Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2014

Əli qandallı jurnalistlər

25 ildən çox qələmi ilə sözə xidmət edən veteran jurnalist Rauf Mirqədirovun məhkəməyə maskalı simalar tərəfindən, əli qandallı vəziyyətdə gətirilməsi mətbuata vurulan göz dağı idi. Bir qədər əvvəl digər “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Pəşimli də məhkəməyə əli qandallı gətirilmişdi.

Jurnalist əlləri qələm tutmağa öyrəşib. Jurnalistlərin əlində silah olmayıb. Onlar quldurluq da etməyiblər. Xüsusi amansızlıqla cinayət də törətməyiblər. Onların əlinə qandal vurub, qara maskalı idmançıların vahiməli hərəkətləri ilə məhkəmələrə gətirilməsinin yalnız bir adı ola bilər - cəmiyyəti qorxutmaq. Jurnalistə qarşı sanki bir terrorçu kimi davranırlar.
Bütün bunlar demokratik cəmiyyətə, tənqidçi mediaya münasibətin bariz nümunəsidir.
Son illər ərzində mətbuatın imkanları onsuz da daraldılıb. Reklam bazarı tənqidçi medianın üzünə bağlıdır. Jurnalistlərin sıxışdırılması, hədələnməsi, şərlənərək həbs olunması son illər adi bir hala çevrilib. Lakin bütün bunlar gözlənilən nəticəni verməyib. Jurnalistləri və cəmiyyəti tam diz çökdürmək mümkün olmayıb. İndi baş verənləri daha vahiməli bir fona bürümək üçün jurnalistlərin əlinə qandal vurur, onların qara maskalıların əhatəsində fotolarını yayır və tənqidçi mediaya artıq barmaq deyil, yumruq silkələyirlər.
Azərbaycan hakimiyyəti mətbuatı heç zaman sevməyib. Korrupsiya süfrəsində əyləşən məmurlar sadəcə olaraq, jurnalistlərin araşdırmalarını bir milçək vızıltısına bənzədiblər və vaxtaşırı “vızıldama” əmrini də veriblər. Lakin son 10 ildə mətbuata münasibət daha da ağırlaşıb.

Hər şey onunla başladı ki, 2005-ci il martın 2-də tənqidçi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov evinin qarşısında odlu silahla öldürüldü. Bu günə qədər qətlin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib.

2006-cı ildə “Bizim yol” qəzetinin təsisçisi və baş redaktoru Bahəddin Həziyev gecəyarı naməlum şəxslər tərəfindən oğurlanaraq döyüldü, bir neçə saat sonra Masazırda “Duzlu göl”ün kənarında huşsuz halda tapıldı. Jurnalistin üzərindən avtomobil sürüldü. Hadisə ilə bağlı qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə cinayət işi açılsa da, jurnalisti döyənlərin kimliyi hələ də müəyyən edilməyib. B. Həziyev hələ də sağlamlığını bərpa edə bilməyib.

“Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynli 2006-cı ilin mart ayının 6-da axşam saatlarında paytaxtın mərkəzi küçələrində kimliyi bilinməyən şəxslər tərəfindən döyüldü, boğazı kəsildi, barmağı sındırıldı. Faktla bağlı cinayət işi qaldırılsa da, cinayətin üstü hələ də açılmayıb.

“Gündəlik Azərbaycan” qəzetinin şöbə redaktoru, hərbi ekspert Üzeyir Cəfərov 2007-ci il aprelin 20-də kimliyi bəlli olmayan iki şəxs tərəfindən döyüldü, ona metal əşya ilə ağır zərbələr vuruldu. Yasamal Rayon Prokurorluğu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 132-ci maddəsilə (döyülmə) cinayət işi açsa da, hələ də kimsə tapılıb məsuliyyətə cəlb edilməyib.
2012-ci ildə “Ayna-Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov Sulutəpə qəsəbəsində, evinin yaxınlığında Dövlət Neft Şirkəti işçilərinin qanunsuz tikililəri sökməsini videoya çəkərkən kamerası əlindən alınıb, özünə isə ağır bədən xəsarətləri yetirildi. Bu işin də üstü basdırıldı.

Son on ildə jurnalistlər həbsdən də kənar qalmayıblar.

“Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu 2003-ci həbs olundu təxminən 2 il qanunsuz olaraq həbsdə yatdı.

“Realnıy Azerbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə uydurma cinayətlə həbs olundu və təxminən 5 il zindanda yatdı.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid 2007-ci ildə şərlənərək həbs olundu və 3 il həbsxana həyatı yaşadı. Bu qəzetin digər əməkdaşı Mirzə Sakit 2006-cı ildə şərlənərək həbs olundu və təxminən 4 il məhbus həyatı yaşadı.

2013 -ci ildə həbs olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 9 il həbsdə yatmalı olacaq.

Bütün bu sadalananlar jurnalistlərə olan təzyiqlərin cüzi bir hissəsidir. “Qara siyahı”nı uzatmaq da olardı. Lakin bütün baş verənləri yalnız bir sözlə ifadə etmək olar - Azərbaycan jurnalistləri həmişə əli qandallı olublar...

Azər RƏŞİDOĞLU/musavat/
2648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber