaşayır. Qaçqın olduqlarından gedəcək başqa yerləri yoxdur. Deyir ki, yaşadığı yerin normal bir şəraiti yoxdur. Qaz olmadığından hər dəfə uşağının paltarlarını soyuq suyla yuyur. Əlləri soyuq sudan çat-çat olub: “Nə qazımız var, nə də normal işığımız. Yay-qış soyuq suyla işləmək məcburiyyətindəyəm. Hər gün bir problem olur. Keçən dəfə bir ev yandı. Gəlib dedilər ki, şikayət etməyin, biz özümüz yoluna qoyacağıq. Prezidentə ərizə yazıb, dərdimizi demək istəyirik. Amma imkan vermirlər. Deyirlər ki, özümüz sizə kömək edəcəyik. Yanan evdə 4 uşaqlı ailə yaşayırdı. Onlara bir otaqlı ev tikib verdilər ki, "yaşayın burda, səsiniz gəlməsin".

Kombinatda yaşayan müəllim İbrahim Xəlilov uşaqların gələcəyindən narahatdır. İbrahim müəllim deyir ki, kombinatda 100-dən çox ailə yaşayır. Uşaqların sayı isə 200-ə yaxındır. Onların hamısının gələcəyi kombinatda məhv olur. Bəlkə onların arasından müəllim, həkim, iqtisadçı, pilot, mühənəndis çıxacaqdı. Amma neçə illərdir ki, burada çürüyüb gedirlər: “Dəhşətə gəlirəm. Ətrafda gəzsəniz özünüz görəcəksiniz ki, hər yer işıq kabelləri ilə doludur. Bütün xətlər yerin üstüylə gedir. Yüzlərlə uşaq onların arasında oynayır. Camaatın həyatı çürüyür burda. Özüm 15 ildir ki, zavodun içində yaşayıram. Maraq obyekti olmadığından buranı sökən də yoxdur. Çünki nə bir şirkət, nə firma bura yaxın durur. Sökülməsi üçün də ilk öncə içinin boşaldılması lazımdır. Kombinat sahibi buradan külli miqdarda pul götürür. Yalandan da deyir ki, “mən orda qaçqınları saxlayıram”. Bura korrupsiya mənbəyidir. İnsanların həyatı  məhv olub. Cavanlar ömürlərinin ən gözəl çağları burda basdırır. Yayda ağcaqanaddan, qışda soyuqdan bir təhər olurlar”.

İbrahim müəllim deyir ki, külək olanda lap dəhşətli olur. Tozdan gözlərini aça bilmirlər. Sakinlərin çoxu ağciyər, bronxit və başqa xəstəliklərdən əziyyət çəkir. O, kombinatla üzbəüz yola xərclənən pulla 10 ailənin yaşayışını təmin edəcək evlərin tikilə biləcəyini söyləyir: “Bir il əvvəl olardı ki, kombinatla üzbəüz yolu təmirə bağladılar. Ali savadlı insanam. Yola xərclənən pulla maraqlandım ki, görüm nə qədərdir. Hesablayanda dəhşətə gəldim. Təsəvvür edin, səkinin 200 metrliyinə xərclənən pulla 10 qaçqın ailəsinə ev tikib vermək olardı. Ancaq, heç bir il keçmədi ki, o yolu sökdülər. Nə var, nə var bəyənməyiblər. İndi yenidən başlayacaqlar təmirə. Nə üçün lazmdır bunlar? Təbii ki, yeyinti üçün. Görün millətin, dövlətin pulu hara gedir. İndi təzədən kombinatı sökəsələr, yolu bir də dağıdacaqlar”

Sakinlər “beton yığını” yaşayacaq hala gətirmək üçün özlərincə balaca mağazalar, gözəllik salonu açıb, torpaq olan yerlərə rəngli güllər əkiblər. Evinin girişini mağaza edənlərdən biri də Təranə Həmidovadır. O, 20 ildir ki, oğlu, qızı, yoldaşı və 80 yaşlı anasıyla birgə bu kombinatda yaşayır. Deyir ki, Ermənistandan Aəzrbaycana gələrkən düşünüb ki, həyatı dəyişəcək, normal yaşayışı olacaq. Ancaq, bu 20 ildə yaşadığı həyat dəmirlər, betonlar arasında keçib: “Gündəlik çörək pulumuzu çıxarmaq üçün mağazaya bənzər bu balaca yeri işlədirəm. Göy-göyərti əkib-satırıq. Günə 10-15 manat ola ya olmaya... Anamın 80 yaşı var. Nə qaz var, nə də normal işıq. Bir də görürsən həftələrlə qaranlıqda qalırıq. Qışda qızınmaq ayrı bir problem olur. İşıq olsa birtəhər peçlə günləri yola veririk. İşıq olmayanda da qalırıq belə. Hələ indi təkcə zavod işləyir nəfəs ala bilmirik. Yayda lap betər olur. Ağcaqanadlar, kanalizasiya problemi, tüstü, havasızlıq öldürür bizi. Boğuluruq, nəfəs ala bilmirik".

Fəridə Həsənova və Olqa Barışova da Azərbaycana gəldikləri ilk gündən bu kombinatda yerləşiblər, qapı qonşusudurlar. İmkanları yetdikcə bir-birinə kömək edir, dayaq olurlar.  Fəridə Həsənova iki oğlu və gəliniylə bir yaşayır. Deyir ki, 20 il öncə Şuşadan gəliblər. Yaşayış şəraitləri çox pisdir. Toz-torpaq içərisində güclə nəfəs alırlar. Külək olan kimi çölün bütün zir-zibili evlərinə dolur. "20 ildə bircə nəfər maraqlanmayıb ki, bu kombinatda yaşayanlar necə yaşayır. Hər il gəlib deyirlər ki, "Sizə ev verəcəyik". Ancaq, hələ də heç nə yoxdur. Kombinatın həyətində 200-ə yaxın ailə var. Sayları da artmaqa davam edir. Gələndə balaca olan uşaqların hamısı indi böyüyüb, ailə qurub. Ancaq neynəyəsən ki, gedəcək yerləri, evləri yoxdu. Ona görə də burda yaşayırlar. Elə biri mənim oğlum. Təzə ailə qurub. Hara apara bilərdim gəlini? Məcbur olub gətirmişəm yanıma. Ev versələr inanın ayaqyalın, qaça-qaça gedərdim. Hamıya deyirəm ki, yığılaq şikayət ərizəsi yazaq. Ancaq, heç kim qorxusundan yaxın durmur. Bəzilərinin şəraiti nisbətən yaxşıdı deyə narazı deyillər. Amma bizim kimilər necə yaşayır bir Allah bilir. Yayda şeytanlar evə girir. Yatanda da qorxa-qorxa yatırıq. Hər il mayda deyirlər ki, köçürürük sizi. Sözün düzü, artıq nəyəsə ümid etmirəm".
Olqa Barışovanın yoldaşı Fizulidən olub. 20 il öncə Bakıya gəliblər.  Ancaq, indi yoldaşı vəfat edib. O, bir oğlu və azyaşlı qızıyla tək yaşayır. Qardaşı Sergey Barışov şəhid olub, Şəhidlər Xiyabanında dəfn olunub. Dəfələrlərlə KİV-də onun haqqında məlumatlar getsə də, bir nəticəsi olmayıb. Həmin dözülməz şəraitdə yaşamağa davam edir. O.Barışova deyir ki, qonşuları, rəfiqələri əllərindən gələn köməyi əsirgəmir. Ancaq, yenə də vəziyyəti yaxşı deyil. Oğlu zavodda işləyir. Onun qazandığı az məvaciblə birtəhər dolanırlar: "Bir neçə il əvvəl Mehriban Əliyeva biraz köməklik göstərmişdi. İndi isə bir köməyim yoxdur. Qızım balaca olduğundan özüm işləyə bilmirəm. Sosial yardım ala bilmirəm, dəfələrlə müraciət etsəm də, baxan olmayıb. Ev də gördüyünüz kimi hər an uça bilər. Uşaqların xəstələnməyi adiləşib, öyrəşmişik. Dua eləyirik ki, heç nə olmasın. Hər günümüzü köçmək ümidi ilə başa vururuq...".

/bizimyol/

1613 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı